“Rusiya ordusunun Kiyevə yeni hücumunun təşkil edilməsi ehtimalı var. Ancaq belə hücum edilsə belə, onun heç bir faydası olmayacaq. Bu əməliyyat əvvəlcədən məğlubiyyətə məhkumdur. Ola bilsin, bir müddət aviasiya, raket, artilleriya hücumlarıyla Kiyev vilayətinə böyük zərbələr endirə bilər. Lakin nəzərə alaq ki, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri çox güclüdür – Rusiyanın bəzi raketləri istisna, atılanların, əksəriyyətini zərərsizləşdirə bilir. O cümlədən rusların qırıcı təyyarələri də sıradan çıxarılır”.
Bunu keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev hafta.az-a açıqlamasında “Sizcə, Putin yenidən Kiyevə genişmiqyaslı hücum edə bilərmu” sualını cavablandırarkən bildirib.
“Putinin Kiyevə piyada qoşunlarla hücumu isə heç baş tutmayacaq. Çünki əvvəla, onun o sayda hazır qüvvəsi yoxdur. Guya indi hazırlaşırlar yenidən 400 min əsgər səfərbər etməyə. Lap 500 min insanı səfərbər etsin... Rusiyanın o sayda orduya düzgün təlim keçmək və sonra da döyüş əməliyyatları zamanı onları idarə etmək üçün lazımi, peşəkar general və zabit kadrı yoxdur. Son 20-25 ildə ölkədə xeyli sayda hərbi məktəb də ləğv olunub. Məsələn, 8 ümumqoşun məktəbindən cəmi 2-i qalıb, 6 aviasiya məktəbindən cəmi 1-i, 5 tankçılıq məktəbindən də 1-i qalıb. Bir sözlə, Putin hakimiyyətdə olarkən özü öz oturduğu budağı kəsib. Ona görə də, indi 1 milyon da çağırışçı toplasa, faydası yoxdur”- deyə sonda general vurğulayıb.