Rusiyanın Cənubi Qafqaz ölkələrini TAHDİD TAKTİKASI

14:13 10.07.2025
Yazını böyüt
Yazını kiçilt

“Rusiya vaxtilə sovetlər ittifaqında olan və sonradan müstəqilliyini qazanmış dövlətləri özünə tabe etdirməyə çalışır. Bunun kökündə Rusiyanın hərbi gücü və zaman-zaman bu gücdən sui-istifadə etməsi və iqtisadi amillər dayanır”.

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Abutalıb Səmədov Rusiyanın Cənubi Qafqaz ölkələrini sanksiyalarla təhdid etməsi və gözləntilərlə bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Rusiya Ukrayna ilə ağır müharibə apardığı üçün ikinci cəbhə açmaq imkanı yoxdur. Amma iqtisadi amillərdən istifadə edərək qonşu ölkələrə təsir edə bilər.

A.Səmədov vurğulayıb ki, Rusiya Ermənistana qarşı atacağı addımlarla bağlı hələ ki, müəyyən informasiya vasitələrində məlumat verir, yaxud, Ermənistan iqtidarı ilə görüşlərində müəyyən iqtisadi əlaqələri xatırladırlar:

“Çünki Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Azərbaycanla Rusiyanın iqtisadi münasibətləri müəyyən qədər Rusiyanın maraqlarına daha çox cavab versə də, Azərbaycanın da Rusiyada ciddi iqtisadi maraqları var. Ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 4,8 milyarddan artıq oldu. Burda Rusiyanın Azərbaycana ixrac etdiyi məhsulların həcmi 3.6 milyard, Azərbaycanın ixrac etdiyi məhsulların həcmi isə 1.1 milyarddan artıq oldu. Rusiya Azərbaycana ən çox taxıl satan ölkədir. Çörək istehsalı üçün lazım olan taxılın böyük hissəsini Rusiyadan alırıq. Ötən il Rusiyadan taxıl almışıq, digər məhsullar isə ağac məmulatları, maşınlardır. Azərbaycan isə Rusiyaya meyvə-tərəvəz, şirələr və kimyəvi məhsullar verir. Hələlik tez bir zamanada Rusiya bazarını əvəz edəcək elə bir bazar yoxdur”.

Ekspert bildirib ki, Rusiyanın Azərbaycana təzyiq imkanlarından biri də əmək miqrantları ilə bağlıdır. Onun sözlərinə görə, dəqiq sayı məlum olmasa da, bu, 500 mindən artıqdır:

“Rəsmi məlumatlara görə, əmək miqrantları hər il orta hesabla ölkəmizə 500 milyon dollar vəsait köçürürlər. Bu rəqəm az deyil. Amma ermənilər öz ölkəsinə daha çox 3 milyard dollar pul göndəriblər. Rusiya bundan da təzyiq vasitəsi kimi istifadə edə bilər.
Digər tərəfdən, əmək miqrantlarının ölkədən çıxarılması bizə müəyyən problemlər yarada bilər. Amma Rusiya onu da nəzərə almalıdır ki, ağır müharibə gedir və Azərbaycan onun üçün vacib ölkədir. Çünki Rusiya üçün vacib olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Azərbaycan bu məqamı xatırlatmağa ehtiyac hiss eləmir. Azərbaycan Cənubi Qafqazın ən vacib dövlətidir, Türkiyə kimi müttəfiqi var. Bütün bunlar Rusiyanı düşünməyə məcbur edən məsələlərdir. Bizə qarşı müəyyən tədbirləri görməyi planlaşdıran Rusiya, eyni zamanda onlara qarşı hansı cavab veriləcəyini bilir. Ona görədə Rusiya Azərbaycanla münasibətləri qaydaya salmq üçün çalışacaq və bu cür sanksiyalar da olmayacaq”.