O yüksəkliklərdən bizi heç kim çıxara bilməz... - Şair Ramaldanov

11:38 22.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı və 44 gün ərzində əldə olunan Zəfərdən 2 il ötür. Bu gün də Ermənistan və onun sərhəddə hərbi qulluqçu adını daşıyan quldurları təxribatlar törədir, yenə də Azərbaycanı hərbi əməliyyatlara cavab verməyə məcbur edir, başının əzilməsini istəyir. Hərbi ekspert Şair Ramaldanov “Həftə içi”nə müsahibədə mövcud reallığa diqqət çəkib.

- Sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatından 2 il ötür.  Mövcud vəziyyəti necə təhlil edərdiniz?

- İki il əvvəl, sentyabrın 27-də Azərbaycan Ordusu keçirdiyi əks-hücum əməliyyatını hücum əməliyyatına çevirərək, Ermənistanın ərazilərimizdə postlar quran işğalçı qüvvələrini darmadağın edərək ərazi  bütövlüyünü bərpa etməyə nail oldu. Heç şübhəsiz, qalibiyyətlə başa çatan bu əməliyyat başda müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, ordu-xalq birliyi ilə baş tutdu.

Biz torpaqlarımızı erməni vandallarının işğalından azad etməyə nail olduq. Erməniləri torpağımızdan qovsaq da, düşmənlərin işğal dövründə o torpaqlara basdırdığı minalar hələ də Azərbaycan xalqı, həmin ərazilərdə yaşayan mülki əhali üçün təhlükə olaraq qalır. Biz hələ də ermənilərin Qarabağda hərbi və mülki insanlarımıza zərər yetirməsi faktları ilə üzləşirik və mövcud vəziyyətə baxanda təəssüflə qeyd etməliyəm ki, hələ bu proses davam edəcək.  Erməni hərbi cinayətkarlarının torpaqlarımızda basdırdığı mina sahələri çox genişdir. Uzun müddət işğal altında qalan o yerlərdə həm I Qarabağ savaşı, həm II Qarabağ savaşı zamanı minalar basdırılıb. Ona görə də bizə əziz olsa da, o yerlərə can atsaq da,  azad olunmuş torpaqların hər qarışı bu gün də təhlükəlidir və diqqətli olmalıyıq. İşğaldan sonra Qarabağda aparılan bütün bərpa işləri müvafiq qurumlarla razılaşdırılmalı və onların təlimatı tam şəkildə yerinə yetirilməlidir.

Bu gün dünyanın ikili standartlarının şahidiyik. Bizim 30 illik işğal dövründə beynəlxalq təşkilatların, regionda maraqları olan dövlətlərdən gördüyümüz münasibət bu gün torpaqlar azad ediləndən sonra da davam edir. Beynəlxalq aləm, təşkilatlar, insan azadlıqlarından danışan dövlətlər Azərbaycan ərazilərinə basdırılan mina sahələrinin xəritələrini almaqda “acizlik çəkir”. Ermənilərin döyüş getməyən ərazilərdə daşı-daş üstündə qoymaması, tarixi abidələrimizi yerlə-yeksan etmələri, qəbiristanlıqların dağıdılıb üstündə kənd təsərrüfatı üçün istifadə etmələri, kənd salınması və digər əməllərin hamısı misli görünməyən vandal aktlarıdır. Müharibədən, atəşkəsdən 2 il keçməyinə baxmayaraq, dünya buna susur.  Hələ bu günə qədər biz Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət faktı üzrə beynəlxalq məhkəmələrdə, ya da başqa kürsülərdə etdiyi, törətdiyi əməllərə görə məsuliyyətə cəlb edildiyini, ondan etdiklərinin cavabının soruşulduğunu müşahidə etmədik. YUNESKO, digər insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar,  mina  qadağasını təsbit edən konvensiyalar Ermənistanı qınamır.  Ona görə də Ermənistan 2 ildir sülh danışıqlarından yayınır və regionda gərginliyi yaratmaq üçün əlindən gələni edir. Müşahidə etdiyimiz bu mənzərə, ikili standartlar bugünkü dünyanın vəziyyətini bizə açıq şəkildə əks etdirir. Fakt faktdır. Azərbaycan Ordusu 30 il işğalda qalan torpaqlarını öz gücü, Dəmir Yumruğu, öz birliyi, öz müdrikliyi, qəhrəmanlığı ilə azad edə bildi. 200 ildən sonra özünün qızıl tarixini yazdı. Heç kəs hansı oyunlar qurmasından asılı olmayaraq, Azərbaycanın Dəmir Yumruğunu sındıra bilməz, buna cəhd belə etməsinlər...

- Vətən uğrunda müharibənin geridə qalan iki ilinə baxış etsək, bu müddət ərzində üçtərəfli sazişin yerinə yetirilməsi müstəvisində vəziyyəti necə təhlil etmək olar? İki il əvvəl atəşkəsdən dərhal sonra regiona daxil olan Rusiya sülhməramlıların fəaliyyəti özünü nədə göstərir?

- 44 günlük müharibənin dayandırılması Rusiya tərəfindən təşəbbüslə irəli sürülən üçtərəfli  saziş əsasında baş tutdu. Qeyd etmək lazımdır ki, bu sazişdə olan bütün bəndlər Azərbaycanın maraqlarından irəli gələrək müəyyənləşdirilmişdir. Bu sazişdəki bəndlər prinsip etibarilə həm münaqişəni, həm də münaqişədən sonrakı bütün məsələləri tənzimləməli idi.  Biz bunu görmürük. Biz Rusiyanın bir vasitəçi, tərəflərin barışdırıcı qarantı olaraq Ermənistanın üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməsi üçün yetərli təzyiq göstərdiyini görmürük. Digər tərəfdən, Rusiya sülhməramlıları sazişə əsasən hazırda müvəqqəti yerləşdiyi ərazilərə daxil olan kimi erməni silahlı birləşmələrini tərksilah etməli idisə, biz bunu da görmədik. Bu faktın özü regionda bütün sülhyaratma prosesinə mənfi təsir göstərən əsas faktordur. Rusiyanın sülhməramlı qüvvələri də öz missiyalarını düzgün icra etmədiklərinə görə etibarını itirib. Sülhməramlılar regiona gələndən sonra da erməni silahlıları atəşkəsi ara-sıra pozurdu, digər tərəfdən, biz sülhməramlıların müəyyən bir şəkildə ermənilərin təsiri altına düşərək, daha çox ermənilərin maraqlarına uyğun hərəkət etdiyini müşahidə etdik. Rusiya sülhməramlılarının humanitar ad altında ermənilərə hansı yardımlar etdyini də gördük. Bununla yanaşı, Azərbaycanın Rusiya sülhməramlılarının qarşısında qoyduğu qətiyyətli tələblərə əsasən sülhməramlılar müvəqqəti yerləşdikləri ərazilərdə qanunsuz silah daşımalarına edilən cəhdlərin qarşısını alır və ermənilərin daha geniş təxribatlar keçirməsinə imkan vermir. Azərbaycan tərəfi bu prosesdə sülhməramlılarla sıx təmasda olmaqla prosesi nəzarətdə saxlamağa çalışır.

- Sərhəddə Ermənistanın törətdiyi son gərginlik, Azərbaycan üçün hansı itkilər və hansı üstünlüklərin əldə olunması ilə müşahidə olundu?

- Ermənistan tərəfi mütəmadi olaraq istər daxildə, istərsə də sərhəddə atəşkəsi pozub. Ermənistan Laçın ərazisini boşaldan ərəfədə bizim bir əsgərin erməni təxribatı nəticəsində öldürülməsi  nəticəsində Azərbaycan Ordusu "Qisas" əməliyyatı keçirərək, ərazidə olan terrorçulara ciddi zərbə endirdi. Düşmən həm hərbi texnika, həm canlı qüvvələrini itirdi. Azərbaycan strateji yüksəklikləri nəzarətə götürməklə mövqelərini daha əlverişli müstəviyə çıxartdı. “Qisas” əməliyyatından sonra Azərbaycan Prezidenti tərəfindən həm sülhməramlı qüvvələrə çox ciddi şəkildə irad bilirildi, həm də Ermənistana bir daha xəbərdarlıq edildi. Bundan sonra ərazidə olan ermənilər müəyyən dərəcə ehtiyat etməyə başladılar və üstəlik Ermənistan rəhbərliyi də “sülhün gündəlikdə” olması ilə bağlı bəyanatlar verdi. Lakin sonrakı danışıqlardan sonra atəşkəsin istiqaməti məhz sərhəd boyu ərazilərə  keçirilən təxribatlarla dəyişdirildi. Son 31 avqust Brüssel danışıqlarından sonra, artıq Ermənistanın sülh müqaviləsini bağlaması üçün faktiki addımlar atmalı olduğu halda ermənilər sərhəddə daha geniş miqyaslı hərbi təxribata əl ataraq vəziyyəti gərginləşdirdilər, bu dəfə ermənilər Azərbaycan sərhədini aşdılar. Azərbaycan Ordusu həmişə olduğu kimi, əməliyyat şəraitinə ciddi nəzarət edərək Laçından tutmuş Zəngilan, Kəlbəcər, Daşkəsən istiqamətində sərhəd ərazilərində düşmənin bütün atəş mövqelərini susdurmağa nail oldular. Nəticədə, düşmən şəxsi heyətində, hərbi texnikasında çoxsaylı itkilər verərək geri çəkildi. Hələ də dağlıq ərazilərdə erməni meyitləri tapılaraq Ermənistana təhvil verilir. Yaralıların sayı hər bir nəfər ölüyə 5 nəfər hesablanır... Əlbəttə, Ermənistan sülh danışıqlarına hazırlığın getdiyi bir vaxtda Azərbaycan sərhədlərini aşaraq bizi növbəti müharibəyə sövq edərkən özünün layiqli cavabını aldı...

Biz bu əməliyyat nəticəsində çox şeyə nail olduq. Azərbaycan Ordusu düşmənə bir daha Dəmir Yumruğunu göstərdi. Ordumuz yenə də 3000 metr hündürlükdə qəti adekvat addım ata biləcəyini nümayiş etdirdi. Cənab Prezidentin də dediyi kimi, Azərbaycanın Dəmir Yumruğu yenə də torpaqlarımıza göz dikən düşmənin başını əzdi.  Bu “Qətiyyətli cavab” əməliyyatında düşmən çoxsaylı texnika, hərbi infrastrukturun dağılması ilə müşahidə olunan itkilər verdi. Ermənilərin özlərinin verdiyi məlumat əsasında 1 milyarddan yuxarı zərərə məruz qalıb.

Bu əməliyyatda əzizlərimizi itirdik, qəhrəman əsgərlərimizi itirdik. Onlar öz canları bahasına Şəhidlik zirvəsinə ucalaraq xalqımızı, ordumuzu ucaltdılar. Şəhidlər bir daha "Torpaq uğrunda ölən varsa vətəndir" şüarını bir daha öz əməli ilə təsdiqlədi.

Bundan sonra ermənilərə qarşı onsuz da qalmayan etibarımızı tam olaraq itirdik.

Digər tərəfdən, Azərbaycan bu gün böyük bir əraziyə - Göyçə gölünün cənub hissəsinə tam nəzarət edir,  eləcə də həmin gölün cənubundan logistik istiqamətdə gələn yollara tam şəkildə nəzarət edir.

- Sərhəddə nəzarətə götürülən yüksəkliklərin əhəmiyyəti nədir? ABŞ-ın bu əməliyyatlara qarşı təpkisi,  bizim o yüksəkliklərdən çıxma ehtimalını yaradırmı?  

- Vətən müharibəsindən sonra Cənubi Qafqazda müəyyən maraqların üst-üstə -düşməsini, sabitliyi pozmaq istəyən qrupların münasibətini görürük. Hələ Minsk qrupunun üzvləri  ABŞ, Fransanın 30 il ərzində sərgilədiyi mövqe və bu günlər sərgilədiyi münasibətlə onların bu ərazidə vəziyyətin gərginləşməsi, münaqişənin alovlanması niyyətində olduğunu gördük. Azərbaycan torpaqlarını işğalda saxlayan, azərbaycanlılara qarşı soyqırımlar törədən, milli-mənəvi, tarixi abidələrimizi məhv edən erməniləri heç bir məsələdə qınamayan ABŞ və Fransa imkan düşən kimi Azərbaycanı əsassız, yersiz şəkildə ittiham edirlər. Bu gün sərhəddə baş verən erməni təxribatlarının səbəbləri də görünməkdədir. Təsadüfi deyil ki, bu təxribatlar baş verdi. Azərbaycan təxribatların qarşısını alandan sonra, ABŞ-dan nümayəndə gəlib Ermənistanın radikal dövlət nümayəndələri ilə görüşdü və ölkəmizə qarşı bəyanatlar verdi.  Əlbəttə, Azərbaycanın mövqeyi qətidir və biz heç bir kəsə daxili işlərimizə müdaxilə edib, bizi əsarətdə saxlamasına, kimlərəsə yem etməsinə imkan vermərik. Ona görə də nəzarət etdiyimiz o yüksəkliklərdən çıxmağa bizi heç kim məcbur edə bilməz. Nəzarətə aldığımız bu ərazilər delimitasiya demarkasiya prosesinə uyğun olaraq, Azərbaycanın müəyyən bir əraziləri kimi nəzərə alınmalıdır. Əgər sonrakı prosesdə hər hansı bir addım atılarsa, bu, Azərbaycan maraqlarının nəzərə alınması ilə olacaq.

- Pelosi ABŞ-ın Ermənistana hərbi dəstəyindən danışıb. Amerikanın Ermənistanı silahlandırmaq istəyi, üçtərəfli sazişə nə dərəcədə təsir edə bilər və nə dərəcədə realdır?

- Nensinin Ermənistana gəlişi, Azərbaycana qarşı təzyiqi yersizdir. Bu, bir daha ABŞ-ın bu proseslərdə hansı mövqedə olduğunu göstərir. ABŞ-dan gələn spiker Ermənistanı dəstəkləyəcəklərini, silahlandırmaq istəklərini gizlətməyib. ABŞ-ın maraqları Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına dəstək yox, Ermənistanı müharibəyə təhrik etməkdir. Əlbəttə, yaşlı xanımın üçtərəfli bəyannaməyə zidd olaraq dediyi ifadələr diqqəti cəlb etməyə bilməz. Bu gün Azərbaycan o Azərbaycan deyil. Dünya da o dünya deyil. Yanımızda Türkiyənin olması və əsasən,  Azərbaycanla Türkiyənin regionda sülhə köklənməsi  sabitliyə, inkişafa doğru tutduğumuz yol öz nəticələrini verəcək, Nensi Pelosinin niyyətləri ürəyində qalacaqdır.

- Ermənistan sərhəddə törətdiyi təxribatdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib, kömək istəyib. Bu təşkilat prosesə hansı halda müdaxilə edə bilər?

- Ermənistanın bu son əməliyyatdan sonra müraciət etmədiyi yer qalmayıb. Əlbəttə ki, KTMT regionda prosesə hər hansı bir müdaxilə etmək niyyətində olmayacaq. Bu təşkilatın nümayəndələri təxribatdan sonra ərazidə monitorinq keçiriblər.  KTMT-nin üzvləri bu müraciətlə bağlı, artıq öz fikirlərini də bildiriblər və bu da Azərbaycanın maraqlarına zidd deyil. Düşünürəm, Ermənistanın KTMT-yə üzv olması, bu təşkilatda narazılıq salması parçalanmaya gətirə biləcək fəaliyyətə hesablanıb. Ermənistan özünü “bizim komandada yad nümayəndə kimi” aparır. KTMT-nin nümayəndəsi sifarişləri xaricdən alaraq ölkələr arasında narazılıq törətmək və bu təşkilatı dağıtmağa yönəlmiş addımlar atır. Tezliklə bunun şahidi olacağıq. Ermənistanın KTMT-dən çıxması ilə bəyanat verməsi istisna deyil. KTMT-nin dövlət rəhbərlərinin Azərbaycan dövlət rəhbəri ilə yüksək əlaqələri var. Azərbaycan dövlət rəhbərinin KTMT-də nüfuzu daha çoxdur, nəinki Ermənistanın. Ona görə də KTMT-nin Azərbaycan əleyhinə hansısa addım atacağını düşünməyə əsas yoxdur.

- Azərbaycan Ordusunun komondo birliklərinin formalaşdırılması prosesi necə gedir?

- Müharibə təcrübəsindən irəli gələn, müəyyən təhlillər və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə modelinə uyğun ordunun formalaşdırılması, Azərbaycan Ordusunun inkişafı istiqamətdə çoxsaylı işlər aparıldı. Orduda ştat quruluşunda,  yeni hərbi hissələrin yaradılmasında ciddi irəliləyişlər oldu. Onlardan biri də komondo birliklərinin yaranması idi. Komondo birlikləri bu cür əməliyyatlarda zəruri olduqlarını göstərdilər.  Komondo birlikləri müəyyən döyüş tapşırıqlarını yerinə yetirməyə cəlb edilərək bir daha döyüş qabiliyyətini sınaqdan keçirdi. Komonda birlikləri bu əməliyyatlarda yüksək qiymətə layiq görüldülər.

Oxunma sayı 2302