Qazaxıstanın Ali Şurası paytaxtın Almatından Akmolaya köçürülməsi haqqında qərarı 1994-cü il iyulun 6-da versə də, ölkənin Birinci Prezident Nursultan Nazarbayev həmin sənədi xeyli sonra - 1997-ci ildə təsdiqləyib. 1992-ci il iyulun 6-dək Tselinoqrad adlandırılan Akmola şəhəri rəsmi olaraq 10 dekabr 1997-ci ildə Qazaxıstan paytaxtı elan edilib. 6 may 1998-cu il tarixində Akmolanın adı Astanaya dəyişdirilib. Prezident Kasım-Jomart Tokayevin 23 mart 2019-cu il tarixli Fərmanına əsasən, Astananın da adı “Qazaxıstan Respublikasının inzibati-ərazi quruluşu haqqında” Qanuna əsasən Nur-Sultan elan olunub.
Hafta.az-ın yazdığına görə, Paytaxt Günü şəhərin bu statusu aldığı andan qeyd olunur. Hansı ki, əvvəllər bu bayram 10 iyun tarixində qeyd edilirdi. Lakin, 18 iyul 2008-ci il tarixində Məclis sosial-mədəni inkişafı Komitəsi tərəfindən təqdim olunan “Qazaxıstan Respublikasında bayramlar haqqında” Qazaxıstan Respublikasının Qanununa əlavələr edilməsi haqqında” qanun layihəsini qəbul edib və onun əsasında yeni bayram – “6 iyul – Paytaxt Günü” müəyyənləşdirilməsi nəzərdə tutulurdu. Məclis Komitəsinin rəyində bildirilirdi ki, bu bayram xalq üçün tarixi-mədəni əhəmiyyətə malik olacaq və Qazaxıstanın uğurlarının simvoluna çevriləcək.
Bu il Qazaxıstanın Paytaxt Günü şərəfinə geniş bayram proqramı gözlənilir.
Əsas proqramlardan biri kimi, milli Dombra Gününə həsr olunan genişmiqyaslı respublika tədbiri keçirilib. Tədbir iyulun 4-də “Ekspo” beynəlxalq sərgi mərkəzi ərazisində keçirilib və “Qazaqstan” telekanalında onlayn canlı yayımlanıb.
Bundan başqa, 2-3 iyul tarixlərində “Astana Balet” teatrı səhnəsində mövsümün əsas premyerası – Rusiyanın əməkdar incəsənət xadimi Qeorqi Kovtunun sevgi haqqında olan “Kozı Korpeş – Bayan Sulu” poema-baletin premyerası baş tutub. İyulun 3-də bəstəkar D.Nurpeisova və xadim K.Satpayev şərəfində ucaldılan heykəllərin, 4 iyul isə “Alaş” hərəkatın liderləri A.Bokeyxanov, A.Baytursınov bə M.Dulatovun abidələrinin açılışı olub.
Bu gün Nur-Sultan dinamik şəkildə inkişaf edən meqapolisdir, Qazaxıstanın oturuşmuş inzibati, sosial-iqtisadi və siyasi mərkəzdir. Respublikanın paytaxrı özündə dövlətin müstəqilliyinin 30 ili ərzində əldə olunan sosial-iqtisadi və siyasi uğurları təcəssüm edir, ölkənin artan gücünü və onun gələcək inkişafın yüksək potensialını göstərir.