“Rosneft”in rəhbəri İqor Seçin bildirib ki, Rusiya bu ilin səkkiz ayında Çinə 75 milyon tondan çox neft satıb. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.
Hafta.az-ın yazdığına görə, Rusiya - Çin enerji biznesforumunda çıxış edən Seçin 2023-cü ilin səkkiz aylıq nəticələrinə görə Rusiyanın Səudiyyə Ərəbistanını qabaqlayaraq Çinin əsas neft tədarükçüsünə çevrildiyini bildirib.
“Rosneft”in prezidenti həmçinin ölkəsinin bu il Çinə 30 milyard kubmetrdən çox qaz satacağını bəyan edib ki, bu da yeni rekorddur.
Çin dövlət şurasının sədri Si Cinpin bildirib ki, Çinlə Rusiya arasında enerji sektorunda mövcud sıx əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün dünyanın enerji təhlükəsizliyinin və davamlı inkişafının təmininə kömək edir. O, həmçinin əlavə edib ki, Pekin yüksək səviyyəli enerji tərəfdaşlığı yaratmaq üçün Moskva ilə işləməyə hazırdır.
Bundan əvvəl Çinin Gömrük İdarəsi məlumat vermişdi ki, bu ilin ilk üç rübündə Rusiya ilə Çin arasında ümumi ticarət dövriyyəsi 29,5 faiz artaraq 176,4 milyard dollara çatıb.