Separatçı rejim Tərtərin bu kəndinə gedən yolu asfaltlayır

17:36 16.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

44 günlük savaş zamanı Tərtər şəhəri və  bir sıra kəndlərimizə top və  “Qrad” atəşi açılan hərbi məntəqələrdən biri də  məhz burada olub...

Tərtər rayonunun hələlik Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan “Möhrətağ” adlandırılmış Kiçik Qarabəy kəndində ermənilər asfaltlanma və daxili içməli su şəbəkəsinin tikintisi işlərini davam etdiriirlər.

Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, magistral yoldan  Kiçik Qarabəy kəndinə gedən 4 km-lik yolun asfaltlanması hazırda aktiv şəkildə aparılır.

“Yolun bütün hissələrində qazıntı işləri başa çatıb. Aktiv asfaltlama işləri aparılır ki, bu da hava şəraitindən asılı olaraq bu ayın sonuna kimi başa çatdırılmalıdır. Bundan əlavə, kənddə içməli su şəbəkəsinin yenilənməsi ilə bağlı işlər görülür. Həmin işlər başa çatdıqdan sonra kəndin daxili yolları da asfaltlanacaq”- xəbərdə belə deyilir.

Zəruri arayış:

Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ) — Azərbaycan Respublikasının Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Tərtər şəhərindən hava xətti ilə təxminən 14 km, Ağdərə şəhərindən 3 km məsafədə  yerləşir.  44 günlük savaş zamanı Tərtər rayon mərkəzi, eləcə də bu rayonunun və Ağdam rayonunun bir sıra kəndlərinə Ermənistan Silahlı Qüvvələri tərəfindən top və  “Qrad” atəşi açılan hərbi məntəqələrdən biri də bu kənddə olub.

XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın Şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ(“Mohratağ” -palçıqdan tikilmış barılı məhəllə) adlandırmışlar. 1992-ci ildə kəndin keçmış adı bərpa edilib.

Kiçik Qarabəy kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kiçik Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kiçik Qarabəy kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 Noyabr üçtərəfli razılaşmasına əsasən kənd hazırda rəsmən Rusiyanın “sülhməramlı” adlanan kontingentinin nəzarətindədir... Son məlumatlara görə, Kiçik Qarabəy kəndində  indi 321 erməni yaşayır. Müharibədən sonra kəndə digər məntəqələrdən qaçqın düşmüş  28 nəfərdən ibarət 5 erməni ailəsi köçürülüb...

44 günlük savaş zamanı Tərtər şəhəri və  bir sıra kəndlərimizə top və  “Qrad” atəşi açılan hərbi məntəqələrdən biri də  məhz burada olub...

Oxunma sayı 119