Qarabağdakı mina faciələrinin qarşısını necə almalı?- ARAŞDIRMA

12:44 11.02.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Keçmiş döyüşçü zabitlər cavab verir...

Son müzəffər Vətən savaşımızdan ötən 3 ay ərzində işğaldan azad edilmiş torpaqlarımızda həm hərbi, həm də mülki vətəndaşlarımız üçün əsas təhlükə mənbəyi  düşmən tərəfindən basdırılmış minalar hesab olunur. Demək olar ki, hər həftə ya bir və ya bir neçə hərbçimizin, yaxud mülki vətəndaşlarımızın mina partlayışı nəticəsində həlak olması, yaralanması haqda  xəbərlər eşidirik.

Sonuncu belə bir olay fevralın 8-də  Tərtər rayonunun işğaldan azad edilmiş Talış və Suqovuşan məntəqələri istiqamətində  baş verib.  Həmin ərazidə 5 hərbçimiz minaya düşüb. Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıb və hərbi hospitala təxliyə olunublar. Onlardan birinin – polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib. 

Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazriliyi, Baş Prokurorluq və ANAMA-nın dəfələrlə  xəbərdarlığına rəğmən, mülki vətəndaşlar qaydalara əməl etməyərək icazəsiz şəkildə qadağan olunmuş zonalara daxil olur və nəticədə bədbəxt hadisələr baş verir.

 

Doğrudur, soydaşlarımızın mina partlayışlarının qurbanı olmasının əsas səbəblərindən biri hərbi və ya mülki vətəndaşlarımızın məsuliyyətsizlik edərək qadağan olunmuş ərazilərə getməsidir. Digər tərəfdən, işğaldan azad ərazilərdə quruculuq işlərində iştirak edən müxtəlif qurum əməkdaşları, eləcə də hərbçilərin müxtəlif zəruri işlərin, tapşırıqların yerinə yetirilməsi zamanı  ağlagəlməyən yerlərdə basdırılmış minalara düşməsi faktları da xeylidir. Bunun da əsas səbəbi Ermənistan ordusu tərəfindən işğal müddətində və son döyüşlər zamanı minalanmış sahələrdən məlumatsızlığımızdır. Ali Baş Komandan da son çıxışlarının birində ermənilərin mina sahələrinin xəritələrini verməkdən imtina etdiyini bildirib.  

Hərbçilərə gözəl məlumdur ki, hərbi əməliyyatlar zamanı basdırılmış minaların “formulyar” deyilən xəritələri tərtib olunur. Bəs görəsən, Azərbaycan tərəfinin Ermənistan Müdafiə Nazirliyindən həmin xəritələri əldə etmək şansı yoxdurmu?..

Reallıqda Rusiyanın sülhməramlı  missiyası daşımalı olan ordusu əgər doğrudan da həm Azərbaycan, həm erməni tərəfdən canlı itkilərin sayını azaltmağa çalışırsa, bu gün faktiki Moskvanın hər əmrini yetirməyə hazır olan Ermənistandan minalanmış sahələrin xəritələrinin surətlərini əldə edə və bunu Azərbaycan ordusuna da verə bilər.

Mövzu ilə bağlı “Həftə içi”nə açıqlamasında keçmiş Laçın alayının komandiri, ehtiyatda olan  polkovnik Arif Paşa bunları söyləyib:

“Dünyanın istənilən ordusunda minalanmış sahələrin formulyarının, yəni xəritəsinin hazırlanılıb saxlanılması  zəruri normativ aktdır.  Düşmənin canlı qüvvəsi və ya texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş mina sahəsinə  kəşfiyyat və ya döyüş əməliyyatı zamanı həmin ordu hərbçilərinin özü də düşə bilər.  Eyni zamanda zərurət yarandıqda mina formulyarlarının surətləri müttəfiq ölkə ordularına da verilə bilər.

Əlbəttə, Ermənistan minalanmış sahələrin xəritələrini Azərbaycana versə, bu həm hərbçilər, həm  də mülki əhali arasında itkilərin sayını xeyli azalda bilər.

Hesab edirəm ki, Rusiyanın Qarabağa yerləşmiş hərbi kontingenti Ermənistan Müdafiə Nazirliyindən, eləcə də Qarabağdakı separatçı xuntadan minalanmış sahələrin formulyarlarını əldə edib. Yaxud ən azı, şifahi olaraq həmin sahərin yerini öyrəniblər.  Düzdür, dekabr ayında Rusiya minaaxtaran hərbçilərindən də biri Şuşa yaxınlığında mina partlayışından həlak oldu. O, minaya düşərkən yox, onun artıq yerini müəyyən edib zərərsizləşdirərkən hansısa ehtiyatsız hərəkət nəticəsində öldü. Bizim əksər hərbçilər bilavasitə yerini bilmədikləri minaların üzərinə ayaq basarkən və ya avtomobillə keçərkən baş verən partlayış nəticəsində həlak olurlar.  Bunlar fərqli şeylərdir”.

“Bunu bacaran mülki ermənilər də arxayın çıxdıqları rayon ərazilərinə, məsələn, Kəlbəcər, Laçın, Ağdamın və s. yaşayış məntəqələrinə təsadüfən əldə etdikləri minaları basdıra bilərlərmi?” sualını isə Arif Paşa belə cavablandırıb:

“İstisna kimi belə xaotik hallar ola bilər. Təbii ki,  bu cür minalı yerlərin formulyarı olmayacaq. Burada ciddi bir məsələ var. Ən intizamsız orduda belə,  mülki əhali üçün minanı əldə etmək, onunla davranmaq “Kalaşnikov” avtomatı kimi asan ola bilməz.  Avtomat silah özünümüdafiə məqsədilə mülki əhaliyə də sənədlə verilə bilər. Minanın verilməsi tapançanın və ya avtomatın verilməsi qədər sadə məsələ deyil. Mülki şəxs onunla davranmağı bacarsa belə, minanın basdırılması ona etibar edilə bilməz. Ona görə ki, xaotik olaraq basdırılmış minaya sabah həmin mülki şəxsin özü və ya onun yerini bilməyən ordu mənsubu da düşə bilər. Odur ki, mülki ermənilərin mina əldə etməsi yalnız çox nadir hallarda baş verə bilər. Sadəcə, döyüş zamanı hansısa ordu hissəsinin dislokasiya yerində partlatmağa belə macal tapmayaraq qoyub qaçdığı silah-sursat anbarlarından təsadüf nəticəsində o ərazidə qalmış mülki şəxsin mina əldə etməsi mümkündür...

Bir sözlə, savaşlar zamanı basdırılmış minaların böyük əksəriyyətinin formulyarları tərtib olunur və uzun illər arxivlərdə saxlanılır. Onu qarşı tərəfin bu və ya digər yollarla əldə etməsi də mümkün ola bilər”, - deyə keçmiş döyüşçü alay komandiri qeyd edib.

Digər qorxulu bir ehtimal ANAMA və ya ordumuz tərəfindən minadan təmizlənmiş sahələrə erməni diversantlarının yenidən mina basdırmasıdır. Bəs belə bir hal mümkündürmü?

İstefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov “Həftə içi”nə açıqlamasında belə deyib:

“İnsanlarımızın  mina partlayışlarının qurbanı olmasının hazırda iki əsas səbəbi var. Birincisi, dəfələrlə müvafiq qurumlar tərəfindən qeyd edilən vətəndaş məsuliyyətsizliyidir. Təəssüf ki, son vaxtlar belə hallara hərbçilər arasında da yol verilir. Bilirsiniz, tarixən hələ qədimlərdən bəri savaşlardan sonra “qələbədən arxayınçılıq” deyilən bir sindrom var ki, bu da ordularda bir az boşluq, intizamsızlıq yaradır. Görünür, bizim bəzi hərbi qulluqçularımız da belə bir sindroma yoluxduqlarından, bəzən dislokasiya olunduqları ərazilərdə mina təhlükəsi olub-olmamasını nəzərə almadan hansı tərəfə gəldi, hərəkət edirlər. İnşallah, belə hallar varsa, tezliklə qarşısı alınar...

Digər qorxulu məsələ, qeyd etdiyiniz kimi, təmizlənmiş  yollara, sahələrə düşmən tərəfindən yenidən mina basdırılması ehtimalıdır. Bu, gerçəklikdə mümkün ola bilən bir işdir. Məlum olduğu kimi, hələ Yuxarı Qarabağ ərazisi Ermənistan hərbi birləşmələrindən, eləcə də mülki ermənilər tərəfindən yaradılmış qanunsuz silahlı dəstələrdən tam təmizlənməyib. Həmin başıpozuq dəstələr ordumuza, mülki əhalimizə, hökumət qurumlarının əməkdaşlarına qarşı hər cür təxribata əl ata bilərlər. Bildiyiniz kimi, hələ noyabrın sonu, dekabrın əvvəllərində Hadrut istiqamətində hərbi və mülki vətəndaşlarımız arasında itkilərə səbəb olan belə gözlənilməz hücumlar baş vermişdi. Silahlı hücumdan əlavə, düşmən özlərinə yaxın ərazilərdə ordumuzun, mülkilərimizim hərəkət etdiyi əsas yollara, keçidlərə, körpülərə yenidən minalar döşəyə bilər. Odur ki, işğaldan azad ərazilərimizdəki hər bir istər hərbçimiz, istərsə də mülki vətəndaşlarımız daim və həddindən artıq ayıq-sayıq olmaldırlar”, - deyə kəşfiyyatçı polkovnik fikrini tamamlayıb.