"Ah, bu məşhur Litvanın üzüm bağları! Baltik günəşi altında həyat verən üzümlər! Vilnüs Sauvinyon, yerli Şardonnay və Merlot şərabları! İstədiyiniz hər şeyə rişxənd edə bilərsiniz, amma fakt faktlığında qalır: Litva indi Rusiyaya şərabın əsas təchizatçısına çevrilib. BMT-nin beynəlxalq ticarət statistikası Comtrade platformasının məlumatına görə, 2023-cü ilin ilk səkkiz ayında Litvadan Rusiyaya 122 milyon dollar dəyərində qırmızı və ağ şərab ixrac edilib”.
Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı oxuculara çatdıran “Komsomolskaya Pravda” xəbəri özünəməxsus ironik girişlə açıqlayıb: "Sanksiyalara görə Rusiya bazarına ixracın çətinləşməsi kağız üzərində də olsa bəzi sektorlarda maraqlı “liderlər” yaratmağa başlayıb. Nəhayət, şərab istehsal etməyən kiçik Baltikyanı ölkə Litva İtaliyanı geridə qoyub və Rusiyanın şərab idxalında birinci yeri tutub".
Birləşmiş Millətlər Təşkilatının Comtrade məlumat bazasına görə, 2023-cü ilin yanvar-avqust aylarında Rusiyaya 317,5 milyon dollar dəyərində şərab ixrac edən Litva, Gürcüstan və Latviya ilk üç yeri tutub.
Ənənəvi olaraq bu reytinqdə birinci yerdə olan İtaliyanın Rusiyaya şərab ixracı bu ilin ilk 8 ayında 4 faiz azalıb.
Bu dövrdə Rusiyanın cəmi şərab idxalı 485 milyon dollar olaraq qeyd edilib. İdxal rekordlarında bu rəqəmin dörddə birindən çoxu Litvaya aiddir.
Litva Rusiyaya şərab ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artırıb. Gürcüstan Rusiyaya şərab ixracını 19,4 faiz artıraraq 112,1 milyon dollara çatdırıb, Latviya isə Rusiyaya 18,5 faiz artımla 79,5 milyon dollara şərab ixrac edib.