Son vaxtlar paytaxtda fəaliyyət göstərən bəzi tibb müəssisələrində rentgen kabinetlərinin fəaliyyəti dayandırılır. Belə ki, bir müddət əvvəl Respublika Kliniki Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb. Ən son isə oktyabr ayının 9-u “Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin 2 nömrəli poliklinika şöbəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin 2 nömrəli poliklinika şöbəsində yerləşən rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
Maraqlıdır, görəsən, tibb müəssisələrində fəaliyyət göstərən rentgen aparatları neçə ildir fəaliyyət göstərir? Müasir rentgen aparatlarının qiyməti neçəyədir? İstifadəyə yararlılıq müddəti bitmiş aparatlarda yoxlanışdan keçmək insan sağlamlığı üçün hansı fəsadlara yol açır?
Məsələyə münasibət bildirən həkim-radioloq Aydın Əliyev bildirib ki, əksər klinikalarda ionlaşdırıcı şüa mənbələri olan radioloji müayinə cihazlarına texniki baxışlar sıfır səviyyəsindədir: “Təəssüflər olsun ki, bizim ölkəmizin əksər klinikalarında ionlaşdırıcı şüa mənbələri olan radioloji müayinə cihazlarına texniki baxışlar sıfır səviyyəsindədir. Texniki xidmət olmalıdır, ən azı 6 aydan bir bütün cihazlar klinikada olan texnik tərəfindən yoxlanılmalıdır. Altı aydan bir dəfə, ən azı ildə bir dəfə bütün bu radiasiyaya malik olan cihazılar yoxlanmalıdır. Təəssüflər olsun ki, bu, bizdə yoxdur. İllərlə bəzən cihaz işləyir, ona heç bir texniki xidmət olunmur. Axırda da belə bir vəziyyət alınır. Digər tərəfdən, orada neqativ hallar da var. Bəlkə təmirə ayrılan vəsaitlər mənimsənilir, bəlkə heç təmir üçün vəsait ayrılmır. Burada əsas məsələ tibbi personaldan gedir, xəstə yoxlanır gedir. Personal daim orada olduğuna görə radiasiya təhlükəsizliyinin pozulması personalın sağlamlığına, səhhətinə ciddi təhlükə yarada bilir. Eyni zamanda, ionlaşdırıcı şüa mənbələri ilə işləyən personalın təsir dozasını ölçən cihazı olmalıdır, yəni radiasiyanın dozasını ölçür, üç aydan bir yoxlanır. Yoxlama zamanı qüsur aşkar olunursa, bağlanması normaldır. Yəni, FHN-in vaxtaşırı bu səpkili yoxlamalar keçirməsi tamamilə qanunidir və zəruridir. Rentgen və KT şöbələri, ionlaşdırıcı şüa mənbəyi istifadə edilən müayinə usulları var, bir də ionlaşdırıcı şüa ilə müalicə üsulu mövcuddur. Əgər hər hansı bir klinikanın, xəstəxananın nəzdində bu şöbələr, kabinetlər fəaliyyət göstərəcəksə, klinika inşa edilərkən, yaxud, klinikada bu şöbələr, kabinetlərin fəaliyyətinə başlanmazdan öncə bunlar xüsusi olaraq layihələndirilməlidir. FHN və Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə iş aparılmalıdır. Bu cür şöbə və kabinetlərə qoyulan tələblər hansılardır, neçə kvadratmetr ərazi daxilində olmalıdır, havalandırma sistemi, divarların quruluşu, qoruyucular və sair haqqında ətraflı məlumat alınmalı, sonra işə başlanmalıdır. Belə təyinatlı şöbə və kabinetlərin təşkilinə dair xüsusi təlimatlar var. Onlara əməl edilməlidir. Bir çox klinikalarda ionlaşdırıcı şüalanma mənbəyi olan kabinetlər təlimatlara uyğun deyil, razılaşdırılmamış layihə əsasında fəaliyyət göstərir. FHN vaxtaşırı yoxlamalar aparmalıdır ki, radiasiyanın kənara yayılma ehtimalı varmı, yoxdur. Bu məsələdə tibbi personalın təhlükəsizliyi əsas götürülməlidir. Yoxlanmalıdır ki, tibbi personalın məruz qaldığı radiasiya yolverilən həddədirmi? Çünki radioloqlar iş saatı ərzində şüalanmaya məruz qalır. Bu hədd normadan artıq olarsa, tibbi personal üçün həyati təhlükə daşıyacaq. Ona görə də rentgen kabinetləri, ionlaşdırıcı şüa mənbəyi olan qurğular olan otaqlar normativ şərtlərə cavab verməlidir”.
Rentgen avadanlıqlarının istismar müddətinə və qiymətinə gəlincə, mütəxəssis bildirib ki, bu aparatların yararlılıq müddəti xəstə sayına görə dəyişir: “Hər bir ölkənin istehsal etdiyi rentgen aparatında təlimatlar qeyd olunur. Həmin təlimatlara əsasən, aparatların istismar müddəti xəstə sayına görə dəyişir. Məsələn, elə aparatlar var ki, xəstə sayı olaraq 10 min göstərilir. Tutaq ki, həmin aparatdan 5 il ərzində heç 500 xəstə istifadə etmir. Yəni, təzə kimidir. Amma elə aparatlar da var ki, artıq istismar müddəti başa çatıb. Ona görə xəstəxaların maddi-texniki bazası möhkəmləndirilməlidir. Bu avadanlıqların qiymətinə gəlincə, hər kəsə bəllidir ki, tibbi avadanlıqlar dünyada bahalı mallar siyahısındadır. Amma bizim ölkənin həmin avadanlıqları əldə etməyə yetərincə büdcəsi var. Lakin burada bir məqam var ki, məsələn, dünya bazarında qiyməti 50 minə olan aparat bizim ölkəyə gəlib 200 minə çıxır. Təbii ki, bu da çoxlu suallar yaradır. Əgər şişirdilmiş qiymətlər olmasa, bu sahəyə nəzərdə tutulan vəsaitlə daha çox xəstəxananın maddi-texniki bazasını yaxşılaşdırmaq olar”.
Mövzu ilə bağlı ekspert İlqar Hüseynli isə deyib ki, əgər rentgen aparatlarının yerləşdirildiyi otaqlarda təhlükəsizlik qaydalarına tam riayət olunmursa, bu halda insanların sağlamlığı üçün təhlükə yarana bilər: “Azərbaycanda radiasiya təhlükəsizliyi Azərbaycan Respublikasının Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanunla tənzimlənir. Əgər mövcud normativlər tibb müəssisələrində pozulursa, rentgen aparatlarının yerləşdirildiyi otaqlarda divarların qalınlığı qoruyucu təbəqələrin yerləşdirilməsi, xüsusi mühafizə vasitələrindən istifadə şərtləri pozulursa, onda həm pasiyentlər, həm tibb personalı şüalanma dozasının təsirinə məruz qala bilər və bu da onların həyatı üçün risk yarada bilər. Təcrübə göstərir ki, adətən, rentgen binaların zirzəmisində xüsusi mühafizə tədbirləri həyata keçirilmiş, qoruyucu təbəqələrə malik otaqlarda yerləşdirilir və bu yerləşdirmə icra olunarkən Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən xüsusi icazə alınır və o icazənin tələblərinə uyğun həmin avadanlıqlar yerləşdirilir. Eyni zamanda, bu gün özünə hörmət edən tibb müəssisələri müasir standartlara cavab verən avadanlıqlardan istifadə edirlər. Kabinetlərinin hər birinin xaricə açılan qapıları xüsusi standartlara uyğun materialdan hazırlanmış qapılarla təmin olunub. Amma bəzən siqnallar daxil olur ki, müəyyən kabinetlər bu standartlara cavab vermir, ona görə də belə kabinetlər bağlanılır”.