Sərhədlərin bağlı qalması milli təhlükəsizlik məsələsidir - Aydın Hüseynov

15:36 11.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regionun geoiqtisadi mənzərəsi ölkə daxilində cərəyan edən və sosial-iqtisadi inkişaf tempinin yüksəldilməsinə imkan yaradan bir çox amillərlə xarakterizə olunur. Müstəqil dövlətin azad torpaqlarında vətəndaşın daha yaxşı yaşamasının təmin edilməsi real iqtisadi resurslar, eləcə də dövlət büdcəsinin vəziyyəti ilə adekvat hesab olunur. Bu da əhalinin sosial rifahının artırılması üçün mühüm addımların atılması zərurətini ortaya qoyur. Eyni zamanda, əhalinin sosial-iqtisadi durumu ilə bağlı narahatlıq doğuran məsələlərə aydınlıq gətirilməsi üçün geniş imkanlar açır. Bu istiqamətdə  “Həftə içi” qəzetinə müsahibə verən Milli Məclisin deputatı Aydın Hüseynov vacib məqamlara diqqət çəkib.

- Büdcədə bir milyard manata yaxin əlavə vəsait formalaşıb...

- 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri 8,4 milyard manat olub və nəticədə büdcədə 821,7 milyon manat məbləğində profisit yaranıb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6 milyard manat təşkil edib. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 4,2 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edib və əsas gəlirlər qeyri-neft yığımları olub. Vergi orqanları 530 milyon manat qeyri-neft vergi yığımları əldə edib. Bu onu, göstərir ki, ölkəmizdə iqtisadi inkişaf dayanıqlıdır və qeyri-neft sektoru üzrə yığımlar da artır. Bu isə ona imkan verir ki, büdcədə əlavə profisitin yeni maliyyə xərcləri kimi müxtəlif sahələrə yönəldilməsinə təminat verir.

- Büdcəyə yenidən baxılması nə vaxta təsadüf edəcək və dəyişiklik baş verərsə, əsas prioritet istiqamət nə olacaq?

- Mövcud ümidverici büdcə göstəriciləri 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı məsələni meydana çıxarır. Ötən ilin təcrübəsinə əsaslansaq, son 3-4 ildə büdcədə profisit yarananda dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Ona görə də dövlət büdcəsində formalaşan profisit və eləcə də növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla, bununla bağlı qərar verilməsi mümkündür. Bu məsələ hökumətin iqtisadi qurumlarının qarşıdakı aylar üzrə iqtisadi proqnozları və fiskal vəziyyəti dəyərləndirməsindən sonra real ola bilər.

Eləcə də büdcəyə dəyişikliklər olacağı zaman 2024-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və yenidənqurulma işlərinin miqyasının daha da artırılması ilə bağlı xərclərin artımı ilk xərc maddəsi olacaq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidənqurulması, infrastrukturların yaradılması geniş vüsət alır və bundansonrakı mərhələdə bu işlərin birbaşa Azərbaycanın öz xərcləri hesabına daha da genişlənməsi əsas çağırışıdır. Ona görə də büdcədə azad edilmiş ərazilərlə bağlı nəzərdə tutulan maliyyə təminatının böyük bir hissəsi, həm də qeyd edilən ərazilərin yenidən qurulmasına yönəldiləcək. Digər xərclər əsas strateji vəzifəmiz olan işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik istiqamətlərinin maliyyələşməsinə yönələcək.

Büdcədən azad edilmiş ərazilərin bərpasına nə qədər çox vəsait ayrılarsa, Böyük Qayıdış daha da tezləşmiş olacaq. Eyni zamanda, Qarabağ  və Şərqi  Zəngəzur  iqtisadi  rayonlarında  infrastrukturun  yenidən qurulması, abadlıq-quruculuq işlərinin  həyata keçirilməsi  sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində, iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaqdır.

- Maaş və pensiyaların artırılması ehtimalı varmı?

- Maaş artımı və pensiyaların artırılması üçün büdcədən əlavə xərclərin nəzərə alınması mümkünlüyünə gəlincə, əsas starteji xərc maddələri sırasında sosial təminat xərcləri yer ala bilər. Büdcədə hər zaman sosial sahə prioriet olub və bu baxımdan, həmin sahə üzrə zəruri xərclərin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasının mümkünlüyü istisna deyil.

 - Mövsümi olsa da, bir sıra məhsullarda - xüsusilə də pomidorun, ətin qiymətində ucuzlaşma deyil, əksinə, bahalaşma müşahidə edilir. Bu, nə ilə əlaqədardır?

- Ölkənin daxili bazarında qiymətlərin dəyişməsinə gəlincə, fikrimcə, hazırda Azərbaycanda istehlak mallarında enmə nəzərə çarpır, birinci rübdə inflyasiya 1 faiz artıb. Bu, istehlak bazarında əlverişli vəziyyətə dəlalət edir və mövsümlə bağlı əsas qida mallarının qiymətlərində yenidən ucuzlaşmanın baş verəcəyi istisna deyil. Əsas tələbat mallarından olan ətin qiyməti isə mövsümlə bağlı deyil, burada xarici faktorlar da rol oyanyır. Ölkəmizdə ət istehsalı üçün tələb olunan yem və qatqılar, komponentlər xaricdən idxal olunur ki, həmin malların xarici bazarlarda qiymıəti bahadır.

- Qarşıdan turizm mövsümü gəlir. Sərhədlərimizin açılma ehtimalı varmı?

 - Bu məsələ əsas etibarilə Azərbaycanın yerləşdiyi yaxın region ölkələrindəki geosiyasi vəziyyətlə bağlıdır. Azərbaycanın quru sərhədlərinin bağlı qalması birbaşa milli təhlükəsizlik məsələsidir və bölgədə sabitlik möhkəmləndikcə sərhədlərin açılması reallaşacaq.

 

Oxunma sayı 122