Qaradağ rayonunda 600-dən yuxarı bal toplamış məzunlar mükafatlandırılıb

21:57 09.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.

Hafta.az yazır ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, müavinlər, şura üzvləri, aparatın şəbə müdirləri, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edib. Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öncə ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir. Qaradağ rayonu üzrə orta məktəbi 1 nəfər qızıl medala layiq görülməklə 1218 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 929 abituriyentin 63 faizi, yəni 585 nəfəri tələbə adını qazandığı, onlardan 18 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırılıb.

288 nömrəli tam orta məktəbin məzunu Aslanzadə Kəmalə Elşən qızı tam orta məktəbi qızıl medalla bitirərək 664 balla Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi adını qazanıb. Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplamış 18 məzuna Qaradağ RİH-nin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.