Rus sülhməramlılarının ərzaq təminatı - aktual

11:43 16.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Onlar üçün iri və xırda buynuzlu heyvanların Bərdə bazarından tədarük edildiyi söylənilir

Keçmiş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən Rusiya sülhməramlılarının qida təminatı ilə bağlı bir sıra maraqlı məlumatlar əldə etmişik. Belə ki, Bərdə rayonu sakinlərindən aldığımız məlumatlara görə, Rusiya sülhməramlıları buradakı heyvan bazarından iri və xırdabuynuzlu heyvanlar alırlar.

Belə  söz-söhbətlər də var ki, bu heyvanların bir hissəsi Qarabağda yaşayan ermənilərə humanitar yardım adı altında verilir. Sözügedən proses, artıq bir müddətdir davam edir. Bəs görəsən, bu nə dərəcədə qanunauyğundur? İşə kimlər nəzarət edir? Növbəti 5 ildə də Rusiya sülhməramlılarının burada qalacağını nəzərə alsaq, yerli bazarlardakı iri və xırdabuynuzlu heyvanların  əhəmiyyətli hissəsinin yeni bazara axını deməkdir. Bu ölkə iqtisadiyyatına nə cür təsir göstərəcək?

Məsələnin mahiyyətini öyrənmək üçün hafta.az-ın əməkdaşı müvafiq qurumlara və ekspertlərə müraciət edib. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirildi ki, sözügedən məsələ nazirliyin səlahiyyətlərinə aid deyil. Bu sahəyə qurum nəzarət etmir.

Mövzunun ekspert yanaşmasına gəldikdə isə, yaranmış suallara  kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov aydınlıq gətirdi. Onun sözlərinə görə, sülhməramlıların ölkəmizə gəlməsi onların həm də ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatının bir hissəsinin Azərbaycan bazarı hesabına ödənilməsi deməkdir:

“Əlbəttə, ola  bilsin ki onlar bəzi məhsulları Qarabağdan da əldə etsinlər. Bütün variantlarda rusların Bərdə bazarından mal-qara alması qiymətlərə ciddi təsir etməyəcək. Orada yaşayan ermənilərin sayı 50 000 nəfərdən çoxdur.  Bir hal da var ki, onlar özləri də istehsalla məşğul olurlar.  50-60 min nəfərin tələbatı ümumi istehlaka təsir etmir. Ötən illərdə 1 il müddətində ölkəmizə gələn turistlərin sayı 3 milyona yaxın idi. İndi biz həmin 3 milyon turistdən məhrum olmuşuq. Hazırda ruslar, hətta 100 000 əhali üçün ət, yaxud digər məhsul alıb aparsalar, bu yenə də ümumi qiymətə təsir edəcək səviyyədə deyil. Hər halda gələn turistlər daha çox ət məhsulları ilə qidalanırdı”.

Rus sülhməramlılarının yerli bazardan alıb-apardıqları mal-qaranın istifadə məqsədlərinə gəldikdə isə ekspert qeyd edir ki, məqsədlər müxtəlif ola bilər. Ola bilsin, ermənilər həm südə, həm də ətə olan tələbatını ödəmək üçün sifariş verir, onlar da alıb-aparırlar. Buna görə sülhməramlılara heç bir qadağa da qoymaq  mümkün deyil:

“Hər-halda təyinat bizim üçün bəlli olmasa da, sülhməramlılar  bunu müxtəlif səbəblərlə əsaslandıra bilərlər. Rusiyadan gələn dəstələr hərbi obyektlərdə təsərrüfatlar yaradıblar. Məsələn, heyvandarlıq təsərrüfatını ona görə yaradırlar ki, özlərini ətlə, südlə təmin edə bilsinlər. Əvvəllər də, hələ torpaqlarımız  işğal altında olanda,  ermənilər orada çoxlu sayda heyvan saxlayırdılar. Həmin heyvanların bir hissəsi Qarabağdan Ermənistana, oradan da Gürcüstan vasitəsilə Azərbaycana gətirilirdi”.

Kənd təsərrüfatı eksperti, “sülhməramlıların hələ növbəti 5 il də ölkəmizdə qalacağını nəzərə alsaq, gələcəkdə bu tip məhsulların qiymətində bazarında nə kimi dəyişikliklər yaşana bilər?” sualına da münasibət bildirdi.

“Hər halda alıcılıq qabiliyyətinin artımı, istehsalı stimullaşdırır. Biz indi istəyirik ki, heyvandarlıq məhsulunun istehsalı artsın. Hazırda ölkəmiz həm də öz məhsullarını idxal edir. Bu idxal digər ölkələrin fermerlərinin biznesini stimullaşdırır. Çalışmalıyıq ki, bizim fermerlərin istehsal etdiyi məhsul, istehlakçısını tapsın. Belə olan halda, yerli istehsalçılar, ət istehsalının marağında olacaq. Digər tərəfdən, ölkəmizdə ət istehsalı üçün münbit şərait yoxdur. Yem istehsalı və örüş sahələrinin əraziləri get-gedə azalır. Bu səbəbdən də heyvandarlıqda məhsuldarlıq aşağı düşür. Əlbəttə, bunu stimullaşdırmaq üçün ola bilsin, ruslar malı bizim sahibkarlara sərf edən qiymətə alırlar. Bu da fermerə əlavə stimul verir. Onsuz da sülhməramlılar bunu haradansa almalıdır və alacaq”.

Sonda V.Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyinin bazarlara nəzarət edib-etməməsi məsələsinə də toxundu. Onun sözlərinə görə, nazirlik heç nəyə nəzarət etməli deyil:

“Kənd Təsərrüfatı Nazirliyi elə siyasət aparmalıdır ki, Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsalı üçün münbit şərait və stimul yaransın. Bunun üçün də təşviqedici tədbirlər həyata keçirilməlidir. Onlar nəzarətlə deyil, xidmətlə məşğul olmalıdırlar”.

Daha sonra mövzuya iqtisadçı ekspert Natiq Cəfərli ilə birgə iqtisadi baxış keçirdik. Onun fikrincə, keçmiş Qarabağda yaşayan erməniəsilli azərbaycanlılarla bizim iqtisadi və humanitar əlaqələrimizin bərpa olunmasına başlamaq lazımdır:

“Hərbi qalibiyyətin nəticəsi olaraq, artıq orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının ölkə iqtisadiyyatına inteqrasiyasına da start verilməlidir. Bu çox çətin, ağır və uzun çəkəcək bir prosesdir. İlkin addımlar kimi, belə münasibətlərin, ticarət əlaqələrinin olması pis hal deyil. Azərbaycan istehsalçıları, fermerlər mal-qarasını satmaq istəyirsə və müştəri varsa niyə də olmasın? Bu onların satış həcmini bir qədər də artıracaq. Burada insanlarda qıcıq yarada biləcək həssas məqamları da başa düşürəm. Bütün bunları kənara qoymaq lazımdır. Biz hərbi qalibiyyət əldə etmiş xalqıq. Buna görə də çalışmalıyıq ki, yaxın 5 ildə erməniəsilli Azərbaycan vətəndaşlarının ölkənin iqtisadi-sosial həyatına inteqrasiya olunması üçün bir sıra addımlar ataq. Həmin addımların tərkib hissəsinin hələlik birbaşa yox, vasitəçilər sayəsində həyata keçirilməsi normal haldır. İqtisadi-sosial əlaqələr yerli fermerlərə də müsbət təsir edər”.

İqtisadçı ekspert rus sülhməramlılarının qida təminatı zamanı kənd təsərrüfatı məhsullarını niyə məhz öz ölkələrindən deyil, bizim yerli bazarlardan əldə etdikləri sualına da aydınlıq gətirdi. Ekspertin fikrincə, burada əsas rolu logistik məsələlər oynayır:

“Həmin məhsulların xaricdən gətirilməsi xərci daha baha başa gələcək. Elə bu səbəbdən, yerli bazarlardan alış-veriş etmələri məqbul sayılır.  Bu, bir qədər həssas məsələdir. Buna görə də ona pozitiv yanaşmaq lazımdır. Orada yaşayan erməniəsilli əhali uzun illər işğaldan bəhrələnib. Yəni işğalın nəticələrinə görə iqtisadi fürsət yaranır. İndi daha işğala son qoyulub. Burada yaşayan əhalinin  hərəkət miqyası daralıb. Onlarda əvvəlki imkanlar yoxdur deyə Azərbaycan tərəfinə ehtiyac yaranıb. Bu ehtiyac da iqtisadi əlaqələrin yaranmasına zəmindir”. 

Ekspertlərin də fikrindən aydın göründü ki, Qarabağda yaşayan ermənilərlə iqtisadi əlaqələrin yaranması yerli istehsalat üçün olduqca səmərəlidir. Hər bir halda fermerlər öz məhsullarını yeni alıcı kütləsinə təqdim etmək fürsəti əldə edirlər.