Qurtuluş Günü ilə müasir Azərbaycan dövlətinin möhkəm təməli qoyulmuşdur - Ceyhun Məmmədov

10:06 15.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək tarixi bir gündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıcını qoydu. Xalqımız hər il Azərbaycan tarixində ən əlamətdar hadisələrdən biri olan bugünü böyük təntənə ilə qeyd edir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu tarix Azərbaycan Dövləti yaşadıqca, millətin yaddaşında əbədi qalacaqdır”.

Bunu hafta.az-a Qurtuluş Günü ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmdov dövlət müstəqilliyimizin bərpasından sonra ötən illərə nəzər salaraq bir daha əminliklə tarixin millətə verdiyi şansın yalnız görkəmli tarixi şəxsiyyətlərin rəhbərliyi ilə reallaşdırmağın mümkün olduğunu qeyd edib. O, belə tarixi şəxsiyyətlərin nadir hallarda yetişdiyini və bu dühaların özlərinin tarix yaratdığını deyib.
“Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan görkəmli şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan Dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bugünkü müstəqil dövlət kimi mövcudluğu üçün məhz Heydər Əliyevə borcluyuq. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycan Dövlətinin möhkəm təməli qoyulmuşdur. Heydər Əliyev deyirdi: “Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

C.Məmmədov öz dövlət müstəqilliyini 1991-ci ilin oktyabrında ikinci dəfə qazanmış Respublikamızın 1993-cü ilin iyununa qədərki müddətdə yaşadığı böhran, xaos və anarxiya, çaxnaşmaların yaratdığı mövcud duruma diqqət çəkib.

“Belə ağır və çıxılmaz vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Hamıya gün kimi aydın idi ki, nə ovaxtkı iqtidar, nə də həmin dövrdə hakimiyyətə iddialı olan müxtəlif qüvvələr ölkəni düşdüyü bu iflic vəziyyətdən çıxara bilməyəcəklər. Belə ağır durumda, çıxılması mümkün görünməyən bu vəziyyətdə xalq öz fədakar oğlu Heydər Əliyevə müraciət etdi. Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışına, taleyinə heç vaxt biganə olmayan Ulu Öndər 1993-cü il iyunun 9-da Respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin ölkə rəhbərliyinə bu Böyük Qayıdışı siyasi-iqtisadi böhran məngənəsində boğulan Azərbaycanı böyük fəlakətdən xilas etdi. Ulu Öndər ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələr və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün həyatını böyük təhlükə altına ataraq, belə hallara qarşı kəskin və qəti mübarizəyə başladı. Qısa zaman kəsiyində bu neqativ ünsürlərin özbaşınalığının qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərk-silah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyükürəkli, cəsarətli Vətən oğlunun öz milləti, doğma Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoyuldu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı”.

C.Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan Dövlətini yaratdı.

“Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

C.Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun surətdə istifadə olunmasında Ulu Öndər Heydər Əliyevin neft strategiyasınln mühüm əhəmiyyət kəsb etməsinə diqqət çəkib. Onun sözlərinə görə, böyük dövlətlərin iri neft şirkətləri ilə 20 sentyabr 1994-cü il tarixdə ə imzalanmış “Əsrin müqaviləsi” və 18 noyabr 1999-cu il tarixdə ATƏT-in İstanbul Zirvə Toplantısında Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Boru Kəmərinin inşa olunmasına dair bağlanmış saziş müstəqil Azərbaycanın iqtisadi inkişafında müstəsna rol oynadı.

“Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər təşkilatların üzvüdür, NATO və Avropa Birliyi ilə sıx və işgüzar əlaqələr qurub. Heydər Əliyev yaratdığı iqtisadi-siyasi bazaya əsaslanaraq deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır””.
C.Məmmədov eyni zamanda qeyd edib ki, Ulu Öndər hakimiyyətə qayıtdığı ilk gündən etibarən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış, bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etdi.
“Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan haqq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Müstəqil Azərbaycanın Parlamentinə 1995-ci ildə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Azərbaycanda 1995-ci ildən aparılmış hüquqi islahatlar Respublikada sabitliyin və inkişafın təməl prinsiplərini müəyyənləşdirmişdir. Heydər Əliyev ölkəmizin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri Respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur.
Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Deputat vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, ölkə qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunu dünyanın bir çox aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurmaq zərurəti yaranmışdı. Düşünülmüş xarici siyasət – hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsində, mövcud problemlərin həllində mühüm amillərdəndir. Dövlətçiliyin, müstəqilliyin qorunması milli təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır.

Belələiklə, Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin ilk günlərindən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında bu istiqaməti yenidən qurdu. Ulu Öndər, ilk növbədə, keçmiş səriştəsiz hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycanın ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin mənafeyi ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi, ölkəmiz Cənubi Qafqazın aparıcı lokomotiv dövlətinə çevrildi. Dahi öndərin xarici ölkələrə çoxsaylı səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Ümummilli Liderin apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və erməniləri işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratmaq cəhdi təsdiqləndi. Bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu təşkilatlarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən qətnamə qəbul olundu. Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxarılması, bu ərazilərdən qovulmuş, didərgin düşmüş əhalinin öz doğma yurdlarına qayıtması xüsusi vurğulanırdı. ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni surətdə məskunlaşdırılmasını etiraf etməsi və bütün bunlar təcavüzkar erməni siyasətinin ifşası istiqamətində qazanılan çox mühüm diplomatik nailiyyətlər idi.
C.Məmmədov bildirib ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini uzaqgörən dahi, Ulu Öndər Heydər Əliyev müəyyənləşdirdi. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici kursunun əsas vəzifələrindən birini təşkil edir.

“Bu gün inamla deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda Respublikamızın imicini xeyli yüksəltmişdir. Azərbaycan bu gün, artıq müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin etmişdir. Ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilmişdir. Bütün bunlar Ulu
Öndər tərəfindən əsası qoyulmuş, düşünülmüş və bu gün uğurla həyata keçirilən siyasət nəticəsində əldə olunmuşdur. Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam etdiriləcəyini bəyan etdi: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir””.
C.Məmmədov xüsusilə qeyd edib ki, dahi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra, Respublikamızda bütün sahələrdə olduğu kimi, dini istiqamətdə də bir sıra müsbət addımlar atıldı: etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması və dini məbədlərimizin bərpası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. Uzun illərdən bəri fəaliyyətsiz qalan ibadət ocaqları bərpa edildi və yeni məscidlər inşa olundu və ya əsaslı təmir edildi. Məhz Heydər Əliyevin bu sahəyə diqqəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı mühüm maddələr əlavə olundu. Konstitusiyada ölkəmizdə fəaliyyət göstərən bütün dini icmaların, dinlərin bərabərhüquqlu, vətəndaşların etiqad azadlığı ön plana çəkildi. Bütün bu məsələlər 1996 və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdə özünü açıq göstərdi. Beləliklə, dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə diqqət və qayğısı artdı.

“Dini etiqad azadlığının təmin olunmasında dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Heydər Əliyev bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısını alır, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirirdi. Heydər Əliyev mütəmadi olaraq digər dini konfessiyaların rəhbərlərini qəbul edər, müxtəlif tədbirlərdə onlarla görüşər, fikir mübadiləsi aparardı.
Ulu Öndərin dini fəaliyyət sahəsində həyata keçirdiyi ən böyük xidmətlərindən biri də – 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni mərhələ başlandı və bu dövrdən etibarən, dini etiqad azadlığının təmin olunmasına, dini icmaların ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırıldı. Eyni zamanda, radikal dini qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi”.
C.Məmmədov qeyd edib ki, Ulu Öndərin başladığı bu işi hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirir, ölkəmizdə yeni-yeni məscidlər, kilsə və sinaqoqlar tikilir və dini təhsil ocaqları yaradılır. Məqsədyönlü həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, Azərbaycan hazırda dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrilmişdir.
“Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. Böyük səs çoxluğu ilə 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində Ulu Öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” – deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür. Ötən 17 il ərzində İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılmış, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artmış, sosial məsələlərə diqqət çoxalmış, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunmuşdur.
Hazırda Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir. Ulu Öndərin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan Neft Kəməri 2006-cı ildə istifadəyə verildi. Ondan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. Regionda ölkəmizin iştirakı olmadan heç bir beynəlxalq əhəmiyyət daşıyan layihələr icra olunmur. Son illər bölgədə beynəlxalq əhəmiyyətə malik infrastruktur layihələrinin təşəbbüskarı və təşkilatçısı da məhz Azərbaycandır. Ötən ilin oktyabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdəndir. Bundan başqa, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin tikintisi də sürətlə aparılır ki, burada əsas təşəbbüskar məhz Azərbaycandır. Bu dəhlizlərin istifadəyə verilməsi ilə ölkəmiz həm regionda, həm də dünyada böyük nəqliyyat mərkəzlərindən birinə çevriləcəkdir”.

 

Oxunma sayı 79
Siyasət rubrikasından digər xəbərlər