Ermənistanda buna cəhd eləsələr, ağılları başlarına gələnə qədər əziləcəklər
Erməni mətbuatı Azərbaycana qarşı məkrli siyasətindən əl çəkmədiyini bir daha bəyan edir. Erməni rəsmiləri heç vaxt Xankəndidə və digər işğaldan azad olunan, lakin hələ ki, nəzarətimizdə olmayan ərazilərdə Azərbaycan Bayrağının dalğalanmasına imkan verməyəcəklərini sayıqlayıblar. Dağlıq Qarabağdakı xuntanın qalıqlarından olan Vitali Balasanyan mətbuata açıqlamasında öz şəxsi vəsaitləri hesabına yeni “özünümüdafiə dəstələri, qüvvələri” yaradaraq, yenidən işğala əl atmaq niyyətlərini bildirib.
Bu cür bəyanatların arxasında nə dayanır və məğlub ermənilər belə bir cürəti haradan alır?
Bir çox ekspertlər hazırkı şəraitdə Qarabağda qalan erməni silahlılarının tərk-silah edilməsində “cəsarətsiz” olan Rusiya sülhməramlılarının mövqesizliyini, Laçın dəhlizinin ermənilər üçün açıq saxlanmasını düşmənə ümid verən əsas məqam kimi qeyd edirlər.
Bu barədə Hafta.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirir ki, Cənubi Qafqazda olan ermənilərdə bir lotuluq ənənəsi var. Onun sözlərinə görə, bu gün məğlub olan Ermənistanın ağıllı adamları oturub vəziyyətdən çıxış yolları axtardığı halda, belə təxribatçı çıxışlar da baş verir.
“Ermənistandakı bu cür lotular havanı titrədib boş-boş bəyanatlar verməklə məşğuldurlar. Aydın məsələdir ki, bu oyundur”.
Z.Əlizadə bildirir ki, belə bəyanatlar verən Ermənistan rəsmilərinin yenidən silahlanaraq, Azərbaycan torpaqlarında at oynatması üçün heç bir imkanları yoxdur. Onun sözlərinə görə, bu cür çıxışlar yalnız regionda vəziyyəti gərgin saxlamağa yönəlir.
“Əgər buna imkanları yoxdursa, nə deyirlərsə- desinlər. Əgər Ermənistanda buna cəhd eləsələr, ağılları başlarına gələnə qədər əziləcəklər”.
O ki qaldı erməni separatçılarının Ermənistan üçün açıq saxlanan Laçın dəhlizindən istədikləri vaxt Azərbaycan ərazilərinə gəlmələrinə, politoloq bunun silahlı dəstələr üçün açıq olmadığını söyləyib. Onun sözlərinə görə, ola bilər ki, hələlik mülki əhali o dəhlizdən istifadə edir. Azərbaycan sərhədləri silahlı erməni dəstələri üçün açıq saxlana bilməz.
“Çalışmaq lazımdır ki, vəziyyət nizamlansın, silahlı dəstələr Azərbaycandan çıxarılsın və bir daha Qarabağa gəlməsin. Hər şey nizama salınandan sonra boş söhbərlərin də qarşısı alınacaq. İndi məğlub olduqlarına görə, acıqlarından belə deyirlər”.