"Ümumiyyətlə, istənilən dövlətdə bu və digər şəkildə insan hüquqları sahəsində müəyyən pozuntulara rast gəlmək mümkündür. Yəni, bu problemlərdən cəmiyyət sığortalanmayıb".
Bunu hafta.az-a Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyyət Əliyev bildirib.
T.Əliyev qeyd edib ki, Avropa Parlamentinin son günlər Azərbaycana qarşı qəbul etdiyi qərar və qətnamələrə birmənalı yanaşmaq mümkün deyil. Onun sözlərinə görə, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin Azərbaycan-Ermənistan münasibəti ilə bağlı məqamları ikili yanaşmadan doğan bir məsələdir.
“Həmin qətnamədə Azərbaycanda həbsdə olan erməni separatçıların da siyasi məhbus kimi, yaxud hərbi əsir kimi qələmə verilməsi öz əksini tapır. Qətiyyən buna razı ola bilmərik. Çünki onların Azərbaycan dövlətinin, xalqının, millətinin qarşısında çox ciddi cinayətləri var. Onlar Azərbaycana qarşı terror hərəkətlərində, hərbi əməliyyatlarda iştirak ediblər, əlləri Azərbaycan xalqının qanına batıb. Digər silsilə cinayətlərdə də onların əməlləri var. Buna görə də Azərbaycan qanunları çərçivəsində cəzalandırılmalı və həbsdə qalmalıdırlar. Bununla bağlı beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqlərini yersiz və ikili standart hesab edirəm. Çünki biz Qərbin, Avropanın Ukraynaya, yaxud Gürcüstana, separatçı rejimə münasibətdə tamamilə fərqli bir yanaşmasının şahidi olmuşuq. Həmin şəxslərin bütün Avropa dövlətlərinə girişinə qadağa qoyublar, onlarla bağlı çox ciddi qərarlar qəbul ediblər. Amma biz 30 ildə Azərbaycanda Qarabağ separatçılarına Avropa və Qərb dövlətlərində maliyyə marafonlarının keçirilməsinin, həmin maliyyədən də Azərbaycana qarşı separatçı hərəkətlərdə istifadə edilməsinin şahidi olmuşuq. Bu baxımdan Avropa Parlamentinin bu yanaşmasını qərəzli hesab edirəm. Eyni zamanda, Dağlıq Qarabağ ifadəsini işlətmələrini də qətiyyətlə rədd etməliyik. Çünki artıq Azərbaycanda inzibati bölgü vahidi kimi Dağlıq Qarabağ bölgəsi yoxdur. Ona görə də, Azərbaycan qanunlarına hörmətlə yanaşılmalıdır”.