Karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxanların sayında artım günbəgün artmaqda davam edir. Nazirlər Kabineti yanında Operativ Qərərgahın dünənki brifinqində karantin rejiminin sərtləşdirilməsi bildirildi. Yəni iyun ayının 21-dən iyul ayının 5-ə qədər xüsusi karantin rejimi tətbiq olunacaq. Bəs insanlar bu günlərdə hansı qaydalara əməl etməlidirlər, pandemiyaya qarşı necə müqavimət göstərilməlidir?
Bu barədə hafta.az-a danışan tanınmış həkim Vasif İsmayıl dedi ki, ilk növbədə cəmiyyətə sosial məsafəni və gigiyena qaydalarının nə qədər vacib olduğu təbliğ edilməlidir:
"Daha sonra sosial məsafənin pozulduğu əsas yerlər olar bankomatların qarşısındakı sıralar, marketlər, ictimai nəqliyyat qaydalarının ağıllı dizayn edilməsini təklif edərdim. Bütün bu qaydalara riayət olunandan sonra insanların sərbəst buraxılmasının tərəfdarıyam. Amma burada qaydaları izah edən tərəf peşəkar, izah edilən tərəf isə sahibkar olmalıdır. Bunların ikisində də problem çıxa biləcəyi üçün hökumət iqtisadiyyata zərər vurmadan həftə içi günlərdə insanların çölə çıxmasına icazə verdi. Nə qədər doğru olub-olmadığı peşəkarların öz arasındakı və ya ictimaiyyətə açıq müzakirəsi ilə müəyyənləşdirmək olar. Mən bu işə qərar verə biləcək adam deyiləm. Əgər belə müzakirələr olarsa, mən də öz münasibətimi bildirərəm".
Həkim qeyd etdi ki, kənardan müdaxilə olmasa və insanlar tam azad şəkildə fikir formalaşdırsalar inamsızlıq daha az olardı:
"Çünki istənilən hadisəyə inanmayan qrup hər zaman çıxıb. Hətta Amerikada hər şeyin canlı yayımda olmasına baxmayaraq, amerikalıların Aya çıxmasına şübhə ilə yanaşan insanlar var. İkinci bir qrup daha var, virus və onun ətrafında yaranmış vəziyyət müəyyən insanların şəxsi maraqlarına çox ciddi mənfi təsir göstərir. Bu insanlar da daha çox inanmağa doğru istiqamətləniblər. Hadisələr tərəzinin gözü kimidir, hansı ağır gələrsə, işlər də o şəkildə gedir. Artıq insanların ətrafında xəstələnən, yoluxan, hətta vəfat edənlərin sayının artdığını görüncə, inanmayan insanların sayının gedərək azaldığını müşahidə edirik".