“Vaşinqton görüşü Avrasiya miqyasında 2 əsrdən bəri dəyişilməyən geo-strateji mənzərəni dağıdaraq yeni geo-politik reallıq yaratdı. Bu, çoxlarının düşündüyü kimi, Azərbaycanla Ermənistanın bir masa arxasına oturub sülhə sadiqliklərini bir daha təsdiq etməkdən ibarət deyil”.
Hafta.az xəbər verir ki, bunu açıqlamasında deputat Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, zatən bu iki ölkə sülh niyyətində olduqlarını dəfələrlə bəyan ediblər və hətta Sülh Müqaviləsinin mətnini də razılaşdırıblar.
C.Feyziyev qeyd edib ki, bu görüşün əhəmiyyəti haqqında danışılan Sülh Müqaviləsindən daha böyükdür, daha geniş qlobal məzmun daşıyır və Trampın özünün də dediyi kimi, bütün dünyaya faydası var:
“Görüşün ən böyük əhəmiyyəti SSRİ-nin süqutundan sonra siyasi-diplomatik leksikaya gətirilmiş “post-sovet məkanı” anlayışını və bu anlayışın arxasında gizlədilən Rusiyanın neo-imperialist siyasətini məhv etməsidir. “Post-sovet məkanı” anlayışı sanki Rusiyanın milli ideologiyasını təşkil edirdi. Eyni zamanda, bu ərazilərdə öz hegemonluğunu şəriksiz olaraq davam etdirməyi özünün haqqı sayırdı və Rusiyada hələ də belə düşünürlər. Lakin ABŞ-ın və şəxsən Prezident Trampın iradəsi ilə bu monopoliyaya son qoyuldu. Rusiyanın 300 illik imperiya siyasəti tarixinin ən böyük sınma anına gəlib çatdı. Bu hadisədən sonra Rusiya Putinin arzuladığı kimi “daim genişlənməyə” yox, hətta öz içində kiçilməyə başlayır”.