Qafqaz ikinci Ukrayna olacaq? - MÜSAHIBƏ

11:33 29.07.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa Ermənistanı silahlandırmaq üçün İrəvana milyonlarla dollar vəsait ayırır. ABŞ dağılmış erməni ordusunu restavrasiya etmək üçün birgə təlimlər keçirir. Paşinyan londonda Azərbaycan Prezidenti ilə görüşdən yayınır. Bakının sülh şərtləri yerinə yetirilmir. Bu proseslər bölgədə hansı təhlükələrdən xəbər verir? Müsahibimiz politoloq Elxan Şahinoğludur:

- Əvvəla, qeyd edim ki, Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən Qərblə bərabərhüquqlu tərəfdaşlığa üstünlük verir. Təəssüf ki, bəzi ölkələr Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı əks siyasət ortaya qoyurlar. Halbuki həmin ölkələr Azərbaycanla tərəfdaşlığa meyillidir. Avropa İttifaqı enerji və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq edir. Eləcə də Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Beləliklə, neft-qaz, gəlcəkdə yaranacaq alternativ enerji bazarımız məhz Avropadır. Avropada başda Fransa olmaqla Ermənistanı silahlandırmaqla yeni bir münaqişə ocağı yaratmağa çalışırlar. Düzdür, ABŞ-ın məqsədi Ermənistanı gücləndirmək, hərbi təlimlər keçirməklə bu ölkəni Rusiyadan uzaqlaşdırmaq, KTMT-i tərk etməyə təşviq etməkdir. Anlamalıdırlar ki, bu siyasəti aparmaqla Azərbaycanla sülh sazişi imzalamayan Ermənistanı təxribata yönəldirlər. Üstəlik, Ermənistan baş naziri Paşinyan özü də etiraf edir ki, ordusuna tam nəzarət edə bilmir, orduda “5-ci kolon” mövcuddur. Bunu ara-sıra atəşkəsin pozulması halları da sübut edir. Belə bir vəziyyətdə Ermənistanın siahlandırılması, hərbi təlimlər Azərbaycana qarşı yönəlmiş olur. Ona görə də hesab edirəm, rəsmi Bakı Fransanın, Brüsselin, ABŞ-ın təxribatlarına öz mövqeyini bildirməlidir. Amma dialoqdan da qopa bilmərik. Brüssel və Vaşinqtonla danışıqlar aparmalı və onlara bir daha izah edilməlidir ki, bu siyasət bölgədə yeni münaqişəyə gətirə bilər. Siz sülhü hədəfləyən tərəf olaraq bölgədə münaqişənin yaranmasında maraqlı olmamalısız. Münaqişə heç kimə yaxşı heç nə vəd etmir.

- Cənubi Qafqaz regionu daha çox hansı dövlətlərin təsirləri ilə üz-üzədir?

- Avropa İttifaqının, ABŞ-nin Cənubi Qafqazda öz maraqları və Gürcüstan, Azərbaycan, Ermənistanla bu və ya digər şəkildə əməkdaşlıq istiqamətləri var. Qərbin Cənubi Qafqazda əsas marağı Ermənistanı Rusiyadan uzaq tutmaqdır. Qərb Rusiyanın Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda təsirini artırmasını istəmir. Bunun üçün də Ermənistan vasitəsi ilə regionda suları bulandırıb, istədikləri qəniməti ələ keçirməyə çalışırlar. Ermənistan isə guya Rusiyadan qopmağa çalışsa da, əslində enerji, iqtisadi zəmində asılıdır - qaz alır, atom elektrik  stansiyası Rusiyanın nəzarətindədir. Ermənistan əsas ticarət tərəfdaşı kimi Rusiyadan qopa bilmir, eyni zamanda hərbi cəhətdən Rusiyadan uzaqlaşmağa cəhd edir. Amerika, Avropa çalışır ki, heç olmasa Ermənistanı hərbi sahədə Rusiyadan uzaqlaşdırsın. Bu, Ermənistanı düşündürməlidir. Eləcə də Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqaz siyasətini korrektə etmək istəmir. Onun son təxribatçı çıxışı buna dəlalət edir. Makronun sözlərinə görə, guya Fransa Ermənistana ona görə hərbi texnika göndərir ki, bu ölkə özünü Azərbaycandan qoruya bilsin. 30 ilə yaxın torpaqlarımız işğal altında olanda Ermənistanın qorunması Fransanın yadına düşmürdü, torpaqlarımızın 20 faizinin işğalını “reallıq” kimi qəbul edirdilər. Elə ki, Azərbaycan öz torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi, Fransa əl-ayağa düşdü, hay-haray salmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azərbaycanla sülhə təşviq etmək əvəzinə, Konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd olduğunu anlatmaq əvəzinə, Paris gücsüz İrəvana sanki belə mesaj göndərir ki “möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah və sursatı biz göndərəcəyik”.

Makron deyib ki, baş nazir Nikol Paşinyanın Azərbaycana hücum etmək planı yoxdur. Həqiqətən də Paşinyan o durumda deyil ki, bu haqda düşünsün, o, İkinci Qarabağ müharibəsində elə zərbə almayıb ki, yeni müharibəyə hazır olsun. Söhbət Paşinyandan getmir, baş nazirin də etiraf etdiyi ordusundakı “5-ci kolon”dan, Yerkrapa kimi terrorçu təşkilatların varlığından gedir, hansı ki, Azərbaycana qarşı təxribatları ilə yadda qalıblar.

Makron üstəlik deyir ki, 2020-ci ildə Azərbaycan “dəhşətli” müharibəyə başlayıb. Makron unudur ki, onun “dəhşətli” adlandırdığı müharibə Azərbaycan ərazisində baş verib, məqsəd separatizmə son qoymaq olub. Beynəlxalq hüquq da bunu diktə edir. Makron Azərbaycanın bu hüququnu tanımırsa, bu onun problemidir. Makron açıqlamasının sonunda xoş olsun deyə, Ermənistanla Azərbaycan arasında sülhə dəstək verəcəyini bildirib. Sən iki dövlətə mane olma, Ermənistandakı təxribatçıları qızışdırma, sülhə Fransanın iştirakı olmadan da nail ola bilərik. Fransanın Ermənistana göndərdiyi hücum silahları sülhə yox, müharibəyə xidmət edir. Paşinyan bunu anlayanda gec ola bilər.

- Bu gün Ermənistanın sülh danışıqlarından imtinası nədən xəbər verir?

- Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması çərçivəsində sülh sazişini imzalaması bizim üçün vacib olsa da, bu proses yubadılır. Sülh müqaviləsinin imzalanması uzandıqca vəziyyət gərginləşir. Bu il ərzində sülh müqaviləsi imzalanmasa da, çərçivə sazişi aktualdır. Top Paşinyanın meydanındadır. Əgər Paşinyan dediyi kimi qonşularla normal münasibətlər qurmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, bunun bircə yolu var - konstitusiyada dəyişikliklər edib sülh sənədinin imzalanmasını sürətləndirməlidir. Əks halda, bundan daha çox Ermənistan zərər görəcək.

- Ermənistanın Londonda görüşdən imtinasının səbəbi nə idi?

- Nikol Paşinyan Böyük Britaniyanın paytaxtında keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdən imtina etsə də, London iki lideri görüşdürmək üçün əlavə diplomatik səylər göstərəcək. Çünki Paşinyan və İlham Əliyev fevralda Berlində Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın kansleri Olaf Şoltsun iştirakı ilə görüşüblər. Bundan sonra Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin iştirakıyla üçtərəfli görüş keçiriblər. İndi isə London da Avropa toplantısı çərçivəsində fürsətdən istifadə edib Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyirdi. Bu, Böyük Britaniyaya Cənubi Qafqazda maraqlı olduğunu, o cümlədən Bakı ilə İrəvan arasında Berlin və Vaşinqton qədər moderatorluğunu göstərmək üçündür. Paşinyan Londonda Azərbaycan Prezidenti ilə görüşmədi. Birinci səbəb masada Böyük Britaniyanın baş naziri Kir Starmerin oturması ehtimalı idi. Bunda qeyri-adi heç nə yoxdur. Avropa ilə bağlı toplantı Londonda keçirilib və Azərbaycanla Ermənistanın liderini görüşdürmək təşəbbüsü ev sahibi kimi Böyük Britaniyadan gəlib. Necə ki, fevralın əvvəlində İlham Əliyev və Nikol Paşinyan Münhendə Təhlükəsizlik Konfransında iştirakları səbəbiylə onları Almaniyanın kansleri Olaf Şolts görüşdürmüşdü, eynisini Böyük Britaniyanın baş naziri etmək istəyirdi. Bu, ümumi qaydadır. Digər tərəfdən Böyük Britaniyanın baş nazirinin iştirakı simvolik xarakter daşıyacaqdı. Kir Starmer ümumi şəkil çəkdirib və qısa şəkildə giriş nitqi deyib otağı tərk edəcəkdi. Olaf Şolts da fevralda belə etmişdi. Qəribəsi odur ki, Böyük Britaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malik olsa da, İrəvan da son bir ildə Londonla sıx əlaqələr qurub, qarşılıqlı səfərlər reallaşıb. Fikrimcə, Paşinyanın görüşdən imtinasının əsl səbəbi onun İlham Əliyevin iki tələbini yerinə yetirməsindən yayınmasıyla bağlıdır. Birinci tələb Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını əks etdirən bəndlərin çıxarılması, ikinci tələb Minsk Qrupundan imtinanın birgə elan edilməsidir. Görünür, Paşinyan bu iki tələbin yerinə yetirilməsini onun hakimiyyətinin zəifləməsi və reytinqinə təsir edəcəyi ilə əlaqələndirir. Halbuki bu iki şərt yerinə yetirilmədən sülh sazişinin imzalanması mümkün deyil. İlham Əliyevin sözlərinə görə, sülh sazişinin mətninin 90 faizi razılaşdırılıb. İki tələbin yerinə yetirilməsi 10 faizin içindədir, sülhə bircə addım qalıb. Paşinyan hər iki addımı atmaq məcburiyyətindədir, vaxtın uzanması heç nəyi dəyişməyəcək. Lakin erməni mətbuatında yayımlanan iddiaya görə, guya Paşinyan İlham Əliyevə vəd verib ki, Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra Konstitusiyanı dəyişdirəcək. Başqa sözlə, Ermənistanın baş naziri Azərbaycan Prezidentindən vaxt istəyib. Belə bir vədin olub-olmadığını söyləmək çətindir. Nikol Paşinyan heç imzaladığı 9 noyabr bəyanatını yerinə yetirmədi, qoşunlarını Qarabağdan çıxartmadı, bunu biz etdik, onun şifahi vədini yerinə yetirəcəyinə inanmaq olarmı? Digər tərəfdən, yaxın iki ildə Ermənistanda o qədər hadisə baş verə bilər ki, bunu kimsə proqnozlaşdıra bilməz. Paşinyan istəyir ki, əvvəlcə sülh sazişi imzalansın, digər konseptual məsələlər sonraya qalsın. Rəsmi Bakı da anlayır ki, sərhədlərin müəyyənləşməsi vaxt aparacaq və bu, sülh sazişinin imzalanmasına mane olmamalıdır. Ancaq Ermənistan Konstitusiyasında qonşusunun ərazisinə iddiaları əks etdirən bəndlərin sənəddən çıxarılması qeyri-müəyyən illərə saxlanılmamalıdır. Bunun həllinin başqa yolu il ərzində imzalanması ehtimal olunan çərçivə sazişində Ermənistanın yaxın iki il ərzində Konstitusiya dəyişikliyinə gedəcəyi barədə üzərinə konkret bəndlə öhdəlik götürməsidir. Anlamalıdırlar ki, Ermənistanda baş nazir kim olursa-olsun, bu öhdəliyin yerinə yetirilməməsi onlara baha başa gələcək.

- Avropa İttifaqının Cənubi Qafqazdakı planları və hazırda Ermənistanla bərabər sərgilənən mövqeləri nədən xəbər verir?

- Məlumdur ki, Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib. Maqdalena Qrono Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin baş müşaviri vəzifəsində çalışıb. Toivo Klaar Şarl Mişelin tapşırıqlarını yerinə yetirir, Bakı ilə İrəvana səfərləri sırasında Brüsselin təkliflərini çatdırırdı. Onun açıqlamaları bəzən ziddiyyətli olurdu. Ədalət naminə demək lazımdır ki, Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün çox çalışdı, ancaq onun planlarını Fransa prezidenti Emmanuel Makron pozdu. Makron “mən də masada oturmalıyam” deməsəydi, Şarl Mişelin Bakı ilə İrəvan arasında moderatorluğu davam edəcəkdi. Rəsmi Bakı Makronun iştirakıyla Brüsselin moderatorluğunu qəbul etmədi. Bununla Brüssel Berlinin və Vaşinqtonun arxasında qaldı, indi əsas moderatorlar bu iki dövlətdir. Odur ki, Fransa masadan çəkilmədiyi müddətdə Maqdalena Qrononun Bakı və İrəvana səfərləri nəticə verməyəcək.

- Avropa İttifaqının Ermənistana silah üçün pul ayırması nə ilə bağlıdır?

- Regionun beynəlxalq güclərin geosiyasi maraqları müstəvisində yenidən çalxalandırılması cəhdləri müşahidə olunur. 44 günlük savaşdan sonra məğlub olan Ermənistan sanki Rusiyadan üz döndərərək Qərbə sığınıb və bu istiqamətdə atdığı addımlarla növbəti oyunların kuklasına çevrilib. Bu gün Ermənistanın sülh prosesindən imtinası, regiona “hakimlik” etmək istəyi ilə özünün təsir rıçaqlarını yaratmaq üçün çabalayan ABŞ, Fransanın Ermənistanı silahlandırması, hərbi təlimləri, Avropa missiyasının Ermənistana daşınması, Azərbaycana qarşı qərəzli bəyanatlar və çıxışların nəticəsi kimi meydana gəlir. Qərbin, Avropanın Cənubi Qafqazda Rusiya ilə maraqları toqquşur və Rusiyanı bölgədən sıxışdırmaq üçün çalışır. Qərb, Avropanın bəzi imperialist gücləri, sanki Rusiya-Ukrayna müharibəsinin davamını Cənubi Qafqazda törətmək üçün platforma yaratmaqla məşğuldur. Görünən odur ki, Ermənistan Qərbin diqtəsi ilə regionda geosiyasi münaqişə potensialını dirçəldir. Beş apreldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli ABŞ-Ermənistan birgə hərbi təlimləri ilə diqqət çəkməklə reallığı dəyişməyə yönəlib. Qərbin, Avropanın regionda yaratmaq istədiyi gərginliyin Rusiyanı bölgədən sıxışdırılmağa hesablandığı meydana gəlsə də, əslində bu, Türkiyənin, Azərbaycanın regionda bir aparıcı dövlət olaraq qəbul edilməməsi və bundan doğan aqressiyadır.

- Azərbaycan sülhü hədəflədiyini bəyan edən, lakin işğalçını silahlandıran Qərbə, Avropa İttifaqına hansı mesajları verir?

- Prezidenti İlham Əliyev Şuşada Qlobal Media Forumda çıxışında da bəyan etdi ki, Azərbaycan beynəlxalq aləmdə dostlarının və tərəfdaşlarının sayını artırıb, müxtəlif regional təşkilatlarda ölkənin mənafeyi baxımından iştirak etməkdə maraqlıdır. Dövlət başçısı Qərbə düşmən gözüylə baxan, “kollektiv Qərb” ifadəsini mənfi mənada hallandıranlara da yaxşı cavab verib. O, Avropa Parlamenti və Avropa Şurası, o cümlədən Fransa xaricində Azərbaycanın Qərblə münasibətlərində problemin olmadığını bu şəkildə dəyərləndirib. Prezident deyib: “Vaxt keçdikcə Qərbin siyasi dairələrində reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”. Eyni zamanda, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən 3 il sonra anti-terror əməliyyatı ilə işğala və separatizmə birdəfəlik son qoydu. Gözləmək olardı ki, bu qələbəmizi həzm edə bilməyənlərin sayı çox olacaq, bizə təzyiq artacaq. Heç biri olmadı, kiçik istisnalar xaricində ərazimizdə separatizmə son qoymağımıza etiraz olmadı, əksinə, tərəfdaşlığa üstünlük verənlərin sayı artdı. Reallıq budur.