Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

12:20 24.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Səsvermə məntəqələri yerli vaxtla səhər saat 7:00-dan (Bakı vaxtı ilə saat 9:00) axşam saat 21:00-adək (Bakı vaxtı ilə saat 23:00) fəaliyyət göstərəcək. Səsvermələr ölkə üzrə 18748 seçki məntəqəsində keçiriləcək. Daimi seçki siyahılarında 18 milyondan çox seçici qeydiyyata alınıb. Bununla yanaşı, xaricdə 835 seçki məntəqəsi açılıb.

Seçkilərin noyabrın 10-da keçirilmiş birinci turunda heç bir namizəd seçicilərin 50+1 səsini qazana bilməyib. Buna görə də ikinci tur keçirilir. Bu turda ötən seçkidə ən çox səs toplamış iki namizəd rəqabət aparacaq. Bunlar Milli Liberal Partiya tərəfindən (37,82% səs) irəli sürülmüş hazırkı prezident Klaus Yohannis və Sosial Demokrat Partiyasının namizədi Viorika Dençiledir (22,26%). Rumıniya prezidenti beş il müddətinə seçilir.