Şadlıq saraylarında təhlükəsizlik necə təmin olunur?- Xoşagəlməz hallar yaranırsa...

16:33 15.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə müasir şadlıq sarayları, VİP restoranlara üz tutub xeyir işlərini keçirmək istəyənlərin sayı günbəgün artmaqdadır. Lakin hər zaman yeyib, gülüb-oynamaqla da bu ziyafətlər sonlanmır. Elə anlar da olur ki, insanlar içkinin təsirindən bu və ya digər hallarda kriminal hallara da yol açırlar. Elə dünən axşam Üzeyir şadlıq sarayında yaşanan olaylar kimi.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ötən gün Binəqədidə toyda baş vermiş insidentlə bağlı birgə açıqlama yayıb. 

Hafta.az-a daxil olan açıqlamada deyilir:

“Avqustun 14-də saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 4 saylı ünvanda yerləşən “Üzeyir” şadlıq sarayında qonaqlar arasında yaranmış mübahisə zamanı Seymur Hüseynov, Mahir İbrahimov, Telman Hüseynov və Elton Ağababayev kəsici alətlə yetirilməyə xarakterik müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq zamanı Elton Ağababayevin əsaslı səbəb olmadan bıçaqla Seymur və Telman Hüseynovlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Bəs ölkəmizdə belə məkanlarda qabaqlayıcı təhlükəsizlik tədbirləri kimi hansı  işlər görülür?

Mövzu ilə bağlı hafta.az-a danışan kriminalist Mahmud Hacıyev dedi ki, polisdən başqa da xüsusi mühafizə şirkətləri mövcuddur:

“Azərbaycanda kifayət qədər özəl mühafizə xidmətləri var. Şadlıq sarayları, irili-xırdalı digər restoranlar polislərlə müqavilə bağlamırlar. Həmişə özəl mühafizə xidmətləri ilə müqavilə bağlayırlar. Eləsi də vardır ki, heç bağlamırlar. Özünün mühafizə xidməti olur. Bu günümüzdə əsasən fərdi qaydada mühafizə formalarına üstünlük verilir. Ancaq siz dediyiniz kimi, bəzi belə məkanlar vardır ki, nə özəl şirkətlərlə, nə polislə müqavilə bağlamırlar. Onda da xoşagəlməz hallar yaranır. Elə tez-tez mətbuatda da bu kimi xəbərlərə rast gəlirik. Restoranlar, şadlıq sarayları özəl fəaliyyət göstərir. Onlara gedib müdaxilə etmək olmur. Sən niyə müqavilə bağlamırsan soruşanda, deyir ki özəl şirkətlə müqavilə bağlamışam. Bəli, müqaviləsi ola bilər, amma o şirkətin nümayəndəsi orada təhlükəsizlik tədbirlərini qorumaq üçün göndərmir. Sənəddə yalnız mühafizə olunduğu göstərilir. Eləsi də var deyir ki, bağlamamışam, gücüm çatmır.  Yaxşı olardı ki, hamısı mühafizə xidmətləri ilə müqavilə bağlayıb, insanları təhlükəyə atmasınlar”.

Psixoloq Gülşən Rüstəmova isə hesab edir ki, ümumiyyətlə insanlar səhnədə çıxış etməyi xoşlayırlar:

“Cəmiyyətimizdə hazır tamaşa səhnəsi insanların daha cox olduğu yerlərdir. O yerlər ki, restoranlar, şadlıq sarayları, gecə barları və s. Bu yerlərə üz tutan adamlar özlərini ifadə etmək istəyirlər. Bu ifadə bəzən başqa birinə xoş gəlmir. Bunu bütün insanlara aid etmək olmaz. İctimai qınaqdan çəkinən insanlar vardır ki, özlərində etik normalara riayet etmək məcburiyyəti hiss edirlər. Təəssüf ki, günümüzdə bir çox insanlar, əsasən də gənclərimiz alkoqolun təsirindən beyində yaratdığı “olmaz”ları aşır. Sıxışdırıb gizlətdiyi aqressiv və üsyankar “mən”i səhnəyə çıxarırlar. Bu isə xoşagəlməz hallarla müşahidə olunur. Qıraqdakı insanların da psixologiyasından yan keçmir”.