Sabah Türkiyədə Bəyoğlu Mədəniyyət Yolu Festivalına start veriləcək

11:35 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət Yolu Festivallarının səkkizinci dayanacağı İstanbul olacaq. Sabah başlayacaq Bəyoğlu Mədəniyyət Yolu Festivalı oktyabrın 15-də başa çatacaq.

Hafta.az-ın yazdığına görə, Bəyoğlu Mədəniyyət Yolu Festivalının açılışı İstanbul Dövlət Opera və Baletinin möhtəşəm çıxışı ilə baş tutacaq. Festival türk pop musiqisinin məşhur adlarının açıq havada verdiyi konsertlərlə yadda qalacaq. Bengü, Simgə, Oğuzhan Koç, Murat Dalkılıç, Mərvə Özbəy, Berkay, Ziynət Sali, Fərhat Göçər, Ebru Yaşar, Məhmət Ərdəm & Rubato, ƏmrƏ Altuğ, Manga və Fatma Turqut Qalataport İstanbul Saat Qülləsi Meydanında tamaşaçılara xoş saatlar yaşadacaq.

Bəyoğlu Mədəniyyət Yolu Festivalı çərçivəsində dünya musiqisinin aparıcı adları AKM Türk Telekom Opera Salonunda səhnəyə çıxacaq. 240 illik tarixi ilə dünyanın ən köklü və məhsuldar nadir sənət qruplarından olan Mariinsky Orkestri festivalı çərçivəsində ilk dəfə AKM-nin yenilənmiş binasında çıxış edəcək. Orkestrin dirijoru Valeri Gergiyevdir.

Festivalın tanıdılması məqsədilə təşkil edilən mərasimdə çıxış edən Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy deyib: “Türkiyə Mədəniyyət Yolu Festivallarının başlanğıc nöqtəsi olan Bəyoğlu Mədəniyyət Yolu Festivalını təbliğ etdik. Dördüncü dəfə təşkil edəcəyimiz Bəyoğlu Mədəniyyət Yolu Festivalı 16 gün ərzində əyləncəli, rəngarəng mədəniyyət və incəsənət tədbirlərinə səhnə olacaq. Festival istanbulluları 50-dən çox məkanda 1000-dən çox tədbirlə bir araya gətirəcək. 4-12 Noyabr tarixləri arasında keçiriləcək Antalya Mədəniyyət Yolu Festivalı ilə bu il 11 şəhərdə festival marafonumuzu başa vuracağıq və gələn il üçün hazırlıqlara başlayacağıq. 2024-cü il üçün hədəfimiz festivallarımızı 15 vilayətdə keçirməkdir. 2028-ci ildə isə festival coşğumuzu 35 əyalətə yayacağıq".