Sərnişindaşıma şirkətlərinin iddiaları əsassızdır - Açıqlama

15:58 11.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə Bakıda fəaliyyət göstərən 40-a yaxın sərnişindaşıma şirkəti avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət ünvanlayıblar. Onlar bu addımı ölkədə hər şeyin bahalaşdığı kimi ehtiyat hissələrinin də qiymətinin 5 dəfə qalxması, həmçinin yanacaq və sığorta xərclərinin artması ilə əlaqələndiriblər.

Nəzərinizə çatdıraq ki, ölkədə sonuncu dəfə dizel yanacağının qiyməti qalxdıqda dizel yanacağıyla çalışan avtomobil nəqliyyatı ilə dövlət tərəfindən tənzimlənən tariflərə uyğun müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara müvafiq subsidiyalar ödənilib.   

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov sərnişindaşıma şirkətlərinin iddialarının əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, ölkəmizdə ictimai nəqliyyatın keyfiyyəti ilə qiyməti tərs mütənasibdir. 2018-ci ildə ictimai nəqliyyatın qiyməti 50% qaldırılsa da, keyfiyyət ildən-ilə aşağı düşür:

“Nəqliyyat eksperti olaraq ölkəmizdə sərnişindaşıma ilə məşğul olan şirkətlərin yüksək gəlir əldə etməsini və keyfiyyətli xidmət göstərməsini istəyirəm. Ancaq bunu insanların xərclərini artıraraq həyata keçirmək olduqca yanlış addımdır. Hazırda Azərbaycanda ictimai nəqliyyatın qiyməti heç də ucuz deyil. Bu bir sıra ölkələrlə, o cümlədən Avropa ilə müqayisədə demək olar ki eyni səviyyədədir. Üstəlik həmin ölkələrdə həm əhalinin orta aylıq əmək haqqı, həm də ictimai nəqliyyatın keyfiyyəti bizdəkindən qat-qat çoxdur. 2018-ci ildə ictimai nəqliyyatda gediş haqqı qaldırıldıqda şirkətlər keyfiyyətin də artacağı vədini vermişdilər. Lakin, vəziyyət göz qabağındadır”.

Ekspert deyir ki, ictimai nəqliyyatda gedişhaqqı qaldırılsa, onda hər kəs şəxsi avtomobili ilə hərəkət etməyə üstünlük verəcək. Üstəlik bu qərar həm də taksi xidmətlərinin tariflərinin artmasına səbəb olacaq:

“Hazırda paytaxtda sərnişindaşımanın keyfiyyəti çox aşağıdır. İnsanlar əlacsız qalıb bu xidmətdən istifadə edirlər. İctimai nəqliyyatda tariflər artırılsa, hər kəs öz qarajındakı sınıq-sökük avtomobilini çıxarıb istifadə edəcək. Sərnişindaşıma ilə məşğul olan şirkətlər ehtiyat hissələrnin 5 dəfə bahalaşmasını iddia edirlər. Sizi əmin edirəm ki, bu sahədə deyilən qədər qiymət artımı müşahidə olunmur. Əgər varsa sübut etsinlər, biz də görək”.

Qeyd edək ki, sözügedən müraciətdən sonra qiymətlərin şəhəriçi avtobuslarda 30 qəpikdən 40  və 50 qəpiyə, şəhərətrafı qəsəbələrə isə 40, 50 qəpikdən 60-70 qəpiyə qədər qaldırılacağı ehtimal olunur.