Rusiya kvota tətbiq etdi: 156 min əcnəbi işçi gələcək

11:17 18.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Əmək Nazirliyi gələn il üçün miqrant işçi kvotalarını açıqlayıb. Məlumata əsasən, 2024-cü ildə viza tələb olunan ölkələrdən 156 min işçinin işə götürülməsi planlaşdırılır.

Hafta.az-ın yazdığına görə, vətəndaşları Rusiyaya vizasız daxil olan Özbəkistan, Tacikistan və Ermənistan kimi ölkələr bu kvotaya daxil deyil.

Dumanın deputatı Aleksey Juravlyov bildirib ki, kvota çərçivəsində gələn işçilərin əksəriyyəti tikinti sektorunda çalışır. Onun sözlərinə görə, bu əcnəbilərin 23 faizi çinli, 17 faizi vyetnamlı, 7 faizi türk, 5 faizi serbdir.

Juravlyov bildirib ki, adıçəkilən ölkələrin vətəndaşları xüsusilə tikinti sənayesində daha ixtisaslıdır və bu səbəbdən də onlara vizasız ölkələrdən gələn işçilərdən daha çox üstünlük verilir.