BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (UNHCR) bu gün bildirib ki, son altı həftə ərzində ABŞ və İsrailin dəstəklədiyi Qəzzaya Humanitar Yardım Fondu tərəfindən idarə olunan yardımpaylama məntəqələrində və BMT də daxil olmaqla, digər yardım təşkilatlarının konvoylarının yaxınlığında ən azı 875 nəfərin öldürüldüyünü müşahidə edib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, ölənlərin əksəriyyəti Qəzzaya Humanitar Yardım Fondunun (GHF) obyektləri yaxınlığında baş verib, qalan 201 nəfər isə digər yardım karvanlarının istifadə etdiyi marşrutlarda ölüb.
GHF Qəzza zolağına təchizat çatdırmaq üçün Amerikanın özəl təhlükəsizlik və logistika şirkətlərindən istifadə edərək, İsrailin Həmas yaraqlılarına mülki şəxslər üçün nəzərdə tutulan yardım göndərişlərini qarət etməsinə icazə verdiyini bildirdiyi BMT-nin başçılıq etdiyi sistemdən yayınır. Həmas isə bunu inkar edir. Təşkilat mayın sonunda, İsrailin 11 həftəlik yardım blokadasını qaldırdıqdan sonra Qəzzada ərzaq bağlamaları paylamağa başlayıb.
Təşkilat daha əvvəl “Reuters”ə bildirib ki, onun obyektlərində belə bir hadisə baş verməyib və BMT-ni dezinformasiyada ittihamlayıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Tamin əl-Xitan Cenevrədə jurnalistlərə bildirib ki, "Məlumatlarımız müxtəlif etibarlı mənbələr, o cümlədən insan hüquqları, humanitar və səhiyyə təşkilatları vasitəsilə toplanmış öz məlumatlarımıza əsaslanır".
BMT GHF-nin yardım modelini “mahiyyət etibarilə təhlükəli” və qərəzsizliyin humanitar standartlarının pozulması kimi təsvir edir.
GHF bildirib ki, beş həftə ərzində Qəzzada fələstinlilərə 70 milyondan çox yemək çatdırıb, Həmas və digər cinayətkar dəstələr digər yardım təşkilatlarına məxsus “demək olar ki, bütün yardımları” talayıblar. İsrail ordusu əvvəlki açıqlamada bildirib ki, son ölümləri nəzərdən keçirir, hasarlar, işarələr quraşdıraraq və əlavə yollar açaraq fələstinlilərlə İsrail ordusu arasında münaqişəni minimuma endirməyə çalışır.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) əvvəllər yardımların zorakılıqla talan edildiyini qeyd etmişdi.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) keçən həftə Qəzzaya ərzaq yardımı aparan yük maşınlarının əksəriyyətinin “ac mülki vətəndaşlar” tərəfindən dayandırıldığını bildirib.