Bu gün Hindistanın ölkəmizdəki səfirliyində, Hindistanın müstəqilliyinin 75-ci ildönümünü qeyd etmək üçün keçirilən bayram tədbirləri çərçivəsində “Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) Günü-2021”lə bağlı tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, millət vəkili Soltan Məmmədov, Ekologiya Nazirliyi, Xarici İşlər və digər nazirliklərinin yüksək vəzifəli əməkdaşları, İTEC məzunları, Azərbaycandakı Hindistan icmaları rəhbərləri və jurnalistlərin qatıldığı tədbirdə öncə İTEC proqramına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna proqramın mahiyyəti, məqsəd və maramları barədə məlumat verib, İTEC proqramının Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdən olan alimlərin potensialının artırılması üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, hər il tərəfdaş ölkələrə bu proqram çərçivəsində Hindistanın ümumilikdə 300 universitetində qısa və uzunmüddətli kurslar keçmək üçün 14 min yer təklif olunur. İTEC proqramının məqsədi iştirakçıları qloballaşmış dünyaya hazırlamaqdır.

“Pandemiyadan öncəki illərdə Azərbaycandan 30-dək dövlət qulluqçusu Hindistana gedərək bu proqramlarda iştirak edib. Ötən il isə koronavirus səbəbindən 90 nəfər online qaydada proqrama qatılıb. Əlbəttə, ümid edirik ki, yenə də normal həyata qayıdacağıq və proqramlarda iştirak da qaydasına düşəcək” deyən səfir ölkəsi ilə Azərbaycan arasında mövcud əlaqələrə də toxunub. Diplomat qeyd edib ki, onlar Hindistanın müstəqilliyinin 75 illiyi çərçivəsində keçirilən proqramlar sırasında Azərbaycanda bir sıra tədbirlər, o cümlədən fotosərgilər, ağacəkmə aksiyası keçirilib. Yaxın aylarda isə bir sıra dövlət qurumlarının da iştirakı ilə xatirə poçt markaları buraxılacaq. Eyni zamanda, Azərbaycandakı Hindistan diaspor təşkilatı xarici universitetlərlə birlikdə inşa müsaqibəsinə start verəcək.

Səfir iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinə də toxunub. Bildirib ki, bütün dünyada, o cümlədən Azərbaycanla Hindistan arasında iqtisadi əlaqələrdə koronavirus pandemiyası ilə əlaqədar axsamalar yaşansa da, sevindirici haldır ki, 2020-ci ilin iyul ayından bu ilin eyni ayına olan müddətdə ticarət əlaqələrində 21 faizdən çox artım qeydə alınıb. Bu isə vəziyyətin yaxşılığa doğru inkişaf etdiyini göstərir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edərək bildirib ki, illərdir bir çox azərbaycanlı dövlət qulluqçusu məhz bu proqram sayəsində dünyəvi bilik və bacarıqlarını zənginləşdiriblər. O cümlədən, təmsil etdiyi nazirliyin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində böyük elmi təcrübəyə malik hindistanlı mütəxəssislərdən dərs alaraq Azərbaycana böyük töhfələr verirlər. “Azərbaycanla Hindistan arasında münasibətlərin tarixi çox qədimdir və bu gün də əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan və Hinistan Hökumətlərarası Komissiyası yarandıqdan sonra ölkələrimiz arasında iqtisadi, ticarət, elm, təhsil, səhiyyə və sair sahələrdə əməkdaşlıq daha da genişlənib və bütün bu əlaqələrin irəli getməsi üçün lazımi hüquqi baza yaradılıb”, - deyib nazir müavini.

Millət vəkili Soltan Məmmədov da çıxışında bildirib ki, Azərbaycan bütün svilizasiyaların kəsişməsində yerləşir və dünyaya öz multikultural dəyərlərini, əməkdaşlıq və sülh siyasətini nümayiş etdirir. “Azərbaycan hər zaman dost ölkələrlə əməkdaşlığa maraq göstərib. O cümlədən, tarix boyu olduğu kimi, bu gün Hindistanla, eyni zamanda İTEC proqramı çərçivəsində əməkdaşlığa böyük önəm verməkdədir. Ölkələrimiz arasında mədəni müstəvidə çox qədim və güclü əlaqələr mövcuddur. Həmin mədəni bağları möhkəmlətməklə xalqlarımız arasında tarixi münasibətləri bir az da irəli aparmağa çalışmalıyıq”, - millət vəkili deyib.

Daha sonra İTEC məzunları öz xatirələrindən söz açıblar.
Tədbir bədii proqramla başa çatıb.