Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğunu sürdürməyə çalışan separatçı rejimin rəhbərliyi yeni siyasi avantüralara hazırlaşır.
Hafta.az bildirir ki, "Qraparak" nəşrinin yazdığına görə, Qarabağda "konstitusiya referendumunun" keçirilməsinə tələsirlər:
"Əgər əvvəllər "referendumun" gələn ilin yazında keçirilməsini düşünürdülərsə, son günlər onun vaxtının dekabr ayına təyin edilməsi təklifləri də səslənir. Noyabrın 15-də "Qarabağ parlamentində" növbədənkənar iclas keçirilib, “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında”, “Referendum haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanun layihələri gündəliyə daxil edilib. Dəyişikliklər 44 günlük müharibədən sonra Ermənistana köçmüş "Qarabağ vətəndaşlarına referendumda" iştirak etmək imkanı verəcək. Yəqin ki, Qarabağın İrəvandakı operativ qərargahında Ermənistanda vahid seçki məntəqəsi təşkil olunacaq. Xatırladaq ki, "konstitusiya dəyişikliyi zamanı təkcə hakimiyyət sistemi deyil, həm də prezident və parlament seçkiləri" də fərqləndirilir ki, bu vəziyyətdə müəyyən risklər var. Çünki "prezidentin" istefası zamanı "parlament" avtomatik olaraq buraxılır. "Yeni Konstitusiyanın qüvvəyə minməsindən sonra bir il ərzində parlament seçkiləri, 2024-cü ildə isə prezident seçkiləri keçiriləcək”, - qəzet qeyd edir.
Xatırladaq ki, rəsmi Bakı rus hərbçilərinin nəzarətində olan separatçı rejimin ləğvini tələb edir. Hazırda separatçıların rəhbəri olan Arayik Arutyunyan isə tezliklə Xankəndindən qaçmağa çalışır. Bu səbəbdəndir ki, Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə gələn erməni milyarder Vardanyana tələsik "dövlət naziri" postu təqdim edildi. Ekspertlər də bildirir ki, müharibədən sonra yaranmış vəziyyətə görə separatçı rejimin ləğv edilməsi istiqamətində atılan addımları neytrallaşdırmaq, qondarma qurumun mövcudluğunu sürdürməsinə şərait yaratmaq üçün Moskvada xüsusi planlar hazırlanır. İndiki "referendum" da məhz həmin planların tərkib hissəsidir.