Əhalisinin sayına görə, Çindən sonra dünyanın ikinci böyük dövləti olan Hindistanda, son vaxtlar koronavirusa yoluxanların sayı ildırım sürətilə artmaqdadır. Hansı ki, pandemiya İrand, ardıyla da Avropada yayılmağa başlayanda Hindistanda bu virusa yoluxanların sayı olduqca cüzi idi. Hətta Çinlə böyük quru sərhədə malik Hindistanda virus təhlükəsinin belə zəif olması çoxlarını təəccübləndirirdi. Amma bir məsəl var: sən saydığını say, gör fələk nə sayır. Nəhayət, bu ecazkar ölkə də öz vətəndaşlarını maksimum səylərinə rəğmən, amansız pandemiyadan qoruya bilmədi – virus qısa zamanda elə sürətlə yayılmağa başladı ki, günümüzdə Hindistan ÜST-ün siyahısında ABŞ, Braziliya və Rusiyadan sonra dördüncü pilləyə yüksəldi. Hadisələrin belə təzadlı və tez dəyişən olduğunu nəzərə alaraq Hindistanda yaşayan neft mühəndisi, hətta bir zamanlar SOCAR-da işləmək üçün sənəd vermis Montu Borahla söhbətləşib, bu ölkədəki mövcud vəziyyətə işıq salmağa çalışdım. Oxuyaq görək müsahibimiz nələr deyir:
- Narahatverici hal olsa da, hazırda Hindistanda Covid-19 tam nəzarət altındadır. İlk gündən dövlət virusun yayılmasının qarşısını almaq üçün xüsusi addımlar atmaqdadır və bütün bunlar öz müsbət təsirini göstərib. Qeyd edim ki, hələ mart ayının 25-də, Hindistanın hər yerində ümumi bir karantin elan olundu və bununla da yerlərdə vəziyyət tədricən nəzarət altına alındı. Bu da öz növbəsində imkan yaratdı ki, proseslərə daha çevik reaksiya verilsin. Hindistanda virusun yoluxma səviyyəsinə əsasən bölgələr qırmızı, narıncı və yaşıl rənglərə bölünür və rənglərə görə də qərarlar alınır. Bu gün yalnız dövlət mübarizə aparmır pandemiya ilə, ölkədəki bütün dini və etnik cəmiyyətlər bu prosesdə iştirak edir. Ən əsası isə qaydalara uymayan insanlara qarşı çox sərt ictimai qınaq mövcuddur.
- Söz düşmüşkən, bu gün yoluxma sayı nə qədərdir?
- Rəsmi statistika tez-tez dəyişir. Mən sizə yazarkən ölkə üzrə təsdiq edilmiş yoluxma sayı 353206, sağalanların sayı 187356 nəfərdir. Amma çox təəssüf olsun ki, ölənlərin sayı da artmaqda davam edir və indiyədək vəfat edənlərin sayı 11888-ə bərabərdir.
- Sizcə Hindistanda yoluxma və ölüm sayı kifayət qədər yüksək deyilmi?
- Nəzərə alın ki, Hindistan əhalisinin sayına görə dünyada ikinci iri dövlətdir. Bu prizmadan yanaşdıqda yoluxma halının çox olması təbidir. Digər yandan, tibb müəssisələrinin çatışmazlığı, habelə əhalinin sayına nisbətdə həkim sayının az olması da prosesə təsir edən amillərdir. Hesab edirəm ki, yoluxma sayının kəskin artması gələcəkdə insanların həyatına öz mənfi təsirini göstərə bilər. Şübhəsiz ki, bu, əhalinin sosial həyatına da hərtərəfli təsir göstərəcək.
- Əvvəlki sualın təkrarı olmasın, son vaxtlara qədər Hindistan özünü virusdan qoruya bilmişdi. Dediyiniz kimi, nəhəng, 1,2 milyard nəfər əhalisi olan bir ölkədə yoluxma sayı çox az idi. Amma qəflətən rəqəmlər həndəsəsi sürətlə artmağa başladı. Sizcə bunun səbəbi nə idi?
- Yoluxma hallarının qəfil artması üçün bir çox amil var. Bunlardan biri xarici səyahətdən qayıdanlardır. Onların hər biri qısa müddətə karantinə alındı və üzərlərində test aparıldı, xeyli hissəsində virus aşkarlandı. Bu yerdə bildirim ki, Hindistan hələ yanvarın 31-də, Çinin Vuhan şəhərindən qayıdan bir vətəndaşda virus aşkar olunduğunu bildirmişdi. Tədricən virusa yoluxan insanların sayı artmağa başladı və onlar ciddi şəkildə karantinə alındılar. Amma bir gün paytaxt Dehlidə yerləşən Nizamuddin Mərkəzində təşkil olunmuş bir dini məclisdə iştirak edən insanlar arasında yoluxma hallarının aşkarlanması, Covid-19-un bütün ölkə üçün əsl təhlükə olduğunu göstərdi. Həmin tədbirdə xaricdən gələnlər də daxil olmaqla, mindən çox insan iştirak edib. Xoşbəxtlikdən onların əksəriyyətini tapıb karantinə almaq və müalicəyə dəvət etmək mümkün oldu. Amma Hindistanda Covid -19-la əlaqəli nəzərə çarpan məqam, yoluxmuş halların çoxunun asimptomatik olması, xəstəliyin səssiz keçməsidir. İlk vaxtlar yoluxma əlamətləri olan insanlar sadəcə GOI tərəfindən testdən keçirilib, amma hər keçən gün gündəlik test sayı artır və təbii ki, say artdıqca yoluxma sayı da çoxalır. Bayaq dediyim kimi, karantində gözlədilən insanlar arasında da çox sayda yoluxanların olduğu bilindi və təbii ki, bu da yoluxma sayının artmasına təsir etdi.
- Sıradan bir vətəndaş olaraq yaşadığınız bölgədə virusdan özünüzü necə qoruyursunuz, insanlar təhlükəni ciddiyə alırlarmı?
- Hə, əlbəttə. Biz hökumətin verdiyi bütün təlimatlara uyğun davranırıq. Başa düşürük ki, sağlam yaşamaq istəyiriksə, mütləq qaydalara əməl etməliyik. Məsələn, ən azından maskasız küçəyə çıxmamalıyıq, əlcək geyinməliyik, digər qoruyucu vasitələrdən istifadə etməliyik və sair. İnsanlar təhlükəni çox ciddi anlamağa başlayıblar və əlbəttə ki, ölkəmizin rəhbərləri də xalqı virusun cəngindən qurtarmaq üçün əllərindən gələni edirlər.
- Hindistanda yoluxma hallarının ərazilər üzrə yayılmasına dair statiska varınızdır? Yəni, hansı bölgələrinizdə virus daha çox yayılıb və ya əksinə…
- Mumbay bu günə qədər virusun ən çox yayıldığı bölgədir. Təsəvvür edin, yalnız bu şəhərdə 108 min yoluxma halı və 3850 ölüm faktı qeydə alınıb. Səbəbi də məlumdur: Mumbay Hindistanın ən iri şəhəri, əhalinin ən sıx məskunlaşdığı ərazisidir. Üstəlik, Munbay Hindistanı xarici dünya ilə bağlayan başlıca körpüdür. Bu da o deməkdir ki, Munbayda əhalinin sıx olması və xarici ölkələrlə bağlılığı burada virusun daha çox yayılmasına imkan yaradıb. Müqayisə üçün deyim ki, ölkənin başqa vilayətlərindən heç birində ölüm halı 500-dən artıq olmayıb. Bu da həmin vilayətlərdə məskunlaşan insanların sıxlığı və xarici dünya ilə birbaşa əlaqələrinin Munbayla müqayisədə daha zəif olması ilə bağlıdır.
- Sözsüz ki, Hindistan dünyanın ən inkişaf etmiş dərman istehsalçılarından biridir. Maraqlıdır, vaksin tapmaq üçün alimləriniz hər hansı addım atırmı?
- Buna söz ola bilməz. Hind əczaçılıq fermalarının bir çoxu, həmçinin Biolaboratoriyaları koronavirus əleyhinə peyvəndi hazırlamaq üçün əzm nümayiş etdirirlər. Ümumiyyətlə, onlar pandemiyanın daha tez və az ziyansız sona çatması üçün bütüün həll varinatları üzərində çalışırlar. Bəzi laboratoriyalar hətta peyvəndlərin hazırlanması ilə bağlı iddialar səsləndirirlər, lakin bununla bağlı hər hansı rəsmi bildiriş verilməyib. Hər halda ümid edirik ki, yaxın gələcəkdə iddialar gerçəkləşə bilər.
- Bir vətəndaş olaraq, necə düşünürsünüz: dərman istehsalçısı olan Hindistan xaricdən dərman və tibbi avadanlıq alırmı? Yaxud da, bəlkə Hindistan özü digər ölkələrə tibbi yardım göndərir?
- Hər iki hal var. Mükəmməl beynəlxalq münasibətlər quran Hindistana dost ölkələrdən dəstək verilir. Yalnız beynəlxalq əməkdaşlıq şəraitində Hindistan, eləcə də istənilən digər ölkə dərman və tibbi vasitələrə olan ehtiyacını ödəyə bilər.
- Nəhayət, ölkənizdə bu vəziyyətin nə vaxt normala dönəcəyini düşünürsünüz? Hindistanda virus təhlükəsi nə vaxt bitəcək?
- Ölkədə vəziyyətin nə vaxt normallaşacağını dəqiq şəkildə söyləmək mümkün deyil. Bir çox bölgələrdə və müəyyən sahələrdə karantin qaydaları hələ də mövcuddur. Bizə sadəcə ümid etmək qalır. Qaydalara riayyət edərək gözləyək və həm də düşdüyümüz çətinliklərin sona çatması üçün dua edək.