Ordumuz öz gücünü tamamilə bərpa edib - Şair Ramaldanov

14:14 26.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövləti, xalqı 26 İyun Ordu Gününə tamam başqa bir prizmadan, başqa bir kürsüdən yanaşır. Otuz il işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda vuruşan, bu yolda əzmlə irəliləyərək polad kimi bərkiyən Azərbaycan Ordusu uzaq-yaxın keçmişinin dərslərindən nəticə çıxarıb öz hərb səhifəsinə qızıl hərflərlə Zəfər tarixini yazdıra bildi. Azərbaycan Silahlı Qüvvələri öz Gününü qürur, fəxarət hissi ilə qeyd edir. Silahlı Qüvvələrimizin potensialı, mövcud çağırışlara nə dərəcədə hazır olması ilə bağlı suallarımızı hərbi ekspert Şair Ramaldanov cavablandırır.

– Mən, ilk növbədə, müasir dövrü əhatə edən tarixə nəzər salacağam. Azərbaycanın müasir Silahlı Qüvvələrinin yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna əməyi, rolu var. Onun uzaqgörənliyi nəticəsində hələ Sovetlər dövründə Bakıda Naxçıvanski adına Hərbi Məktəbin açılması Azərbaycan gənclərinin hərbi peşəyə marağının artmasına şərait yaratdı. Qarabağda gedən proseslərdə, Azərbaycan Ordusunun formalaşmasında Naxçıvanski adına hərbi liseyin məzunlarının xüsusi rolunun olduğu qeyd edilməlidir. Ulu Öndərin qayıdışından sonra cəmiyyətin, xalqın onun ətrafında birləşməsi düşmənin işğalı genişləndirməsinin qarşısını aldı. O zamanlar “20 faiz torpaq işğal olunub”, - deyirdilər.  Ulu Öndərin gəlişi, atdığı addımlar, ordunu formalaşdırması 80 faiz torpağın qorunmasına imkan yaratdı. “Horadiz” kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış əməliyyat Ulu Öndərin Ali Baş Komandanlığı ilə böyük başlanğıc idi. 1994-cü il yanvar 5-də başlayan əks-hücum əməliyyatı nəticəsində ordu hissələrimizin iki gün ərzində 30 kilometrə qədər irəliləməsi və 22 yaşayış məntəqəsinin azad edilməsi mühüm hadisə idi. Bu əməliyyatların keçirilməsində aparıcı hərbi komandirlər məhz Naxçivanski adına liseyin məzunları olmuşdular. İstər daxili qoşunlar, istərsə Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrin komandirlərinin əksəriyyəti məhz Naxçıvanski liseyinin məzunları idilər. Məhz bu əks-hücum nəticəsində Azərbaycan Ermənistanı masa arxasında oturub, atəşkəs razılığı haqqında saziş imzalamağa məcbur etdi. Sonra o saziş uzunmüddətli oldu və Azərbaycan qələbə çalanadək həmin o saziş şəraitində inkişaf etdik. Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərin rəhbərliyi altında formalaşmağa başladı, qısa zamanda Cənubi Qafqazda ən güclü ordu adını aldı. Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev ordu quruculuğunu inkişaf etdirdi, adını Azərbaycanı qələbəyə aparan müzəffər Ali Baş Komandan kimi tarixə həkk etdirdi. Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini davam etdirib, Azərbaycan Ordusunu daha böyük nəticələrə gətirib çıxardı. Silahlı Qüvvələrimiz qısa zamanda güclü ordular sırasında yer aldı. Hər il beynəlxalq qlobal statistik hesablamalar aparılır. Həmin hesablamalar nəticəsində bu il Azərbaycan 56-cı yerdə qərarlaşıb. Azərbaycan Vətən müharibəsində qələbədən çıxan bir orduya sahib olsa da, qısa zamanda öz gücünü bərpa edib.

– 44 günlük müharibədə düşmənə sarsıdıcı zərbə vuraraq zəfər qazanan Azərbaycan Ordusu hansı mövqedə dayanır?

– Azərbaycanın Vətən müharibəsinə qədər ordu quruculuğundakı inkişafı, müasir orduların prinsipini qəbul edərək həm taktiki, həm də hərbi-elmi yanaşmalarında müasirliyə imza atması sonrakı prosesdə mühüm əhəmiyyət kəsb edir.  Qısamüddətli döyüşlərdə işğalçı qüvvələr darmadağın edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Daha sonra birgünlük antiterror tədbirləri, artıq dörd kəndin də Azərbaycana qaytarılması delimitasiya-demarkasiya prosesində əldə etdiyimiz nailiyyətlərdir. Əlbəttə ki, bu nailiyyətləri Azərbaycanın gücünün, dövlət olaraq qüdrətinin və Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsi kimi qəbul etmək lazımdır.

Hazırda Prezident İlham Əliyev tərəfindən Türkiyə modelinə keçidlə bağlı hədəflər qoyulub. Bununla bağlı çox böyük islahatlar aparılır. Bu islahatların nəticəsində Azərbaycan ordusunun inkişafı davam edir və bundan sonra da davam edəcək.

– Dövlətimizin təhlükəsizlik təminatı naminə Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də hərbi-texniki, döyüş qabiliyyətinin təkmilləşdirilməsi baxımından hansı hərbi model, nümunələrindən istifadə edilir?

– Qeyd etdiyim kimi, Azərbaycan Ordusunun Türkiyə modelinə keçidi əsas götürülür. Azərbaycan Turan aləmində əlaqələrin inkişafında mühüm rola malik ölkədir. Təbii ki, hərbi sahədə də türkdilli ölkələrlə münasibətlərin inkişafı, möhkəmlənməsi istiqamətində böyük işlər aparılır. Orta Asiya türk dövlətləri ilə birgə təlimlər keçirilir və bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Düşünürəm, bu istiqamətdə Azərbaycan Ordusunda böyük işlər aparılır. O ki qaldı digər əməkdaşlıq münasibətlərinə, Azərbaycan bütün ölkələrlə hərbi münasibətləri genişləndirməkdədir. Ən qabaqcıl təcrübələr Azərbaycana gətirilir və ordunun təkmilləşdirilməsində istifadə edilir. Bu da bizim ordumuzu daha qüdrətli ordu kimi inkişaf etdirməyə imkan yaradır.

– Azərbaycan Ordusuna ayrılan büdcə, eləcə də ən müasir silahlarla təchizatı barədə nələri söyləmək olar?

– Azərbaycan Dövləti, Prezident Ordunun inkişafını daim diqqətdə saxlayır. Əlbəttə, Silahı Qüvvələrin inkişafına Azərbaycanın iqtisadi potensialının imkanlarından kənar baxıla bilməz. Bəzən deyirlər ki, ordu cəmiyyətin güzgüsüdür. Düşünürəm, Azərbaycanda gedən bugünkü proseslər və iqtisadi inkişaf Ordumuzda da özünü göstərir. Digər istiqamət Azərbaycanda müdafiə sənayesinin yaranması və inkişafıdır. İstər Vətən müharibəsində, istər onaqədərki dövrdə, istərsə də ondan sonra artıq müdafiə sənayesinin məhsulları Azərbaycan Ordusunda geniş yer alır. Azərbaycan Ordusu hərbi sənayenin inkişafı ilə birgə addımlayır.

– Əgər bu gün qonşuluqda olan Ermənistan kimi dövlət torpaq iddiasından və müharibə ritorikasından əl çəkmirsə və Fransa kimi dövlət tərəfindən silahlandırılırsa, hansı tədbirlər görülməlidir, yaxud görülür?

– Ordunun əsas vəzifəsi ərazi bütövlüyümüzü qorumaqdır. Ermənistan kimi bizim bədnam qonşularımız var. Onları silahlandıran Fransa və digər qüvvələr regionda çox böyük təhlükə yaradırlar. Belə olduğu halda, əlbəttə, Azərbaycan dəmir yumruğunu daim işlək vəziyyətdə saxlamalı, ordunu gücləndirməli və öz barıtını quru saxlamalıdır. Azərbaycan Ordusu işğal niyyəti ilə inkişaf etdirilmir. Azərbaycanın Ordusu öz ərazi bütövlüyünü qorumağa və hər hansı bir təcavüzə cavab vermək durumunda olması üçün yaradılıb və bu funksiyanı da böyük şərəflə, qələbəli nəticələrlə yerinə yetirir.

– Ordu Günündə Azərbaycan Silahlı Qüvvələri regionla maraqlanan yaxın və uzaq ölkələrə daha hansı mesaj verəcək?

– Azərbaycan Ordusunun sülh missiyalarında iştirakı danılmazdır. Bilirik ki, Azərbaycan NATO sülhməramlı tərəfdaşlıq proqramında çox aktiv iştirak edir. İstər Əfqanıstanda, istər İraqda və digər yerlərdə Azərbaycanın sülhməramlı qüvvələri qardaş Türkiyənin sülh  missiyasının tərkibində iştirak ediblər. Əgər hər hansı sülh proqramı çərçivəsində hansısa addımlar atılmalıdırsa, Azərbaycan bu addımları atıb, atır və bundan sonra da atacaq.

 Azərbaycan Ordu Günündə dünyaya bir daha bu mesajlar verilir. Azərbaycan xalqının ruh yüksəkliyi, gələcəyi təmin edən addımlarla Ordu, Ali Baş Komandan ilə bir yerdə olduğu, bir yerdə addımladığı bəyan edilir. Bu faktın özündə hansı gücü birləşdirdiyi hər kəsə yaxşı məlumdur. Yaşasın qalib Azərbaycan Ordusu, Ali Baş Komandan!