Səhəri dan yeri sökülməmiş açmışam. Uşaqlıq dostum zəng vurdu ki, həyat yoldaşını Sabunçudakı 3 saylı xəstəxanaya aparır, yolu da tanımır. Tələsik əynimi geyindim. Avtovağzal tərəfdə görüşüb sancılar içərisində qıvrılan gəlinbacını taksi ilə adıçəkilən xəstəxanaya çatdırdıq. Sən demə, dostumun atasıgil onun həyat yoldaşını bir dəfə də bu xəstəxanaya gətiriblər. Amma bu dəfə dostum gətirəsi olub. Hamiləliyinin beşinci ayında olan yoldaşının rəngi ağappaq idi. Məlum oldu ki, durum daha ciddidir. Hamiləliyin natamam başa çatması ehtimalının faizi indi daha yüksəkdir. İlk müalicədən sonra xəstə daha da ağırlaşıb. Gəncədəki həkimləri onları Sabunçudakı xəstəxananın ginekologiya şöbəsinə göndərib. Burada isə analığa namizədlərə yaxşı baxılmadığından əksər xəstələr hamiləlik müddətində böyük risklər yaşamağa məcbur olurlar. Dostum belə deyir.

“Qapıçılar işə taksi ilə gedib-gəlir”...
Bizi içəri buraxmadılar. Xəstəni növbətçilərə təhvil verib gözlədik. Yarım saatdan sonra bildirdilər ki, xəstəyə sakitləşdirici vurulub. İndi vəziyyəti normaldır. Yoldaşı yanına keçmək istədi, icazə verilmədi. Olmaz-dedilər. Sonra digər xanım xəstələrlə söhbətləşdik. Bildirdilər ki, içəri keçmək mümkündür. Gərək qapıçıya bir manat verəsən: “Mənim də yoldaşım hər gün gəlir. Zalda görüşmək üçün qapıçıya bir manat verir. Yoxsa buraxmırlar”.
Həmsöhbət olduğumuz xəstələr adlarını bizə bağışlamadılar. Yoxsa xəstəxanadakı işçilərinin onların müalicəsini daha da gözardı edə biləcəklərindən qorxduqlarını dedilər. Biz də onların fikrinə hörmətlə yanaşıb, sadəcə dediklərini yaddaşımıza yazmaq qərarına gəldik. Orta yaşlı xanımla söhbətləşirik. O da gəlinini gətirib. Deyir ki, burada qapıçılar hər gün 40-50 manatlıq “xaltura” edirlər. Hətta xəstə yaxınlarının iddialarına görə, eyni zamanda təmizlikçiliklə məşğul olan qapıçılardan bəziləri işə taksi ilə gedib gəlirlər: “Günə 40 manat qazansa, aya 1200 manat edir. Niyə də taksi ilə getməsin?! Üstəlik, öz maaşı da var. Soyğunçuluqdur. Xəstələrə də yaxşı baxmırlar. Ancaq pul güdürlər”.

“Verdikləri yemək yeyiləsi deyil...”
Ginekologiya şöbəsinin foyesinin ağzında dayanmışıq. Əlimlə 1 manat verib içəri keçirəm. 3-5 nəfər oturacaqda əyləşib. Qalanları ayaq üstədir. Əksəriyyəti xəstə yanına gələnlərdir. Sağlıq durumu yaxşı olan xəstələr görüş üçün bayıra çıxırlar. Səbəbini soruşuruq. Məlum olur ki, xəstələr uzaq yoldan gələn doğmalarını artıq xərcə salmaq istəmirlər. Ona görə də giriş qapısının ağzında görüşürlər. Məlum olur ki, xəstə yanına gələnlər palatalara keçə bilməzlər. Müdriyyət sərt tələb qoyub. Qapıçıların açıqlaması budur. Amma gözümüzün qarşısında əli dolu içəri keçənlər də oldu.
Gədəbəydən hamilə qızına baş çəkməyə gələn xanımı da içəri buraxmırlar:
-Yemək gətirmişəm. 400 kilometr yol gəlmişəm. Qızım zəng vurmuşdu. İki gündü gəlib. Gələndən acdır.
-Yalan demə, burada hər gün 3 dəfə onlara pulsuz yeməklər verilir.
-Verilir, amma xəstələr yeyə bilmirlər. Qızım deyir ki, hörrə gətirirlər, yağsız, duzsuz. Eləbil ki, suyun içinə iki-üç qaşıq un atmısan.
-Yesin də. Hər kəsə ondan veririk.
-Nəfisi çəkmir, ay xanım. Yeyə bilmir. Yemək bişirib gətirmişəm. Qoy keçim içəri, aparıb verim.
-Olmaz, müdriyyətin qəti göstərişi var. Baş həkim icazə vermir. Hər yer kameradır. Sizə görə bizi işdən atarlar.
Qapıçı xanım Gədəbəydən gəlmiş xəstə yaxınını qapıya qədər ötürdükdən sonra Sabunçudan gəlmiş bir xanımı təbəssümlə palataya göndərdi. Özü də əlidolu...

“Təzə paltar aldım ki, tanımasınlar...”
Samuxdan gələn yaşlı xanımla söhbətləşirik. Deyir ki, burada qohumdan - əqrəbadan bir kimsə yoxdur. Gecə ikən qəfil ağrılarla gəlinini buraya gətirib: “Gəncədə müalicə alırdı. Hamiləliyinin 18-ci həftəsindədir. Ana bətnində su sızması var. Hamiləlik erkən başa çata, uşaq düşə bilər. Gəncədəki həkimlər buradakı həkimi (ad çəkmir-red.) məsləhət gördülər. Yanımda zəng etdi ki, bizlik deyil, yanınıza xəstə göndəririk. Onlara yaxşı baxın. Doğrudan da həkim yaxşı baxır. Doğum şöbəsinin həkimidir. Amma mənə xəstəxanada qalmağa icazə vermirlər. Deyirlər ki, get rayona. Mən necə gedim, gəlinim özünə qulluq edəcək durumda deyil, tibb bacıları da yaxşı baxmırlar. Gecələr yatırlar. Ağrıları kəskinləşəndə bir neçə dəfə tibb bacılarını gedib özüm yuxudan qaldırmışam”.

Samux sakini onu da iddia edir ki, bir neçə gün tibb bacılarının, növbətçilərin gözündən yayınaraq foyedə otura bilib: “Gecə saatlarında gəlmişəm. Səhər növbə dəyişimi zamanı xəstələrə baxan olmur. Arxa qapıdan keçib gəlinimin yeməyini, suyunu verib yenə gözdən itmişəm. Xəstəxananın həyətində dolaşıram. Üç gündür ayaq üstəyəm. Burada kirayə tutmağa imkanım yoxdur. Qapıçılara pul vermirəm deyə, mənimlə araları yoxdur. Gündə iki dəfə növbə dəyişir. Gərək hər gün hərəsinə 2 manat pul verəm. Niyə verməliyəm?! Özü də cəmi 100 manatla gəlmişəm. Xəstəxana həkiminin yanına getdim, dedi ki, narahat olma, get. Bilirəm ki, getsəm gəlnimə baxan olmayacaq. Allah ümidinə qalacaq. Axırda dünən gedib 11 manata don almışam ki, geyimimi dəyişim, bəlkə tanımadılar. Dünəni yola verdim. Sabah analizlərin cavabı çıxacaq. Onu gözləyirəm. Bu gecəni də birtəhər yola verib gedəcəyik. Təki uşağımın axırı yaxşı olsun, Allaha pənah...”.
Başqa bir xəstə qohumunun iddialarına görə, paltar falan boş şeydir. Onlar da qapıçıların uydurmasıdır. Guya paltarı dəyişəndə xəstə yanına gələni tanımırlar?! Həmsöhbətimin iddiaları daha kəskindir: “Tanıyırlar. Sadəcə olaraq, paltar satan xanımlar qapıçılarla danışır, onlara hörmət edirlər. Onlar da əl altından belə bir şaiyə buraxırlar ki, rayondan gələn saf adamlar bu “bazar arvadları”ndan paltar alsın. Bir gün görməzlikdən gəlirlər. İkinci gün yenə də həmin adamı “tanıyırlar”.
“Hər həkim bir “tanış aptekə” göndərir...”
Başqa bir xanımla söhbətləşirik. Deyir ki, növbətçi tibb bacılarına “hörmət” etməsən, xəstənə yaxşı baxmırlar. Əlavə edir ki, həkimlər səviyyəsində rüşvət məsələsinə rast gəlməsə də başqa bir nüans onu narahat edir: “Xəstəxanın yaxınlığında 10-dan çox aptek var. Hər həkim birinin yanına göndərir. Deyirlər ki, məsləhətlisi budur, yaxşı dərmanlardır, tanış adamdır- deyirlər. Əvvəlcə inandım. Sonra baxdım ki, fərqli-fərqli şöbələrdən çıxan xəstə yaxınları başqa-başqa apteklərə üz tutur. Hamısına da həkim məsləhət görüb ki, ondan alaq. İmanımı yandıra bilmərəm, yəqin həkimlər həmin apteklərlə birgə işləyirlər. Yoxsa niyə hərəsi birinin yanına göndərsin ki?!”.
Biz dostumla xəstəxanadan uzaqlaşmaq istəyəndə isə növbə dəyişimi idi. Yeni qapıçılar, yeni növbətçilər növbəni təhvil alacaqdılar. İçəridə bir xəstə isə nəzarətsiz idi. Qışqırığı tük ürpədirdi:
-Hardasınız? Sancılanmışam, tez gəlin... Götürün bu uşağı, artıq dözə bilmirəm, götürün...
P.S: Yazıda adları keçən və ya əlaqdar qurumların da mövqeyini dərc etməyə hazırıq.