Paşinyan bir qulağı Qərbin, o biri də Şimalın əlindədir - Millət vəkili

15:28 26.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Brüssel görüşündə səslənən fikirlər, verilən bəyanatlar ümidverici idi. Ancaq Paşinyanın Moskva səfəri və orda Rusiya prezidenti ilə pərdəarxası görüşləri və çox güman ki, orda verilən tapşırıqlardan sonra vəziyyət tamamilə dəyişdi və Paşinyan yenidən sərsəm bəyanatlar verməyə başladı.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın hökumət başçısı, separatçı çıxışlar edərək, ““Arsax” dövləti, onun müqəddəratı, onun statusu, artsax dövləti ilə razılaşmadan heç bir sənəd imzalamayacağıq” və sair bu cür sərsəm fikirlər səsləndirir:

“Bütün bunlar göstərir ki, bizim tarixi torpaqlarımızda yaradılmış bu qondarma dövlət öz müstəqil siyasətinə, sözünə, qərarına malik olmayıb, bu gün o iqtidara malik deyil. Bəla burasındadır ki, bu dövlət bir xarici mərkəzdən idarə olunmur. Bir mərkəz Qərbdir- Avropa və ABŞ, ikinci mühüm mərkəz şimal qonşumuz Rusiya dövlətidir. Bu da təsadüfi bir məsələ deyil. Çünki özlərini millət adlandıran bu toplumu dünyanın müxtəlif yerlərindən bizim tarixi torpaqlarımızda yerləşdirib bunlara dövlət yaradan və həmişə bunları müdafiə edən dövlətlər, qüvvələr bu gün də həmin iddialardadır. Bu gün də öz yaramaz işlərini davam etdirirlər. bu gün Paşinyan kimi baş nazirin bir qulağı Qərbin əlindədir, bir qulağı da Şimalınr.  Hansı bir az tez tərpənib bərk çəksə bu o tərəfə meyllənir.  Axırıncı dəfə Putin Paşinyanın qulağını necə çəkibsə, qulağını doldurubsa çox ümidlə geri qayıdıb və artıq başqa fikirlər səsləndirir, sərsəmləyir.

Artıq bizim başqa çıxış yolumuz qalmır. Cənab Prezident Dünya Azərbaycanlılarının V Qurultayında-Şuşa şəhərində bunlara çox ciddi mesaj verdi.  Bu ermənilərin son şanslarıdır deyib fikir səsləndirdi ki, əks təqdirdə biz də öz tədbirimizi görəcəyik. Biz də Ermənistan deyilən dövlətin ərazi bütövlüyünü tanımayacağıq və tarixi torpaqlarımıza iddia edəcəyik. İndi söhbət ermənilərin nazı ilə oynamaqdan getmir.  Dəmir Yumruq yenə də qüvvədədir.  Azərbaycan ərazilərini separatçılardan, cinayətkarlardan, terrorçulardan, qeyri-qanuni silahlı birləşmələrdən təmizləmək üçün hərəkətə keçməlidir, keçəcəkdir. Ərazilərimiz bu zir-zibildən təmizlənməlidir.

Təbii ki, burda sülhməramlılıq missiyasını öhtəsinə götürən Rusiya dövlətinin xoşagəlməz mövqeyi qabarıq şəkildə özünü biruzə verir. Onun ərazimizdə yerləşdirdiyi, adını sülhməramlı qoyduğu ancaq heç bir beynəlxalq qurum tərəfindən mandat verilməyən hərbiçiləri elə onların öz dilində desək, “samazvanes” sülhməramlılarıdır. Həqiqətdə isə Rusiya dövlətinin oyunlarıdır. Rusiya özünün bu bölgədəki mövqelərini zəiflətməmək, nüfuzunu və bu bölgədə təsir dairəsini qüvvədə saxlamaq üçün bu münaqişənin sönməsinə imkan vermir və verməyəcək də. Eyni zamanda Qərbin bu bölgədə təsirini zəiflətmək, Qərbin bu bölgədə söz sahibi olmasına mane olmaq onun qarşıda qoyduğu vəzifələrdən biridir. Belə görünür ki, Rusiya dövləti hətta bu ilin 22 fevralda bizimlə imzaladığı Müttəfiqlik Haqqında sazişdən bir az da üstün sazişi bu dəfə Ermənistanla bağladı. Ermənilərə nə cür şirin vədlər veribsə, Paşinyan Moskvadan gələndən necə gəldi danşır, istədikləri hərəkəti edirlər. Bu da Rusiyanın fitvasından başqa bir şey deyil.   

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişdə 4-cü və başqa bəndlərdə göstərilirdi ki, özünü sülhməramlı adlandıran  Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə daxil olduğu gündən bütün qeyri-qanuni erməni silahlı birləşmələrini həmin ərazilərdən çıxartmalı idi. Amma bu bəndi həyata keçirmək üçün bu işlə məşğul oldumu, xeyir. Əvəzində həmin silahlı birləşmələrin, separatçı quldurların, cinayətkarların orda daha da möhkəmlənməsinə şərait yaratmağa, onların təminatı, təhcizatı, ordakı cinayətkarların müdafiəsi ilə məşğul olmağa başladı. Və ordan çıxıb qaçmış erməniləri geri qaytarıb evlər, məktəblər, xəstəxana, bağça və sair tikintilər aparmaqla məşğul oldu.  Bu əvvəldən də ona işarə idi ki, Rusiya bu münaqişənin sönməsinə deyil, münaqişənin daim bölgədə qalması üçün çalışır”.

Siyasət rubrikasından digər xəbərlər