Qarabağ münaqişəsi və döyüşlərində “KQB” və “QRU”-nun paralel iştirakı olub. Məsələ burasındadır ki, onların arasında bir iş bölgüsü var idi. “KQB” daha çox siyasi, iqtisadi, texnoloji casusluq və əks-kəşfiyyatla məşğul olurdu. “QRU” isə əsasən hərbi kəşfiyyat sahəsində işləyirdi. Bu gün də eyni sahədə fəaliyyətini davam etdirir. Ancaq bu o demək deyildi ki, həmin qurum mülki işlərlə məşğul olmurdu. Məsələn, Azərbaycanda “QRU”-nun ən çox işlədiyi mülki qurumlardan biri Bakı Dövlət Universiteti olub. Və BDU tələbələri arasında “QRU” bəlkə də yüzlərlə fəalı əməkdaşlığa cəlb edib...
Bu fikirləri hafta.az-a politoloq Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, ümumilikdə keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov bir dəfə mətbuatda “QRU” ilə əməkdaşlıqla bağlı 55 min nəfər rəqəmini səsləndirmişdi:
"Bu adamların çoxu sovetlər dönəmində ali məktəblərdə təhsillərini bitirdikdən sonra hərbi toplantı-təlimlərinə cəlb olunurdu və bir neçə ay həmin təlimlərdə iştirak edirdilər. Həmin dövrdə o tələbələrin çoxu “QRU” ilə əməkdaşlığa cəlb olunuraq konservləşdirilmiş, yəni qeyri-fəal agent şəklində saxlanılırdı ki, məhz bu gün də həmin şəbəkənin üzvlərinin bir çoxu aktivləşdirilərək Azərbaycanda fəaliyyətə cəlb olunublar... 1992-1993-cü illərdə də o agentlərin bir hissəsi aktivləşdirilərək yenicə qurulmaqda olan Müdafiə Nazirliyi sisteminə və digər dövlət orqanlarına yerləşdirildi və onların vasitəsilə yalnız hərbi deyil, siyasi vəziyyətə də təsir göstərildi. O dövrdə həmin casusların bir çoxu aşkarlanmışdı. Təəəsüf ki, siyasi hakimiyyət bir sıra hallarda onların zərərsizləşdirilməsinə imkan vermirdi. Digər tərəfdən isə Elçibəy hakimiyyəti dövründə “KQB” arxivlərinin qapalı olması xüsusi xidmət orqanlarının Azərbaycandakı agentlərin aşkarlanması üzrə fəaliyyətinə ciddi məhdudiyyətlər yaradırdı. Bundan başqa, AXC hakimiyyəti dövründə siyasi hakimiyyətlə xüsusi xidmət orqanları arasında müəyyən dərəcədə sıx əlaqə olmaması bir sıra hallarda həmin orqanların verdiyi məlumatların açıq-aşkar inkar olunmasına gətirib çıxarırdı. Məsələn, o vaxtkı MTN hakimiyyətə kimlərinsə konkret hansı sahədə agentliklə məşğul olduğunu bildirirdi. Fəqət sonra gözlənilmədən baxırdın ki, həmin adamlar vəzifələrə irəli çəkilib. Bax belə müəmmalı məqamlar da var idi. Hazırda Elçibəy dövründə hakimiyyətdə olmuş şəxslər bu mövzunu sevmirlər və mövzu açıqlanan kimi hücuma keçirlər. Amma bu, faktdır..."