Şənbə və bazar karantini zamanı onlayn alış-veriş praktikasını tətbiq etmək olarmı? - TƏKLİF

16:12 18.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

TƏBİB alış-verişlərlə bağlı vətəndaşlara müraciət edib. Müraciətdə hər kəsə koronavirus (COVID-19) pandemiyası dövründə alış-verişin onlayn edilməsi tövsiyə olunur:

“Dostlar və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin. Bununla siz, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz”.

Azərbaycanda iyun ayı ərzində şənbə və bazar günləri sərt karantin rejimi tətbiq olunur. Vətəndaşlar iki gün evdən çıxa bilməyəcəklərinə görə marketlərə axın edirlər. Nə qədər sosial izolyasiya tələblərinə əməl etsələr də, yoluxma riski böyükdür. Bəs iki günlük karantin rejimi çərçivəsində onlayn alış-veriş sistemi yaratmaq olarmı?

Bu barədə hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, kuryer xidməti göstərənlərin çoxu rəsmi müqavilə ilə çalışmır, onlar günəmuzd işləyirlər, onların icazə alması problemli məsələdir:

“Əslində onlayn tiocarət dünyada çox geniş yayılıb. Azərbaycanda da bu praktikanın geniş yayılması üçün işlər görülməlidir. Bu, çox ciddi məsələdir. Təəssüf ki, dövlətin bu məsələdə diqqətsiz olması, eləcə də əhalinin davranış qaydası onlayn alış-verişə öyrəşməməsi bu sahənin axsamasına səbəb olur. Əgər bu həftə də karantin rejimi olacaqsa mağaza və anbarların kuryer xidmətləri işlək olmalıdır. Açığı indidən görünən odur ki, belə şeyə icazə verilməyəcək. Bu texniki olaraq necə həyata keçirlməldir hələ ki, aydın görünmür. Bazar günlərinin  sərt karantin rejiminin dəyişdirilməsi gündəmə gəlməlidir. Tətbiq olunan qərar məntiqli və effektli deyil. Ümid edək ki, bu həftə qərar başqacür olar. Onlayn ticarətlə məşğul olmaq üçün formul tapılmalıdır”.

Azad İstehlakçılar Birliyinin sədir Eyyub Hüseynov isə bildirdi ki, onlayn alış-veriş edən vətəndaşlar vardır ki, onların hüququ pozulub və onlar da bizə şikayət ediblər:

“Onlayn xidmət göstərən şirkətlər istehlakçıların tələbinə uyğun olmayan mallar satırlar. Bu halda istehlakçı onu qaytarmaq istədikdə şirkət yoxa çıxır. Ərzaq mallarında belə halda çeklər də təqdim etmirlər. Biz şəxsən bildiririk ki, onlayn alış-veriş edən şəxslər də çek tələb etsinlər. Əgər hər hansı forsmajor hal yaranarsa geri təqdim etmə imkanları olsun. Əlbəttə, problemlərdən biri də odur ki, onlayn satan şirkətlər vaxtı keçmiş məhsullar təqdim edirlər. Elə hesab edirlər ki, istehlakçının nəzərindən yayınacaq, xəbəri olmayacaq. Ancaq bu kimi hallarla bağlı bizə çoxlu şikayətlər olur. Ərzaq mallarının buraxılış vaxtı dəyişdirilir ki, onu müəyyən etmək bir qədər çətindir. Vətəndaşlara müraciət edirəm ki, diqqətli olsunlar. Istehlakçılar yumurta, yeni ət toyuq ətlərinə üstünlük versinlər. Onlayn çatdırma edən şirkətlərdən bu barədə məlumat almaqla kifayətlənməsinlər. Çünki onlar özləri elə aldada bilərlər”.