Arxeoloqlar Səudiyyə Ərəbistanının Nefud səhrasının cənub sərhədi yaxınlığındakı qayada təəccüblü dəvə təsvirləri aşkar ediblər. Təsvirlərdə minlərlə il əvvəl bölgədə yaşamış nəsli kəsilmiş vəhşi dəvə növü göstərilir. Digər tərəfdən, bu qaya üzərindəki köhnə oymaların üzərində yeni oymalar aparıldığı üçün dəvə təsvirlərinin hansı mədəniyyətdə və nə zaman yarandığını öyrənmək kifayət qədər çətindir.
Hafta.az-ın yazdığına görə, Almaniyanın Maks Plank Geoantropologiya İnstitutundan tədqiqatçı Mariya Quaqnin bildirib ki, bu qayanı qum təpələrində tapmaq olduqca çətindir. “Archaeological Research in Asia” jurnalında dərc olunan məqalənin baş müəllifi olan Quaqnin, “Yer səthindəki çıxıntılarda müxtəlif dövrlərə aid qayaüstü sənət nümunələri var” deyib.
Tədqiqatçılar tərəfindən müəyyən edilmiş üç qayalıqda 21 oyma var ki, onların hər birinin tamamlanmasının təxminən 10-15 gün çəkdiyi güman edilir. Bunların arasında at və eşşək fiqurları da var.
Tədqiqata görə, yaxınlıqdakı xarabalıqların radiokarbonla müəyyən edilməsi göstərir ki, bu ərazi Pleystosen (11min) və Orta Holosen (5 min – 7 min il əvvəl) arasında dəfələrlə məskunlaşanlara ev sahibliyi edib.
Heyvanların kürkünü və cinsini əks etdirən natüralistik oyma üslubu onların nə vaxt hazırlandığına dair də ipucu verir. “Gözəl oyma dəvələrin ən diqqət çəkən cəhəti onların əksəriyyətinin erkək olmasıdır” deyib Quaqnin.
Tədqiqatçılar bu məlumatlara əsaslanaraq oymaların cütləşmə mövsümündə edildiyini düşünürlər. Mütəxəssislərin fikrincə, dəvələrin cütləşmə dövrü noyabr-mart ayları arasındadır.
Bu bölgədə oymaların tapılması arxeoloqları xüsusilə təəccübləndirir. Araşdırma qrupu, sözügedən bölgənin əhəmiyyətini anlamaq üçün daha çox araşdırma tələb olunacağını bildirir.
"Məlum su mənbəyi yoxdur, ona görə də insanları bura başqa bir şey gətirmiş ola bilər" deyir Quaqnin. "Ola bilsin ki, bu, başqa yerə gedən yolda dayanma nöqtəsi idi. Bu, vacib bir yer idi, amma bunun səbəbini hələ dəqiq bilmirik", - o əlavə edib.
Yenə də tədqiqatçıların yerlə bağlı bəzi proqnozları var. Quaqnin bu oymaların bir növ görüş nöqtəsi ola biləcəyini düşünür. "Onlar qayaların altında od yandırır, ziyafət verirdilər, yoxsa sadəcə baxırdılar" aualını verən alim sözünə davam edib: "Qaya təsvirinin funksiyası təkcə simvolizm və inanc deyil. Bu, həm də ərazinin işarələnməsi üsuludur. Bu, "Biz burada görüşəcəyik" deməkdir".
Arxeoloqlar qrupunu heyrətləndirən oymaların başqa bir cəhəti onların qeyri-adi ölçüləri idi. Komanda hesab edir ki, bu təsvirlər dünyanın bu günə qədər gəlib çatmış ən qədim irimiqyaslı relyefləri ola bilər. "Oymalar çox valehedicidir və onları kifayət qədər aşınmış vəziyyətdədir. Həyat ölçülü dəvələr və atlar bir-birinin üstünə iki və ya üç qat düzülüb. Neolit dövründə bura tamamilə füsunkar yer olmalı idi” alim bildirib.