Mütəxəssislər şagird və tələbələrə immuniteti möhkəmləndirən qidalar qəbul etməyi məsləhət görürlər
Koronavirus səbəbindən aylardır məktəblərdən uzaq qalan şagirdlər bir neçə gündən sonra yenidən tam olmasa da ənənəvi təhsilə başlayacaqlar. Oktyabrdan isə tələbələrin bir hissəsinin ənənəvi təhsilə qayıtması planlaşdırılır. Təbii ki, belə bir şəraitdə sosial məsafənin saxlanılması, maska taxılması qədər immunitetin qorunması üçün qidalanma da önəmlidir.
Amma etiraf edək ki, məktəb bufetlərində, universitet yeməkxanalarında heç də həmişə sağlıqlı qidalar təklif olunmur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə koronavirus pandemiyası dövründə qidalanmaqla bağlı tövsiyyələrində bəyan edir ki, bol sellüloz istehlak etmək vacibdir. Mütəxəssislər rasiona tərəvəz, meyvə, paxla və kəpək qida məhsullarını daxil etməyi tövsiyə edir. Kəpək məhsullarına yulaf, kinoa, qəhvəyi düyü, sərt buğda növündən hazırlanan makaron məmulatları və kəpəkli çörəklər aiddir. Eyni zamanda, yetərincə maye qəbul edilməsi tövsiyyə olunur, böyük miqdarda tünd çay və tünd qəhvə istehlakı arzuolunan hesab edilmir. Bura xüsusilə kofeindən ibarət olan sərinləşdirici və energetik içkilər daxildir. Qida rasionuna təzə və dondurulmuş meyvə və tərəvəz, qurudulmuş və konservləşdirilmiş paxla, kəpəkli məhsul, quru meyvə, qoz və ləpələr, yumurta, konservləşdirilmiş tərəvəz və balıq, aşağı yağlı süd daxil edilməsi zəruri sayılır.
Mövzu ilə bağlı hafta.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əslində hər bir insan qidalanmasına, qida rejiminə diqqət yetirməlidir. Onun sözlərinə görə, immunitetin möhkəmliyi qida rasionuna daxil olan məhsullardan asılıdır:
“Bu gün insanların əksəriyyəti düzgün qidalanmırlar. Bu problem məktəblilər və tələbələr arasında da var. Ümumiyyətlə, çox hallarda nə məktəb bufetlərində, nə də universitet yeməkxalarında sağlam qidalar satılmır. Bəzi işbazlar bizim gələcəyimizə, genefondumuza qənim kəsiliblər. Hesab edirəm ki, aidiyyəti qurumlar, eləcə də Qida Təhlükəsizliyi Agentliyi bu kimi məsələlərə nəzarəti gücləndirməlidir. Həm məktəb bufetlərində, həm də universitet yeməkxalarında mütəmadi monitorinqlər keçirilməli və sağlamlıq üçün zərərli qidalar satışdan çıxarılmalıdır. Pandemiya dövründə isə bütün yaş qrupları, o cümlədən şagird və tələbələr qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Bu gün yeniyetmə və gənclərin əksəriyyəti enerji içkilərindən istifadə edirlər. Onlar həmin içkinin necə təhlükəli olduğunun fərqində deyillər. Aidiyyəti qurumlar ilk növbədə bu məsələyə diqqət ayırmalıdırlar”.
Mütəxəssis vurğulayıb ki, epidemiya zamanı insanların yoluxucu xəstəliklərə qarşı müqavimətini artırmaq və stressə davamlılığını yüksəltmək üçün qidalanma onların yaşına uyğun, həm də balanslı və tamdəyərli olmalıdır:
“Tərkibində çox sayda müxtəlif meyvə-tərəvəz, dənli bitkilər, lazımi miqdarda protein və əsas yağ turşularından ibarət qida rasionu sağlamlıq üçün olan bütün qidaları təmin edir. Pandemiya şəraitində valideynlər hər zaman olduğundan daha çox uşaqların zərərli yemək davranışını və yemək seçiminin əsaslarını nəzərdən keçirməli, onların, həmçinin özlərinin xəstələnməmələri, eyni zamanda, artıq çəki almamaları üçün sağlam qidalanma ilə bağlı müəyyən tövsiyələri nəzərə almalıdırlar. İlk növbədə, şirniyyatla, enerji içkisi ilə əhvalın yaxşılaşması fikrindən daşınılmalıdır. Çünki şəkər və yağlı qidalar daxili orqanların bir qismini yükləyir və onların fəaliyyətini çətinləşdirir. Bu zaman təzə meyvə və tərəvəzdən istifadəyə diqqət artırılmalıdır”.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, təhsilalanların sağlamlağının qorunması aidiyyəti qurumlar üçün prioritet olmalıdır:
“Məlum olduğu kimi, artıq təhsil nazirinin müvafiq əmri ilə Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 2020 – 2021-ci tədris ilinə dair tədris planları təsdiq olunub və ictimailəşdirilib. Yəni, dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən); V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən); X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq. Ümumtəhsil müəssisələrinin fəaliyyəti isə Bakı Sumqayıt şəhərləri və Abşeron rayonunda əyani forma həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani forma həftədə 3 dəfə olmaqla uyğunlaşdırılmış tədris planları əsasında təşkil ediləcək.
Bununla yanaşı, əmrdə təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş saatlar da əlavə edilməklə hansı siniflərdə hansı fənlərin hansı formada keçirilməsi, habelə, əyani formada tədris zamanı siniflərin qruplara bölünməsi, dərslərin növbəli təşkili məsələlərinə da aydınlıq gətirilib. Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmı tədris planlarına dair qeydlərə əsasən şagirdlərə əyani formada tədris olunmayan mövzular teledərslər və Virtual məktəb üzərindən keçirilən distant dərslərlə əvəzlənəcək. Bir halda ki, təhsil müəssisələri müvafiq olaraq 2-3 gün də olsa əyani formada fəaliyyət göstərəcək, digər tərəfdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib, restoran və kafelər də fəaliyyətlərini bərpa edib, elə isə epidemioloji vəziyyətə uyğun olaraq, sanitar-gigiyenik normalar gözlənilməklə məkəb bufet və yeməkxanalarının fəaliyyətinə də müəyyən aydınlıq gətirilməlidir. Yəqin bir çoxları bilməmiş deyil ki, sovet dönəmində məktəb bufet və yeməkxanalarının ərzaq məhsulları ilə təchizatını Təhsil Nazirliyinin tabeliyində olan İçtimai İaşə İdarəsi həyata keçirirdi. Nəticədətabelik və məsuliyyət prinsipi qorunurdu. Hazırda müvafiq qanunverciliyə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir, hətta bu vəzifəyə təyinat məsələsi də onların səlahiyyətindədir. Baxmayaraq ki, əsas məsuliyyət yenə də uşaqların sağlamlığına cavabdeh qismində məktəblərin üzərində qalır. Bu sırf məktəblə bağlı məsələ olmadığından məsələyə aidiyyatı qürumlar konkret münasibət sərgiləməlidirlər”.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən də münasibət öyrənməyə çalışdıq.
Sözügedən qurumdan hafta.az-ın sorğusuna cavab olaraq sadəcə onu bildirdilər ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli tarixli 332 nömrəli qərarına əsasən internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.