“Prezident İlham Əliyev çevik diplomatiyası ilə Naxçıvanın tarixi rolunu daha da gücləndirir, Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionun geosiyasi və iqtisadi xəritəsini köklü şəkildə dəyişdirir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclsında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Deputat qeyd edib ki, bu dəhliz sadəcə Azərbaycan və Türk dünyasının deyil, bütövlükdə Avropadan Asiyaya qədər uzanan geniş məkanın strateji maraqlarına cavab verən qlobal layihədir. Beləliklə, Azərbaycan təkcə regionun aparıcı dövləti deyil, həm də Avrasiyada əməkdaşlıq və sülhün yeni arxitekturasını formalaşdıran qlobal oyunçuya çevrilmişdir:
“Məhz cənab İlham Əliyevin böyüklüyü ondadır ki, o, tarixi mirası strateji üstünlüyə çevirərək Azərbaycanı regionun lokomotivinə, sülh və əməkdaşlığın əsas dayağına çevirmişdir. Çünki əsl liderlik yalnız gücü nümayiş etdirmək deyil, həm də onu hüquqa çevirmək və beynəlxalq legitimlik qazanmaq bacarığıdır. "Güc yalnız hüquqa çevriləndə dayanıqlı olur” prinsipini cənab İlham Əliyev praktik siyasətə tətbiq edərək Azərbaycanın milli maraqlarını beynəlxalq hüququn təməl prinsipləri ilə uzlaşdırmışdır. Azərbaycan-ABŞ münasibətləri İlham Əliyev və Donald Tramp dövründə yeni mərhələyə qədəm qoydu. Vaşinqtonda keçirilən üçtərəfli görüş və ilkin sülh sazişi sadəcə diplomatik prosedur deyil, Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına yol açdı. Yeni şərait isə regionda davamlı sülhün təmin olunmasına zəmanət verir”.
Deputat qeyd edib ki, 2025-ci ilin avqustunda imzalanan Vaşinqton razılaşmaları Azərbaycanın xarici siyasətində yeni bir mərhələ oldu. Onun sözlərinə görə, bu razılaşmalar Zəngəzur dəhlizinin açılmasını təmin edir, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini möhkəmləndirir və regionun iqtisadi xəritəsini dəyişdirir:
"Bu layihə təkcə iqtisadi deyil, həm də Azərbaycanın qəti iradəsinin, diplomatik məharətinin və xalqımızın birliyinin təntənəsidir. Ən önəmlisi isə odur ki, bu razılaşma böyük dövlətlərin də maraqlarına cavab verərək regionun sabitliyinə beynəlxalq təminat gətirir. Vaşinqton razılaşmaları Azərbaycanın diplomatik zəfəri, milli iradənin qələbəsi və müdrik İlham Əliyev liderliyinin təntənəsidir. Azərbaycanın uğuru yalnız iqtisadi tərəqqi, hərbi güc və strateji diplomatiya ilə məhdudlaşmır, həm də zamanı düzgün idarə etmək bacarığında özünü göstərir. Biz tarixi öz xeyrimizə çevirdik, regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açdıq və bu uğurlar gələcək nəsillərə örnək olacaqdır. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın hərbi zəfərlərini diplomatik qələbələrlə tamamlaması və ölkəmizin bütün istiqamətlər üzrə regional logistik mərkəzə çevrilməsinin parlaq göstəricisidir.
Beynəlxalq Sülh Günü ərəfəsində Parlamentimizdə sülh sazişinin müzakirəsi Azərbaycanın bəşəriyyətin ən böyük arzusu – sülhə sadiqliyini bir daha nümayiş etdirir".