Oqtay Qasımov: “İran Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın nəticələrini qəbul etməlidir”

12:39 22.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı İran Prezidenti Məsud Pezeşkianın mövqeyi müsbət olsa da, ölkənin digər aparıcı qüvvələri buna qarşıdır. Belə ki, Pezeşkian İranın digər ölkələrlə normal münasibətlər qurmasını istəsə də, dini radikallar və fars şovenistləri buna imkan vermirlər. Bu qüvvələr cəmiyyətdə korrupsiya, rüşvətxorluq, ölkənin geridə qalması, bütün dünyadan təcrid olunması siyasətini yürüdürlər. Zəngəzurla bağlı mövqeyi haçalanan İranın sonrakı addımları birmənalı qiymətləndirilmir.

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İranda Zəngəzur dəhlizi ilə bağlı iki haçalanan mövqe var.

O.Qasımov qeyd edib ki, bunardan birincisi dini lider və ona yaxın qüvvələrin Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, ikinci qrup Pezeşkian və ona yaxın şəxslərin Zəngəzur dəhlizinin açılmasına razı olmasıdır:

“Birinci qrup indiyə qədər bəhanə edirdi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaracaq ki, bu da geopolitik dəyişikliklərə səbəb olcaq. Lakin İran rejimi sadəcə Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyildi. Çünki bölgədə gərginliyin qalması İranın Ermənistan üzərində təsirinin qalması deməkdir. İkincisi, Zəngəzur dəhlizinin açılması İranı geopolitik üstünlüklərdən kənarda qoyacaqdı. Yəni İran çox istəyirdi ki, Zəngəzur dəhlizi açılmasın və dəhliz onun ərazisindən keçsin. İran kommunikasiya xəttindən istifadə etməklə həm ildə 350 min dollarlıq iqtisadi dvidentlər əldə edəcəkdi, həm də yük daşınmalarında, tranzitdə dəhlizə nəzarət etməklə təsir rıçaqlarını əlində saxlayacaqdı. İranın əsas məqsədlərindən biri də bu dəhlizə nəzarət etməklə Türkiyənin Orta Asiya və Cənubu Qafqazda Azərbaycanla əlaqələrinin məhdudlaşdırılmasıdır. Amma hər şey İranın istədiyi kimi olmur”.

Politoloq vurğulayıb ki, hazırda Ermənistan ABŞ-la anlaşaraq dəhlizin açılmasını və nəzarətin Amerika şirkətinə verilməsini həll edib. Onun fikrincə, İranın bundan sonra edəcəyi heç nə qalmır:

“İranın əks addımı Amerikanın qəzəbinə səbəb olar ki, bunun da nəticələri İran üçün ağır olar. Ona görə də İran indiki reallıqla barışmalı və Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmanın nəticələrini qəbul etməlidir”.