Sərhəddə gərginliyin sifarişçisi Avropadır - İDDİA

16:55 29.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2020-ci il 10 noyabr bəyanatının 1-ci il dönümündə üçtərəfli görüşün əhəmiyyəti və zəfər çalmış Azərbaycan üçün gözləntilərin nə olacağı ətrafında müzakirələr səngimir. Belə bir ərəfədə Ermənistan silahlı qüvvələrinin sərhəd boyu toparlanmasının müşahidə edilməsi təsadüfi sayılmır.

Politoloq Yeganə Hacıyeva hafta.az-a bildirib ki, müşahidələrə görə, Paşinyan danışıqlar prosesinin Rusiyanın inhisarından çıxmasında maraqlıdır.

O, danışıqları Rusiya formatından çıxarmağa və ATƏT Minsk Qrupuna daşımağa, Rusiya və Türkiyənin rolunu azaltmağa və vaxt qazanmağa çalışır.

“Məlumdur ki, daha öncə də Moskvada üçtərəfli görüş nəzərdə tutulurdu. Noyabrın ilk ongünlüyündə nəzərdə tutulan bu görüş heç bir tutarlı səbəb göstərilmədən ertələnmişdi. Bundan sonra isə  Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar apardı  və Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitində görüşməyə razılaşdırdı. Lakin Brüssel görüşü Soçi danışıqlarını qismən ikinci plana keçirdi. Çünki “Avropa Birliyi vəziyyəti ələ alır və ATƏT-in Minsk Qrupu ölkələri daha aktivləşir” görüntüsü Moskvanı qane etmirdi”. 

Politoloq cərəyan edən son proseslərin fonunda erməni təxribatlarının Soçi görüşündə necə istifadə olunması məqamına toxunub. Onun sözlərinə görə, üçtərəfli bəyanatdan 1 il keçməsinə baxmayaraq demarkasiya, delimitasiya məsələləri tam yekunaşmayıb.

“Üçtərəfli razılaşmanın 4-cü ana bəndi Ermənistan silahlı qruplarının Qarabağdan çıxarılması ilə bağlı vədi həyata keçirməyib. İstər Ermənistan, istər Rusiya tərəfi bunu belə qələmə verməyə çalışır ki,  guya “həmin silahlılar Qarabağdakı polislərdir və yerli asayişi qoruyurlar”. Amma biz onların zaman-zaman bölgələrimizi atəşə tutmasını, Azərbaycan hərbçilərinə qarşı təxribat hazırlamalarının şahidi oluruq.

Digər tərəfdən, Ermənistan kommunikasiyaların açılması ilə bağlı müəyyən sabotajlara əl atır. O qənaətdəyəm ki, bu sabotajların heç bir nəticəsi olmayacaq. Çünki istər Rusiya, istər Azərbaycan tərəfi bu mövzunun üstündə çox möhkəm dayanıb. Rusiya Zəngəzur dəhlizi və Mehri dəhlizi ilə bağlı əraziləri Ermənistana hələ 2021-ci il 20 iyun seçkilərinə qədər olan dövrdə ayırtdırıb. Ermənistan tərəfi sobataj edir ki, o sənəddə  “Zəngəzur sözü yox idi”. Hətta bu olmasa da, belə orda digər mühüm məqamlar var. Sənəddə  Azərbaycan tərəfindən gələn istənilən nəqliyyatın maneəsiz hərəkətinin təmin olunması üzrə öhdəlik var.

Dünyada yollara və dəhlizlərə tətbiq olunan praktika var.  Bir yoldan istifadə edərkən mütləq orda yoxlanış mətəqəsindən keçməlisən, səhrəd və yaxud gömrük xidmətində yoxlanma olmalıdır.  Bu yola tətbiq olunan praktikadır. Amma o yerlərdə ki “nəqliyyatın maneəsiz hərəkətini təmin etmək lazımdır” ifadəsi var, artıq dəhlizə aid olan məsələdir. Çünki orda yoxlama yoxdur, sərhəd  xidmətindən keçmirsən.  Əgər Ermənistan Zəngəzur dəhlizinə nəzarət etməyə israr etsə və  “maneəsiz keçid” Zəngəzur yolunda olmayacaqsa, eyni qayda “Laçın dəhlizində də tətbiq olunmalıdır. Lakin əminəm ki, Zəngəzur dəhlizi ilə bağlı maneəsiz hərəkət mütləq təmin olunacaq”.

Y.Hacıyeva bildirib ki, Azərbaycan ərazilərindən erməni yaraqlıları çıxarılmadıqca, biz üçtərəfli razılaşmanın  uğurla həyata keçməsini nə iddia edə bilərik, nə də qəbul edə bilmərik. 

“Yaraqlılar mütləq Azərbaycan ərazilərindən çıxarılmalıdırlar. Rusiya  tərəfi bunu yerlərdə asayişi təmin edən  polis kimi dəyərləndirir. Belə deyirlər ki, yaraqlılar çıxsalar orda özbaşınalıq, əhalinin təhlükəsizliyi üçün risklər olacaq. Əlbəttə bu izah bizi qane etmir və bütün ərazilərimizdə Azərbaycanın   qanunların mövcudluğu təmin olunmalıdır və olacaq.

Bu gün cəmisi 47 minlik ordusunun 11 mini barədə fərarilik üzrə cinayət işi açılan ordu gəlib Azərbaycan ərazilərində nümayişkaranə toplaşır və orda guya nələrsə keçirir. Əlbəttə ki, bu sabotajdır”. 

Politoloq Ermənistanın Avropadakı havadarlarının Avropa Parlamentinin erməni lobbisinin total nəzarəti altında noyabrın 19-da növbəti dəfə Azərbaycan əleyhinə bəyanata imza atdığını xatırladıb.

“Avropa Parlamentinin 33 nəfər üzvünün imzaladığı bəyanat son bir il ərzində sərgilənən siyasətin davamıdır. Bəyanatda qeyd edilib ki, “Azərbaycan silahlı qüvvələri noyabrın 16-da Ermənistanın şərq sərhəddi boyunca hücuma keçib, “Ermənistanın ərazi bütövlüyünə qəsd edib”.Bəyanat müəllifləri “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avropa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırıblar.

AP-nin Cənubi Qafqaz əlaqələri üzrə nümayəndəliyinin noyabrın 17-də yaydığı bəyanatda da birmənalı şəkildə Ermənistanın təcavüzkar siyasətinə dəstək verilir. Azərbaycanın sərhəd bölgələrində gömrük xidmətini tətbiq etməsindən narahatlıq ifadə olunur. Bu fəaliyyətlər “Azərbaycan ərazilərindən keçən ermənilərin yollarının çətinləşdirilməsi” kimi qələmə verilir. Nəticədə ona gəlirik ki, sərhəddə baş verən gərginliyin sifarişçisi Avropadır”.