Romantik komediya 15 ildən sonra böyük uğurlar qazandı

10:20 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2009-cu ildə baş rolda Sandra Bullokun oynadığı "Təklif" romantik komediya filmi nümayişindən illər sonra Netflix-in ən çox baxılan 10 film siyahısında öz yerini tapıb.

Hafta.az-ın yazdığına görə, Enn Fletçerin rejissorluğu ilə çəkilmiş “Təklif” filmində Bullok Kanadaya deportasiya olunmamaq üçün Rayan Reynoldsun canlandırdığı köməkçisi ilə evlənməyə çalışan iş adamının obrazını yaradır.

Tənqidçilərdən həm müsbət, həm də mənfi rəylər alan film kassada uğur qazanıb.

Netflix 8-14 yanvar tarixlərində ən çox baxılan istehsalların siyahılarını paylaşıb. Ən çox izlənilən ingilis filmləri siyahısında öz yerini tapan romantik komediya cəmi 8,8 milyon saat izlənilən və 4,9 milyon baxışla siyahıda 4-cü yerdədir.

Siyahının ilk üçlüyü Denzel Vaşinqtonun oynadığı “Ekvalayzer 3”, Ceyson Stathamın oynadığı “Transporter 2” və Kevin Hartın “Lift” adlı soyğun komediyasıdır.

Romantik komediyaların pik həddə çatdığı bir vaxtda yayımlanan “Təklif” filmində Bullok Nyu-Yorkda nəşriyyat şirkətinin baş redaktoru Marqaret Teyt rolunda çəkilib. Reynolds, redaktor olmaq arzusu ilə böyük şəhərə köçən Teytin köməkçisi Endrü Pakstonu canlandırıb.

"Təklif" filmində rol aldığı zaman 45 yaşı olan Sandra Bullok filmdəki performansına görə "Qızıl Qlobus"a namizəd olub.

Filmdə Bullok və Reynoldsdan başqa Malin Akerman, Kreyq T. Nelson, Meri Stinburqen və Betti Uayt da rol alıb.

Romantik komediya filmində rol almaq üçün ilk dəfə məşhur aktrisa Culiya Robertsə təklif olunub, lakin o, mənfi cavab verib.

2007-ci ilin may ayında Bullokun filmdə baş rolu oynayacağına dair razılıq əldə edilib.