Dünya dövlətlərinə demək istəyir ki, sözügedən region Rusiyanın nəzarəti altındadır və o, burada təkbaşına qərar vermək niyyətindədir
Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirak edib. Putin konfrans iştirakçılarını salamlayarkən Dağlıq Qarabağ münaqişəsinə toxunub və bildirb ki, Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür. Rusiya Prezidenti, həmçinin onu da əlavə edib ki, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin deskalasiyasına, "ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə" kömək göstərmək niyyətindədir.
Politoloq Samir Hümbətov Hafta.az-a açıqlamasında bildirib ki, Putinin söylədiyi bu fikirlər Rusiyanın Cənubi Qafqazda hansı məqsədləri güddüyünü açıq şəkildə göstərir. Putin bu çıxışı ilə həm region, həm də dünya dövlətlərinə demək istəyir ki, sözügedən region Rusiyanın nəzarəti altındadır və o, bu regionda təkbaşına qərar vermək niyyətindədir. Şübhəsiz ki, bu onunun istək və arzularıdır, amma reallıq isə tamam başqadır.
“Abxaziya və Cənubi Osetiya məsələsi ilə bağlı Gürcüstanla aralarında düşmənçilik münasibətlərinin hökm sürməsi Rusiyanı Cənubi Qafqazın digər iki ölkəsinə müxtəlif vasitələrlə təzyiq etmək, beləliklə də onları öz təsir dairəsində saxlamağa sövqləndirir.
II Qarabağ savaşı isə onu göstərdi ki, Azərbaycan üçün kənar təzyiq və basqılar o qədər də önəmli deyil. Yəni artıq Azərbaycan qardaş Türkiyə ilə sıx siyasi, iqtisadi və hərbi əlaqələrə malikdir. Rusiyanın Cənubi Qafqazda belə "canfəşanlıq" etməsinin arxasında da elə məhz bu məsələ dayanır. Rusiyanın Dağlıq Qarabağda "sülhməramlı" qüvvələrini saxlamaqla və həmin "sülhməramlılar"ın özünəməxsus "fəaliyyəti" ilə nə etmək istədiyi hər kəs üçün aydındır.
10 noyabr 2020-ci ildə üçtərəfli formatda imzalanmış Bəyannamənin 9 bəndinin Azərbaycan üçün hələ də icra edilməməsi və ermənilərin xeyrinə rus "sülhməramlıları"nın "fəaliyyəti" isə onu göstərir ki, ermənilərin müqavilə şərtlərini həyata keçirməməsinin arxasında da məhz sözügedən qüvvə dayanır. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin 7-ci bəndində qeyd edilir ki, "Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar".
Politoloq bildirir ki, rus "sülhməramlıları" ermənilər üçün sözügedən bəndin icrasına dərhal başladılar, amma münaqişədən əvvəl həmin ərazidə yaşayan azərbaycanlı əhalinin doğma yurdlarına qayıtması haqqında hər hansı söhbət getmir.
Görünən odur ki, "vasitəçi" dövlətin atdığı addımlar söylədiyi fikirlərlə üst -üstə düşmür və məqsəd bölgədə öz maraqlarını qorumaqdan ibarətdir.