Qərb institutları müstəqil siyasət yürütməmizi həzm edə bilmir - Elşad Mirbəşir

12:11 25.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Əslində Avropa İttifaqı strukturları hər zaman nümayiş etdirirlər ki, onlar insan hüquqları, demokratiya məsələlərini başqa xalqlara, dövlətlərə bir təzyiq aləti kimi istifadə edirlər. Ona görə də? bu qərəzin arxasında dayanan motivlər haqqında da çox düşünməyə ehtiyac olmur. Əsas məsələ bundan ibarətdir ki, Avropa İttifaqı institutları Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir”.

Bunu hafta.az-a Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında siyasi şərhçi, professor Elşad Mirbəşir bildirib.

E.Mirbəşir qeyd edib ki, Azərbaycan hər zaman öz milli maraqları çərçivəsində addımlar atır, beynəlxalq təmaslar qurur ki, bu da Avropa İttifaqında qıcıq yaradır. Bu səbəbdən ölkəmizə münasibətdə aşkar qərəzli mövqe sərgiləyirlər.

“Biz yaxşı xatırlayırıq, öz tarixi torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etdikdən sonra olduqca aşkar qərəzli münasibətlər Qərb institutları tərəfindən sistemli xarakter aldı. Ölkəmizə qarşı qətnamələr qəbul edildi. Halbu ki? Azərbaycan BMT-yə üzv qəbul olunduğu beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmiş oldu. Belə olan halda Azərbaycana qarşı sistemli şəkildə siyasi hücumlar təşkil edilirdi. Bunun özü bir daha nümayiş etdirir ki, Qərb strukturları baş verən hadisələrə, cərəyan edən proseslərə heç vaxt obyektiv yanaşmırlar. Onlar həmişə öz maraqları prizmasından yanaşırlar. Azərbaycanda insan hüquqları, demokratiyanın vəziyyəti və Ermənistanla münasibətlər kontekstində yanaşma sərgiləyən Avropa İttifaqının özündə insan hüquqları kobud şəkildə pozulur. Biz dəfələrlə Fransada, Avropanın bir sıra digər ölkələrində dinc etiraz aksiyası keçirən insanlara qarşı hansı qəddarlığın törədildiyini müşahidə etmişik. ABŞ-da irqi ayrı-seçkilik zəminində dəfələrlə polis tərəfindən qətllər törədilib, silasız insanların həyatına son qoyulub. Biz bunu hər zaman müşahidə edirik. Amma onların özləri başqa dövlətlərdə hansısa nöqsanlar axtarmaqla nə dərəcədə riyakar olduqlarını nümayiş etdirirlər”.

E.Mirbəşir Avropada ayrıca olaraq islamofob, türkəfob meylərin də aşkar şəkildə müşahidə olunduğunu vurğulayıb. Bildirib ki, onlar bunu heç gizlətmirlər də.

“Quranın bir neçə dəfə Avropa ölkələrində nümayişkaranə yandırılması, ümumiyyətlə insanların etiqad azadlıqlarının məhdudlaşdırılması halları Avropa İttifaqında adi vəziyyətdir. Bütün bunları görmədən başqa dövlətlərə, başqa xalqlara iradların bildirilməsi əlbəttə ki, bir daha bizdə o qənaəti möhkəmləndirir ki, Avropa strukturları, Avropa İttifaqı institutları Azərbaycana münasibətdə tam aşkar qərəzli mövqe sərgiləyirlər. Onlar öz yanaşmalarında obyektivlikdən, səmimiyyətdən çox uzaqdırlar. Yalnız öz maraqlarına uyğun gəldiyi hallarda hansısa vəziyyətə müsbət yanaşırlar. Hansı ki, o vəziyyətlərdə də heç bir müsbət elementlər mövcud olmur. Biz artıq Qərb institutlarının belə bir obrazını yaxşı tanımalıyıq”.