Pakistanın müvəqqəti Baş naziri Ənvərül Hak Kakar, Taliban hökumətinin başçısı Məhəmməd Həsən Axunda yazdığı məktubda ölkəsinin qonşusu Əfqanıstanla qardaşlıq münasibətlərinə diqqət çəkib.
Hafta.az-ın “The News” qəzetinə istinadən yazdığına görə, Pakistan - Əfqanıstan əlaqələrinin din, mədəniyyət və tarixə əsaslandığına diqqət çəkən Kakar, İslamabad və Kabilin ortaq məqsədlər üçün birlikdə çalışmalı olduğunu vurğulayıb. İslamabadın Kabillə ikitərəfli, siyasi, təhlükəsizlik və iqtisadi əlaqələrini daha da gücləndirməkdə qərarlı olduğunu vurğulayan Kakar, regional ticarətin artırılmasının Pakistan və Əfqanıstan xalqlarının rifahı üçün vacib olduğunu qeyd edib.
Kakarın məktubu iki ölkə arasında son həftələrdə sərhəddə baş verən qarşıdurmalarla gərginliyin artmasından sonra gəlib.
Pakistan sentyabrın 6-da iki ölkənin sərhəd təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmadan sonra “Torxam” sərhəd buraxılış məntəqəsini bağlayıb. İki ölkə arasında aparılan danışıqlardan sonra sentyabrın 15-də sərhəd qapısı açılıb.