Şəhid Rəşad Abdullayevin medalı ailəsinə təqdim edilib

18:10 07.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə Prezident İlham Əliyevin sərəncamına əsasən 83 nəfərə - 49 nəfərə sağlığında, 34 nəfərə isə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən Hafta.az-a verilən məlumatda deyilir ki, Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlarda Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğlu şəhid olub. O, 1988-ci il sentyabrın 14-də Cəllabad rayonunda doğulub. Ötən il sentyabrın 28-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olan Rəşad ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” , ”Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhidin ailəsi ilə görüş keçirilib, Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub. Görüşdə şəhid ailəsinin, övladlarının arzu və istəkləri dinlənilib. Onlara torpaqlarımızın işğaldan azad edilməsinin hər birimizdə qürur doğurduğu və bu amal uğrunda fədakarlıq göstərənlərin xalqımızın qəlbində əbədi yaşayacaqları söylənilib.

Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.