Separatçı rejim rəhbəri Xocalıda ermənilər üçün 400 mənzilin tikildiyi əraziyə gəldi

19:27 14.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının  hələlik Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin nəzarətində qalan Xocalı şəhəri ərazisində   400-dən çox  yeni mənzil tikilməsi planlaşdırılır.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb.

Məlumata görə, separatçı xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyan avqustun 14 -də  Xocalıya gələrək mənzil tikintisi işləri ilə tanış olub.

Xəbərdə daha sonra deyilir:

“Yaşayış məhəllələrindən birində, “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına 8 tikinti təşkilatının iştirakı ilə 180 mənzilli 15 bina tikilir. Yaşayış sahəsinin 2022 -ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.

Xəbərdən bəlli olur ki, məhəllədəki mənzillər Azərbaycan ordusunun  44 günlük müzəffər savaşı zamanı Xocavənd rayonunun Böyük Taglar kəndindən könüllü köçkün erməni ailələrinə veriləcək. “Qanunsuz “şəhərsalma naziri” sayılan Aram Sarkisyan binaların 2, 3 və 4 otaqlı mənzillərə malik olacağını söyləyib. “Onun sözlərinə görə, artıq 11 binanın inşasına başlanılıb və yaxın günlər ərzində daha 4 binanın tikintisinə başlanacaq”.

Məlumata görə, A.Arutyunyan yaxınlıqdakı sahədə  Xocavənd rayonunun Ağoğlan(keçm. Hadrut) qəsəbəsi yaxınlığındakı digər  məntəqələrdən köçmüş ermənilərə verilmək üçün eyni tipli daha 10 çoxmənzilli binanın inşasına başlamağı tapşırıb.

“Arayik Arutyunyanın ziyarət etdiyi ikinci məhəllə də “Hayastan” fondu hesabına tikilir. 120 ailə üçün nəzərdə tutulmuş məhəllə tamamilə fərdi, həyət evlərindən ibarət olacaq. Tikinti 6 şirkət tərəfindən aparılır. İkinci məhəllənin də 2022 -ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”. Məlumatda deyilir ki, buradakı evlər 27 ildən çox qanunsuz məskunlaşdıqları   Ağdam rayonunun Şelli kəndindən  köçmüş ermənilərə veriləcək.

“Hər iki yaşayış massiviu lazım olan bütün infrastrukturla - uşaq bağçaları, oyun meydançaları, parklar, məktəb binası və s. ilə təchiz olunacaq” –erməni mənbələrinin yaydığı məlumatda belə deyilir.