Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir. Tərəflərin bəyanatları nikbin notlar üzərində qurulub. Eyni zamanda, cənub qonşumuz İran yeni prezident seçkilərinə hazırlaşır. Bölgəmizdəki proseslərə birbaşa təsir edən Ukraynada vəziyyət gərgin olaraq qalır. Gürcüstanda isə mövcud iqtidara Qərbin təzyiqlərini müşahidə edirik. Bir sözlə, Cənubi Qafqaz yenə də müxtəlif geosiyasi qarşıdurmalara şahidlik edir. Müsahibimiz Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədlidir:
– Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının mövcud vəziyyətini necə dəyərləndirirsiniz?
– Azərbaycan qalib dövlət olmaqla bərabər, beynəlxalq hüquq normalarının dəstəkçisidir. Biz vaxtilə torpaqlarıız işğal altında olanda da bu prinsiplərə əsaslanaraq işğalla barışmamışıq və hər zaman Ermənistanı təcavüzə son qoymağa çağırmışıq. Ermənistan işğalçılıq iddiasından əl çəkmədiyinə görə, sonda hərbi yolla təcavüz faktını aradan qaldırdıq. Azərbaycan qalib dövlət olmaqla yanaşı, torpaqlar işğalda olduğu zaman xeyli zərər görüb. Bu səbəbdən Ermənistan ölkəmiz tərəfindən beynəlxalq məhkəmələrə verilib. Bu, hüquqi məsələdir. Biz mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik.
Eyni zamanda, Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi Xarici İşlər Nazirliyinin 2022-ci ilin mart ayında irəli sürdüyü 5 prinsipdə əks olunub: burada qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı, suverenliyə, müstəqilliyə hörmət, qarşı tərəfə ərazi iddialarından imtina və sair məqamlar əksini tapıb. Azərbaycan öz mövqeyində prinsipialdır. Ona görə də Ermənistanı məcbur edirik ki, sərhədlərin delimitasiya məsələsində konstruktiv mövqe nümayiş etdirsin. Müəyyən irəliləyişlər var. Müəyyən ərazilərimizdə sərhədlərimiz müəyyənləşib, ərazilərimiz Ermənistan tərəfindən geri qaytarılıb. Bizim Ermənistandan əsas tələbimiz budur ki, beynəlxalq hüquq normalarına uyğun davransın, götürdüyü öhdəlikləri yerinə yetirsin. Əks halda, yenə də məsuliyyət onun öz üzərində qalacaq.
– Növbəti delimitasiya prosesi harada aparıla bilər? Ermənistanda siyasi dairələr buna necə təpki verməkdədir?
- Azərbaycan tərəfdən Qazax, Tovuz, Ermənistan tərəfdən Tavuş vilayətində sərhədlərin əsas hissəsi müəyyənləşdirilib və postlar qoyulub. Bütövlükdə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı razılaşdırılmış sərhəd xətti müsbət addım kimi dəyərləndirilməlidir. Onu nəzərə almaq lazımdır ki, delimitasiya, demarkasiya Ermənistan-Azərbaycan arasında sülh prosesinin əsas vacib istiqamətlərindən biridir. Yəni, bu prosesin baş verməsi, irəliləyişin əldə olunması, həm də sülh danışıqlarına müsbət təsir göstərir. Sərhədlərin müəyyənləşdirilməsində uğurların əldə edilməsi Ermənistan daxilindəki revanşist qüvvələri və onalara dəstək verən kənar güc mərkəzlərini ciddi narahat edir. Ermənistanda daxili vəziyyəti gərginləşdirməyə çalışırlar. Əsas hədəf bütövlükdə sülh danışıqlarının, eyni zamanda, delimitasiya prosesinin qarşısını almaqdır. Buna nə dərəcədə nail olacaqları Ermənistan daxilindəki siyasi proseslərin inkişafından, bu hökumətin mövqeyindən asılı olacaq.
Delimitasiya prosesində hansı xəritələrin əsas götürülməsinə gəlincə, Ermənistan mütəmadi olaraq 1976-cı ilə xəritəsindən danışır. Bizim mövqeyimiz, ölkə başçısının, həmçinin digər rəsmilərin də bəyan etdiyi kimi, yalnız bir xəritəyə əsaslanmanı doğru saymır. Sovet dövründə hər iki dövlətin inzibati sərhədlərini özündə ehtiva edən müxtəlif xəritələr mövcud olub. Yəni, bu xəritələrdən müzakirələrdə istifadə oluna bilər. Yekunda bu xəritələr nəzərə alınmaqla sərhədlər müəyyənləşməlidir. Bu zaman hüquqi aspektlərlə yanaşı, tarixi-mənəvi məsələlər, ədalət prinsipi nəzərə alınmalıdır.
– Necə hesab edirsiniz, belə bir fonda noyabr ayına qədər sülh sazişinin imzalanması mümkündürmü?
– Noyabra qədər sülh sazişinin imzalanmasını nəzəri olaraq mümkün hesab edirəm. Tərəflər arasında sülh müqaviləsinin layihə sənədi var və danışıqlar da onun üzərindən gedir. Müəyyən vacib prinsiplər tərəflər arasında razılaşdırılıb. Eyni zamanda, bəzi vacib prinsiplərlə bağlı hələ ki, razılaşma olmayıb. Düşünürəm, COP 29-a qədər Ermənistan–Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür. Sülhün çərçivə sazişi ətrafında bağlanması ehtimalı da var. Qeyd etdiyim kimi, gərək bunun üçün tərəflər razılaşa bilmədikləri digər prinsiplərlə bağlı razılıq əldə etsinlər. Bunu həll edə bilsələr, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək.
– Ermənistanda davam edən etiraz aksiyaları sülh danışıqlarına təsirini göstərə bilərmi?
– Ermənistan daxilində baş verən proseslərin, etiraz aksiyalarının Azərbaycan–Ermənistan münasibətllərinə, sülh danışıqlarına neqativ təsiri var. Biz son üç ildə də müşahidə etdik ki, Ermənistan baş naziri müəyyən kompromislərə getmək istəyərkən ona daxildən ciddi təsirlər olur. O da öz hakimiyyətini qorumaq üçün müəyyən kompromisə getməkdən çəkinir. Əgər görsək ki, Ermənistandakı etiraz aksiyaları öz hakimiyyətinə təhlükə törədəcək həddə böyüyüb, o zaman Ermənistan hökuməti ilə sülh danışıqları aparıb nəticə gözləməyə dəyməz. Paşinyan Ermənistan daxilindıki dinamikliyə fikir verir.– Sizcə, sülh sazisi harada imzalanmalıdır? Qazaxıstanda, Gürcüstanda, yoxsa sərhəddə?
Nəticə etibarilə sülh sazişinin harada imzalanmasından daha çox sülh sazişinin necə olmasına böyük əhəmiyyət veririk. Düşünürük, sülh sazişi, nəhayət, iki ölkə arasında davamlı sülhə gətirib çıxarmalıdır. Ədalətli, beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Sülh sazişi tərəflərin maraqları nəzərə alınaraq hazırlanmalıdır. Hər halda, Azərbaycan istərdi ki, belə bir saziş iki ölkə sərhədində, yaxud Azərbaycanla yaxşı, tərəfdaş münasibətləri olan bir ölkədə imzalansın. Bu, Qazaxıstan da ola bilər, Gürcüstan da. Ümumilikdə, sülh sazişinin bağlanması prosesi elə bir ölkədə olmalıdır ki, həmin dövlətlər bu prosesə neqativ təsir göstərmir, regionda hər hansı xüsusi geosiyasi iddiaları yoxdur.
– Qərb və Rusiyanın bu seçimə münasibəti necə ola bilər?
– Aydın məsələdir ki, regionda maraqları olan güc mərkəzləri - Rusiya, Birləşmiş Ştatlar, Avropa, Qərb üçün II Qarabağ müharibəsindən sonra danışıqlar prosesi geosiyasi qarşıdurma obyektinə çevrilib. Bu güclər çalışırlar ki, sülh danışıqlarından əks-tərəfə qarşı istifadə etsinlər, təşəbbüsü ələ alsınlar. Nəticədə, danışıqlar prosesində mənfi durum yaranır. Ona görə də sülh müqaviləsi sərhəddə imzalanarsa, daha uyğun olar. Bu da baş verəcək situasiyadan asılı olacaq.
– Kremldə Ermənistanda baş verənlərə sərgilənən mövqe necədir? Putin bu aksiyalar fonunda kimi dəstəkləyir: kilsəni, “Qarabag klanını”, yoxsa Paşinyanı?
– Rusiyanın kimi dəstəkləməsi artıq şübhə doğurmur. Rusiya Ermənistan daxilindəki “Qarabağ klanı”nı müdafiə edir və “Qarabağ klanı” ilə kilsə, demək olar ki, birgə addım atır. Rusiya rəsmilərinin açıqlamaları, mediasında dərc olunan materiallar deməyə əsas verir ki, RF Ermənistan daxilində hakimiyyətə qarşı olan qüvvələri dəstəkləyir. “Qarabağ klanı”nın, revanşist qüvvələrin yenidən Ermənistanda hakimiyyətə gəlməsi isə yalnız Ermənistan daxilində deyil, bütövlükdə, regiona mənfi təsir göstərə bilər. O da bəllidir ki, “Qarabağ klanı” hakimiyyətə gəlmək üçün mübarizə aparır və son üç ildə Paşinyanın devrilməsinə bir neçə dəfə cəhdlər edilib. Məqsədlərinə nail olmayıblar. Hər halda, bu aksiyalar onların növbəti cəhdləridir və klan bu dəfə erməni kilsəsi ilə bərabər hərəkət edir. İstənilən halda revanşistlərin hakimiyyətə gəlməsi bölgədə, xüsusən də Azərbaycana münasibətdə vəziyyəti gərginləşdirə bilər.
Bundan sonra Ermənistanda kimin hakimiyyətdə olmasının Azərbaycana fövqəladə təsiri olmayacaq. Biz münaqişəni həll edib ərazi bütövlüyümüzü təmin etmişik. Yəni, revanşistlərin hakimiyyətə gəlməsinin ölkəmizə qarşı fövqəladə təhlükə yaradacağını düşünmürəm. Hər halda, əgər revanşistlər hakimiyyətə gələndən sonra vəziyyəti müharibə həddinə qədər gətirsələr, burada yenə də itirən Ermənistan tərəfi olacaq. Azərbaycanla Ermənistan arasında müqayisə aparanda çox ciddi hərbi, siyasi, iqtisadi demoqrafik disbalans görürük. Ölkəmizə qarşı yenidən müharibəyə cəhd etmək, bütövlükdə, Ermənistan dövlətçiliyi üçün fəlakətli nəticələr doğura bilər.
– Məlumdur ki, İran İslam Respublikası yeni seçkilərə hazırlaşır. Gözləntilər nədir? Bunun iki ölkə arasındakı münasibətlərə təsiri necə ola bilər?
– İran daxilində və ətrafında yaranmış mövcud vəziyyəti nəzərə alaraq hesab edirəm, bu dəfə də mühafizəkarların qalibgəlmə şansı çoxdur. Onu da nəzərə almaq lazmdır ki, İranda sərt rejim mövcuddur və hakim elitanın, İranın Ali dini liderinin seçki prosesində mövqeyi, rəyi böyük əhəmiyyət daşıyır. İranda keçirilən ötən seçkilərdə də gördük ki, İran ali siyasi elitasının, dini siyasi liderin maraqlarına cavab verməyən şəxslər seçki prosesinə buraxılmayıb. Hər halda, yenə də mühafizəkarların qalibgəlmə şansı böyükdür. Onu da qeyd etmək lazımdır ki, bu seçkilərdə sürprizlər də ola bilər. Bütün hallarda mühafizəkarların namizədi və yaxud şərti islahatçıların namizədi qalib gələrsə, İran–Azərbaycan münasibətlərində köklü dəyişikliyin baş verəcəyini düşünmürəm. Bu günə qədər İran tərəfindən ölkəmizlə bağlı həyata keçirilən siyasət yeni prezidentin dönəmində də davam etdiriləcək.
– Gürcüstanda nələr vaş verir? Qərblə münasibətlərin korlanması və bu ölkədə yaşanan proseslər özünü necə büruzə edir?
– Gürcüstanda baş verənləri, müəyyən mənada, böhran kimi də dəyərləndirə bilərik. Bu böhran, gərginlik, xüsusən də “xarici agenlər” haqqında qanunun qəbul edilməsi ilə bağlı meydana çıxdı. Təbii ki, Gürcüstanda baş verənlər bu ölkənin Qərblə münasibətlərinə təsir göstərir. Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra Qərb dövlətləri, Avropa İttifaqı təmsilçiləri Gürcüstan hökumətini tənqid edən, qınayan açıqlamalar verirlər. Sanksiyaların tətbiqi ilə bağlı hədələyici çıxışlara rast gəlinir. Düşünürəm, bir müddət Gürcüstan–Qərb münasibətlərində ciddi problemlər mövcud olacaq. Bu ilin oktyabr ayında Gürcüstanda parlament seçkiləridir. Hesab edirəm, tərəflər bu seçkiləri də gözləyəcəklər. Hər halda, Qərb çalışacaq ki, seçkilərdə müxalifət qalib gəlsin, "Gürcü arzusu" hakimiyyətdən getsin. Bu, baş verməyəcəksə, Gürcüstanın indiki iqtidarı hakimiyyətdə qalacaqsa, Qərblə olan bugünkü siyasətini davam etdirəcəksə, Gürcüstanla Qərb arasında gərginlik çox ciddi problemlər meydana çıxaracaq.
– Ukrayna bohranının sonu görünürmü? Prosesin uzanmasının Cənubi Qafqaza təsiri necədir?
– İndiki mərhələdə Ukrayna böhranının sonu görünmür. Hazırda davam edən müharibədə tərəflərin heç biri qəti üstünlüyə malik deyil. Mövqe döyüşləri gedir. Bir müddət müəyyən ərazilər Rusiyanın əlində olur, bir müddət sonra Ukrayna revanş götürüb müəyyən əraziləri geri qaytarır. Yəni, cəbhədə köklü dəyişiklik baş verməyib. Eyni zamanda, tərəflərin mövqeyində də problemin həllinə köklü dəyişiklik baş verməyib. Bu baxımdan hələ ki, böhranın bitməsi qeyri-müəyyən görünür. Böhranın davam etməsi təkcə Ukraynada deyil, postsovet məkanında da proseslərə ciddi təsir göstərir. Eləcə də Cənubi Qafqazda geosiyasi vəziyyətə əhəmiyyətli təsir edir. Bir növ, Ukraynadan sonra Cənubi Qafqaz tərəflərin maraqlarının toqquşduğu meydana çevrilir. İstənilən halda, Ukraynada müharibənin qısa müddətdə bitməsində, bölgəyə sülhün gəlməsində maraqlayıq. Ukraynada müharibənin davam etməsi Ukrayna xalqına, postsovet məkanı dövlətlərinə fayda gətirməyəcək.