“Ölkə başçısı tərəfindən növbədənkənar Prezident seçkilərinin nəyə görə keçirilməsinə izahat verildi. Bildirildi ki, bu, əsasən Azərbaycanın yeni dövrə keçidi ilə bağlıdır”.
Bunu hafta.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsinə münasibət bildirərkən söyləyib.
“Milli ideyanın növbəti bir mərhələsi, yəni Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası mərhələsi başa çatıb. İndi yeni bir dövr başlayır. Və həmin dövrdə də hər şeyi yenidən başlamaq lazımdır. Bu baxımdan növbədənkənar Prezident seçkiləri, fikrimcə, məhz yeni dövrün başlanğıcı olacaq”, - deyə davamında siyasətçi bildirib.
“Prezident seçkilərinin keçirilməsi həm də ona görə zəruri idi ki, bu seçkilər qarşıda keçiriləcək növbəti seçkilərlə üst-üstə düşə bilərdi. Eyni zamanda, zənnimcə, Konstitusiyada müvafiq düzəliş və dəyişikliklər də olmalıdır. Və bundan ötrü də gərək öncə Prezident seçkiləri keçirilsin. Daha sonra da Konstitusiyaya düzəliş və dəyişikliklər məsələsi həllini tapsın. Ardınca isə parlament və bələdiyyə seçkiləri keçirilsin. Əsas məsələ bundan sonra bir dövlət olaraq qarşımızdakı hədəfləri müəyyənləşdirməkdir...
Və onu deyim ki, 1988-ci ildən bu günədək keçdiyimiz yolda ən birinci mərhələ Azərbaycanın dövlət müstəqilliyini əldə etmək idi. İkinci mərhələ Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini bərpa olunması oldu. Üçüncü mərhələ isə, fikrimcə, böyük, güclü və demokratik Azərbaycan dövlətinin bərqərar edilməsi olmalıdır”, - deyə istiqlalçı deputat yekunlaşdırıb.