Azərbaycanda işsizlikdən sığorta ödənişi alan şəxslərin dairəsi genişləndiriləcək. Məsələn, torpaq payına görə vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilib. Eyni zamanda, uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq. Qeyd edək ki, qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən) və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) ilə əlaqədar əsaslarla xitam verilmiş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ var. Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Beləliklə, artıq bu, məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlara şamil ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyib ki, işsizlikdən sığorta ödənişi alan şəxslərin dairəsinin genişləndirilməsi müsbət haldır: “Sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur. Yəni, işsizlikdən sığorta qanunla müəyyən edilir və buna uyğun olaraq, həm işə götürən, həm də işçi ümumən 1 faiz sığorta haqqı ödənilir. 24 təqvim ayı ərzində hər hansı sığorta hadisəsi yaşanarsa, 5 təqvim günü ərzində DOST mərkəzləri və məşğulluq agentliyinə müraciət etmək lazımdır. Sığorta ödənişi almaq üçün ən azı 1 il müqavilə əsasında çalışmaq mütləqdir. Kompensasiya almaq üçün qeyd olunan 24 aylıq müddətdə ən azı 12 ay davamlı işləmək tələb olunur. Kompensasiyanın müddəti ilkin müraciət zamanı 6, təkrar olunduqda isə 3 ay əlavə olaraq artırılır və ümumən 9 aylıq ödəniş nəzərdə tutulur. Sığorta haqqı maksimal orta aylıq əməkhaqqı məbləğində olur. Bu məbləği isə hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilir. Məbləğ ailədəki hər uşağa görə 5 faiz məbləğ artırıla bilər. Lakin bu artım 20 faizdən çox ola bilməz”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, işsizlikdən sığorta ödənişi alan şəxslərin dairəsinin genişləndirilməsi insanların rifahına müsbət təsir göstərəcək: "Məsələn, əvvəllər pay torpaqlarından sığorta ödənişı alınmırdı. Bu da bəzi hallarda əhalinin maddi vəziyyətinə mənfi təsir göstərirdi. Bu məhdudiyyətin aradan qaldırılması təqdirəlayiqdir. Əsasən də rayon yerlərində yaşayan vətəndaşlar üçün sevindirici bir qərardır. Çünki rayonda insanların adına pay torpağı olsa da tam fəaliyyət göstərə bilmirdilər. Nəticədə xeyli sayda vətandaşın sığortadan yararlanmasına imkan yaranacaq".