"Bu çətin günlərdə, yəni pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Belə ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq insanların sağlamlığını, sosial müdafiəsini təmin etmək, iş yerlərini, əməkhaqlarını qorumaq məqsədilə operativ tədbirlər görülür. Bu məqsədlə 2.5 milyard manat həcmində sosial paket həyata keçirilir".
Bunu hafta.az-a açıqlamasında millət vəkili Sevinc Hüseynova deyib. Millət vəkili bildirib ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan sosial məzmunlu tədbirlərin miqyası kifayət qədər genişdir: "Dövlət bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayırır. Prezident İlham Əliyev bəyan edib ki, bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Dövlət başçısı bugünlərdə bir daha qeyd etdi ki, heç bir sosial proqram, sosial layihə təxirə salınmayacaq".
Millət vəkilinin fikrincə, hazırda pandemiya şəraitində biz sosial proqramların daha da genişləndirilməsinin şahidiyik: "Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün insanlar müvafiq dəstək proqramlarından bəhrələnirlər. Prezident İlham Əliyev ölkədə pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsini ən mühüm məsələlərdən biri kimi qarşıya qoyub. Dövlət başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə söylədiyi nitqində bununla bağlı qəti mövqeyini bildirərək deyib: “Həssas təbəqənin qorunması, hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”. Respublikamızda pandemiya şəraitində digər istiqamətlərdə olduğu kimi, əhalinin həssas qruplarının sosial müdafiəsinin təmin edilməsi məqsədilə reallaşdırılan tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Bu barədə rəsmi məlumatlar ictimaiyyətə mütəmadi olaraq çatdırılır".
Sevinc Hüseynovanın sözlərinə görə, əsas məqam odur ki, bu məsələdə vətəndaşlarımız birlik və həmrəylik nümayiş etdirir: "Cənab Prezidentin diqqət və qayğısını yüksək dəyərləndirirlər. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanların cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çoxsaylı minnətdarlıq məktubları da bunu təsdiqləyir. Bütün bu faktlar göstərir ki, hazırkı şəraitdə dövlətimizin düşünülmüş siyasəti və milli birliyimiz bu çətin sınaqdan uğurla çıxmağımızda başlıca amillərdən biri olacaq".