Özbəkistan prezidenti 20 min sahibkara “amnistiya” elan edib

14:25 20.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə ölkədə fəaliyyət göstərən 20 mindən çox sahibkara “amnistiya” elan edilib.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, əlavə dəyər vergisi dərəcəsinin 12 faizə endirilməsi ilə əlaqədar bu vergi rejimi ilə işləyən sahibkarların sayı hər gün artır. Bununla belə, bir çoxları hələ də ƏDV-yə keçsələr, hesablamaların çətinləşəcəyindən, mühasib tutmalı olduqlarından, xərclərin artacağından şübhələnirlər. Odur ki, dövriyyə vergisindən ƏDV-yə keçən müəssisələr hesabatlarında səhv olsa belə, bir il müddətinə mənfəət vergisi ödəməkdən azad ediləcək, heç bir cərimə tətbiq olunmayacaq, mühasiblərin əməkhaqqı məbləğinin 5 milyon soma qədəri belə müəssisənin ödədiyi vergidən altı ayadək tutulacaq.

Vergi yoxlamaları nəticəsində 20 mindən çox sahibkarda 16 trilyon somluq çatışmazlıqlar aşkar edilib. Bu, minlərlə biznes nümayəndəsinin sahibkarlıq reytinqindəki mövqeyinə mənfi təsir göstərəcək.

“Ona görə də bu gün biz bir növ “amnistiya” elan edirik, bu yoxlamalara görə heç bir cəza tətbiq edilməyəcək, əvəzində sahibkarlarımıza noyabrın 1-dək bütün səhv və çatışmazlıqları könüllü şəkildə düzəltmək imkanı veriləcək. Bir sözlə, noyabrın 1-dən biznes nümayəndələri sahibkarlıq reytinqinə “təmiz vərəqdən” başlayacaqlar”, - deyə prezident bildirib.