Ruslar arasında Stalinə pərəstiş edənlərin sayı artır

14:09 22.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya tarixində ən populyar siyasi liderlər I Pyotr, II Yekaterina və İosif Stalin olub.

Hafta.az-ın “Russian Field”in keçirdiyi və nəticələri “Kommersant” qəzetində dərc olunan sorğuya istinadən yazdığına görə, Stalin haqqında müsbət fikirdə olanların nisbəti 65 faizə yüksəlib, mənfi düşünənlər isə 20 faizə qədər azalıb.

Stalinə müsbət münasibət digər tədqiqat mərkəzlərinin son sorğularının nəticələri ilə üst-üstə düşür. “Kommersant” yazır ki, Stalin açıq-aydın öz reytinqinin zirvəsindədir və 2000-ci illərin əvvəlləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

“Levada”nın son sorğularından birinə görə, Stalinə hörmətlə yanaşanların (47 faiz), heyranlığın (7 faiz) və simpatiyanın (9 faiz) ümumi sayı 63 faizə çatır. Sadəcə 23 faiz respondent "laqeydlik" nümayiş etdirib.

İctimaiyyətin gözündə ən populyar siyasi lider 82 faizlə I Pyotrdur. Daha sonra 71 faiz səslə 2-ci Yekatirina gəlir.

Stalini seçənlərin əksəriyyəti 60 yaşdan yuxarı, gəliri 80 min rubla qədər olan və ali təhsili olmayan adamlardır.

Rəyi soruşanların 63 faizi Boris Yeltsinə mənfi fikir bildirib. O, 17 faiz müsbət rəy alaraq cəmiyyət tərəfindən xoş qarşılanmayan ən uğursuz liderlər siyahısında 64 faiz mənfi, 19 faiz müsbət səs yığan Mixail Qorbaçovdan sonra ikinci olub.