Qırğızıstanda Heydər Əliyev küçəsi abadlaşdırılacaq - FOTO

20:30 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd edilməsinə hazırlıqla bağlı Qırğızıstanda soydaşlarımızın yığcam yaşadığı Çuy vilayətinin Kant şəhərindəki Heydər Əliyev küçəsinin abadlaşdırılması nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bununla əlaqədar Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev və diaspor fəalları Kant şəhər bələdiyyəsinin başçısı Ulan Maylıbaşevlə görüşüblər. Görüşdə Kant şəhərindəki Heydər Əliyev küçəsinin abadlaşdırılması, həmçinin küçənin görkəmli yerində Ulu Öndərin barelyefinin vurulması məsələsi müzakirə olunub.

Ulan Maylıbaşev bildirib ki, küçənin abadlaşdırılması məqsədilə xüsusi işçi qrupunun yaradılması qərara alınıb. Bu qrup məsələni araşdıracaq və təklifləri bələdiyyəyə təqdim edəcək. Bundan sonra küçənin abadlaşdırılması, Heydər Əliyevin barelyefinin hazırlanması istiqamətində iş başlanacaq və Azərbaycan xalqının Ulu Öndərinin anadan olmasının 99-cu ildönümü ərəfəsində tam hazır olacaq.